Məhkəmə qərarları › İş №8(103)-165/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-165/2022

02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-165/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli 8(003)-33/2022 nömrəli qərardadından "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraata icraata xitam verilməsi barədə 20 aprel 2020-ci il tarixli qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli 8(003)-33/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraata xitam verilməsi barədə 16.12.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə "xxxx" ASC-nin şikayəti rədd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli 8(003)-33/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, belə ki, Məhkəmə hazırkı qərardadında göstərir ki, borclunun “elektron Məhkəmə” və “elektron icra sistemin” - də vərəsəlik barədə məlumatları aşkar edilməmiş və bu səbəbdən icra məmurunun xitam barədə qərarı əsaslıdır. İcra məmuru isə borclunun vəfat edən zaman nikahda olub - olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakının olub - olmaması barədə məlumatın əldə edilməsi üçün sorğular etməmişdir. Həmçinin, elektron icra sistemində göstərilən “məlumatın yoxdur” ifadəsi, həmin halın olub - olmamasını sübuta yetirmir. Sadəcə, sistemdə qeyd edilən hal barədə məlumat olmaya bilər. Bundan başqa, Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan başqa məhkəmə elektron icra sistemindən çıxarışa əsaslanaraq, icra məmurunun borclunun əmlak vəziyyətinin araşdırılması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, borclunun rəsmi reyestr qeydiyyatı tələb edilməyən əmlakları da, ola bilər. İş materiallarından da, göründüyü kimi, icra məmuru borclunun sonuncu qeydiyyatda olduğu ünvanda olmamış, həmin ünvana baxış keçirməmiş, borclunun ailə üzvləri ilə söhbət aparmamışdır. Göründüyü kimi icra məmuru icra sənədinin icraatına xitam verərkən iş üzrə tam araşdırma aparmamış, müvafiq icra hərəkətlərini etmədən və müvafiq sorğular vermədən, əsassız olaraq xitam barədə qərar qəbul etmişdir. Məhkəmə isə şikayətə baxarkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almadan tələbkarın şikayətini təmin etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.04.2022-ci il tarixli 8(003)-33/2022-il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraata icraata xitam verilməsi barədə 20 aprel 2020-ci il tarixli qərarından şikayətə yenidən baxılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir . Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə Kollegiyası onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9- cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Qeyd olunan mövqedən bu nəticəyə gəlmək olar ki, ipotekaya qoyan şəxsin ölməsi və mirasın qəbul edilməməsi halında belə kreditorun tələbləri üstün mövqe kimi göstərilmişdir. “İcra haqqında” Qanunun 17-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə icraat məcburi olaraq dayandırılmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən borclu öldüyü halda – müfafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icraat dayandırılır. İşdən göründüyü kimi icra sənədinə əsasən cavabdehlərdən konkret məbləğdə pul tutulmalıdır. Qeyd edilən icra işi ilə əlaqdəar icra məmuru borclu tərəf vəfat etdiyinə görə icra sənədinə xitam verərkən iş üzrə tam araşdırma aparmamış, müvafiq icra hərəkətlərini etmədən və vərəsələr olmasa belə hüquq varisləri müəyyən edilməsi məsələsinə qiymət vermədən əsassız olaraq xitam barədə qərar qəbul etmiş və qeyd edilən hallara birinci instansiya məhkəməsi diqqət ayırmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli 8(003)-33/2022 nömrəli qərardadı ləğv edilməli, şikayətə yenidən baxıması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 8(003)-33/2022 nömrəli qərardadı ləğv edilsin. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraata icraata xitam verilməsi barədə 20 aprel 2020-ci il tarixli qərarından şikayətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar