Məhkəmə qərarları › İş №8(103)-166/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-166/2021

26.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-166/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov İkram Sabir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-75/2021 nömrəli saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qərardadından ərizəçi (borclu) Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-75/2021 nömrəli saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qərardadı ilə Borclu qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2313/2018 saylı, 03.07.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Tələbkar ilə Borclu arasında 03 oktyabr 2015-ci il tarixdə bağlanmış və 2 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2437 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olan 11.08.2016-cı il təvəllüdlü X2 anası Tələbkar yanında qalması, Borclu 03.07.2018-ci il tarixdən başlayaraq, 11.08.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmiş, qətnamə aydın və dəqiq olduğundan, hər hansı bir ziddiyyət olmadığından ərizə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda borclu tərəfindən ərizədə göstərilən hallar (qətnamənin hansı qaydada icra olunması) "İcra haqqında” Qanunun müddəalarına görə icra məmurunun səlahiyyətinə aiddir. Borclu şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli,8(006)- 75/2021 saylı qərardadı ləğv edilməsi və onun ərizəsinin təmin edilməsi, əks təqdirdə şikayətə baxılması üçün işi apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdirdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 127; MPM-in 2, 9.1, 9.3, 76, 88, 217.1,217.3, 222, 223, 385; “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 1-1, 43-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. O işləyir, aylıq əmək haqqı 350 manat təşkil edir. Bu barədə icra məmuruna məlumat vermişdir. Bundan əlavə icra məmuruna alimentin onun əmək haqqına yönəldilməsini xahiş etsə də,o buna məhəl qoymamışdır. Bundan sonra Nəsimi Ryon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Qaralov ona dəfələrlə zəng edərək qətnaməni icra edilməsini bildirdi. İcra məmuru ona bildirdi ki, qətnamənin o icra etməlidir. Yəni ki, özü özündən pul tutmalıdır. Yəni ki, icra haqqında qanunun 43,46.50,52,53.27,65-ci maddəsində göstərilmiş tələbləri etməlidir. Burada qətnaməni izah edilməsinə ehtiyac yarandı. Artıq iki ildən çoxdur ki icra məmuru və onun arasında elmi mübahisə gedir. O deyir ki,” ondan pul tutulmalıdır”, icra məmuru isə bildirir ki, “o, pul verməlidir”(ödəməlidir). Nəticədə uşaq əziyyət çəkir və indiyə kimi ondan icra məmuru pulu tutub uşaqa vermir. Məhkəmə tərəfindən necə başa düşülür?Məhkəmə buna aydınlıq gətirmədi. Sadəcə qətnamə məhkəməyə aydın olduğunu bildirdi. Məhkəmə qətnaməsi məhkəməyə aydın ola bilər. Sadəcə İcra məmuru bu qətnaməni belə başa düşür, ”get axtar tap,bax gör neyniyirsen,get pulu gətir,özün özündən pul tut və s”. İcra haqqında qanunun 43 maddəsində göstərilmiş icra tədbirlərini o həyata keçirməlidir? Qətnaməyə əsasən o, pul axtarmalıdır? Qətnaməyə əsasən baxım-görüm eləməlidir? Qətnaməyə əsasən o, pul ödəməlidir, yoxsa ondan pul tutulmalıdır? Hazır ki, İcra sənədinə əsasən, borcluya müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətlərin yerinə yetirilməsindən imtina etmək vəzifəsi tapşırılmamışdır. İcra sənədinə əsasən, məhkəmə icra məmurundan borcludan müəyyən məbləği tutmaq vəzifəsi tapşırılmışdır. Əgər o, pul verməlidirsə, onda burada məhkəmə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən qətnamə qəbul etməlidir (pulun qaytarılması barədə cavabdehin üzərinə ödəlik qoyulması). Belə olan halda iddianın