Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-165/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaradağ Rayon Məhkəməsinin 8(002)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1178/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 23466 (iyirmi üç min dörd yüz altmış altı) manat məbləğində pul vəsaitinin və 119 (yüz on doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir.
2. İcra sənədi üzrə X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1178/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi üzrə ödənilməli pul məbləğinin hər ay 500 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda o, heç bir yerdə işləmir və heç bir maddi qazancı yoxdur. O, davamlı olaraq özü üçün iş axtarsa da, nəticə əldə edə bilmir. Atası və anasının himayəsində yaşayır, öz valideynləri də əlindən gələn qədər onun borcunun ödənilməsinə maddi kömək edirlər. O, cavabdehə olan borcunu qaytarmaq istəyir, lakin hal-hazırda işsiz olduğu üçün bunu tam şəkildə həyata keçirə bilmir. Lakin valideynlərinin dəstəyi ilə ayda 500 manat olmaqla hissə-hissə borcunu qaytara bilər.
4. Qaradağ Rayon Məhkəməsinin 8(002)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
5. Qərardaddan narazı qalan X1 şikayət verərək, qərardadın lığv edilməsi və qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizədə qeyd etdiyi kimi heç bir yerdə işləmir, maddi qazancı yoxdur, davamlı olaraq iş axtarsa da, nəticə əldə edə bilmir. Valideynlərinin himayəsində yaşayır, gündəlik fərdi yardımçı işlərlə, valideynlərinin pensiya və təqaüdləri hesabına verdikləri maddi dəstəklə bacardığı qədər borcunun ödənilməsinə çalışır. Tələbkara olan borcunu qaytarmaq istəsə də, hal-hazırda işsiz olduğu üçün bunu tam şəkildə həyata keçirə bilmir. Lakin ayda maksimum 500 manat olmaqla hissə hissə borcunu qaytara bilər. İş üzrə AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə qərardadı qəbul etmiş məhkəmə, icra məmuru və tələbkar nəinki qətnamənin icra edilməsinə dəstək olurlar, əksinə onu inzibati qaydada cərimə etməklə, qətnamənin icrasında çətinlik yaradırlar. Məhkəmə hazırda mübahisələndirilən qərardadda ödənilməli pul vəsaitini hazırda onun ödəyə bilməməsinin səbəbləri kimi göstərdiyi hallara (iş yerinin olmaması, işaxtaran kimi qeydiyyata alınması, ailə vəziyyəti və s.) və əmlak vəziyyətinə dair hər hansı sübut təqdim etməməsini qeyd etsə də, bunun əksini təsdiq edən hər hansı sübuta istinad edə bilməmişdir. Bundan əlavə, tələbkarın onun guya qətnamənin icrasını illərlə süründürmək istəməsi, müxtəlif bəhanələrlə qətnamənin icrasını yubatması, kifayət qədər imkanının olması, turizm sektorunda müxtəlif şirkətlərlə əməkdaşlıq etməsi, tələbkar şirkətin böyük zərərə məruz qalması və sair kimi əsassız fikirlərini qətiyyətlə rədd edir. Beləliklə qeyd olunanları ümumiləşdirərək bildirir ki, məhkəmə icra sənədi üzrə qalıq borcun hissə-hissə ödənilməsi üçün ona şərait yaratsa, icra məmuru və tələbkar onun inzibati qaydada cərimə edilməsi və əlavə olaraq maddi cəhətdən yüklənməsi üçün tədbir görməsələr, mümkün olan qısa zamanda qalıq borcun hissə-hissə ödənilməsinə nail ola bilər.
7. Borclu tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 29 aprel 2024cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.
9. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1178/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 23466 (iyirmi üç min dörd yüz altmış altı) manat məbləğində pul vəsaitinin və 119 (yüz on doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə hal-hazırda icra edilməsi üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun icraatındadır.
11. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, borclu qüvvədə olan məhkəmə qərarları əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
12. Borclu ərizəsində eləcə də şikayətin dəlillərində hazırda hər hansı bir yerdə işləmədiyini, maddi qazancının olmamasını bildirir.
13. Lakin borclu istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən borclunun hər ay 500 manat ödəniş edəcəyi təqdirdə isə icra sənədinin icrası üçün dörd ilə yaxın müddət tələb olunur ki, bu hal qanunvericiliyin tələblərinə və kreditorun mənafeyinə aşkar surətdə ziddir.
14. Bundan başqa borclunun qüvvədə olan məhkəmə qərarları əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, onun qətnamənin icrasından yayındığını təsdiq edir.
15. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır.
17. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)
18. Qeyd olunanlara əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd hesab edir ki, ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur.
19. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, borclu icra vərəqəsinin icrasına çətinlik yaradan, onun üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən ərizə təmin edilə bilməz. Ona görə də hazırkı iş üzrə icra vərəqəsinin hissə-hissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməlidir.
20. Bununla yanaşı qeyd edilməlidir ki, borclunun ərizəsində qeyd edilmiş təklifdən işin hallarına yanaşdıqda müəyyən edilir ki, ərizə borclunun təklif etdiyi qaydada təmin olunarsa tələbkara münasibətdə qətnamə təxminən 4 ilə yaxın müddət ərzində icra olunacaqdır. Qətnamənin bu qaydada icra edilməsi tələbkarın mənafeyinin pozulması ilə nəticələnəcək, bu isə yolverilməzdir.
21. Beləliklə, məhkəmə kollegiyası rayon məhəməsinin mövqeyi ilə razılaşaraq ərizəçinin qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız sayır və hesab edir ki, borclunun ərizəsində göstərilən hallar hazırkı iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası üçün mane olan hal kimi qiymətləndirilə bilməz.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
23. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
24. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 8(002)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.