tələbi və əsasıda başqa olmalıdır. Məsələn “ mən ad, soyad,ata adı tarixdə cavabdehlə nikaha daxil oldum,birgə nikahdan bir övladı oldu. Cavabdeh evində pul cap edən maşın düzəltmiş və hər ay həmin pullardan uşağa verirdi. Sonradan nikah pozulub və cavabdeh artıq pul vermir. O isə öz növbəsinə pulun həqiqətən də evdə-onda qalmasını bildirsə də,həmin pulu uşaqlara verməkdən imtina etdi. Hal hazırda pul cavabdehdədir. Odur ki, xahiş edir ki, məbləğdə pulu hər ay ona ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyasınız. Qeyd etmək istəyir ki, pulun tutulması MPM-nin 222-ci maddəsinə əsasən qəbul edilib. Pulun tutulması barədə icra vərəqəsinə əsasən icra şöbəsinə tapşırılıb. Hazırki icra sənədinə əsasən, borcluya müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətlərin yerinə yetirilməsindən imtina etmək vəzifəsi tapşırılmır. Hazırki icra sənədinə əsasən, məhkəmə icra məmurundan borcludan müəyyən məbləği tutmaq vəzifəsi tapşırılmışdır. Qanunun tətbiq edilməsində məqsəd, onda ifadə edilən dövlətçilik iradəsinin həyata keçirilməsidir. Normanın tətbiq edilmə prosesində, bu iradə dəqiq üzə çıxarılmalı, sonra isə müvafiq məhkəmə aktında həyata keçirilməlidir. Buna görə də hüquqi, maddi və ya prosessual normaların tətbiqi onun məzmununun qabaqcadan aydınlaşdırılmasını nəzərdə tutur. Bu tələbə istənilən normanın tətbiqində əməl edilməlidir. Əks halda ədalət mühakiməsinin həyata keçirilməsində səhvlərə yol verilməsi qaçılmazdır. Məhkəmə qətnamələrinin icra edilməsi xüsusən icra haqqında qanunla tənzimlənir. Belə ki, icra haqqında qanunun 43.1ci maddəsinə əsasən 10 gün müddətinə borclu tərəfindən könüllü şəkildə icra olunmadığı halda icra məmuru maddədə əks olunan tədbirləri: borclunun əmlakı üzərində həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və s. gəlirlərinə yönəldilməsi, tələbin borclunun 3-cü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi icra sənədində göstərilən müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericiliyi aktlarına uyğur, olaraq icra sənədinin məcburi icrasını təmin edən başqa tədbirlər görməlidir. Həmin icra tədbirləri MPM-nin 222-ci maddəsində nəzərdə tutulmuş pul vəsaitlərinin tutulması barədə olan qətnamələrə şamil olunur. Bütün mübahisələrə son qoymaqdan əksinə məhkəmə elmi mübahisə yaradır. Məhkəmə icraatının şifahilik prinsipi iş materiallarının araşdırılmasını və dərketmə mümkünlüyünü sadələşdirir və tezləşdirir, işin həqiqi hallarının müəyyən edilərək ədalətli və ağlabatan müddətdə həll edilməsində mühüm rol oynayır. Bilavasitəlik prinsipinə əsasən isə iş üzrə toplanmış sübutlar işə baxan hakim tərəfindən bilavasitə dinlənilməli və iş üzrə çıxarılan qərar məhkəmədə tədqiq olunmuş və yoxlanılmış sübutlarla əsaslandırılmalıdır. İnsanın və vətəndaşın hüquq və azadlıqlarının həyata keçirilməsi özünün obyektiv həddi qismində digər şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsinə yol verməməyə, onların konstitusiya baxımından zəmanət verilmiş maraqlarına zərər verməyə malikdirsə, qanunverici, məhkəmə müdafiəsi kimi məhkəmə qərarlarının icrasının lazımi qaydada təmin edilməsi və kreditorun (tələbkarın) və borclunun (cavabdehin) hüquqlarının bərabər səviyyəli məhkəmə müdafiəsini təmin edən şərtlərin yaradılması üçün zəruri tədbirləri görməklə, ona əsaslanmalıdır ki, onların qanuni maraqlarında yaranan toqquşmalar istənilən halda özünün konstitusiya baxımından eyni əhəmiyyətə malik olan digər hüquqları pozmaqla bəzi hüquqların müdafiə olunması yolu ilə aşıla bilməz, yəni belə hallarda vətəndaş vəziyyətinin həmin iştirakçılarının hüquqları və qanuni maraqları konstitusiya dəyərlər balansı əsasında mütənasib (proporsional) müdafiə əldə etməlidir. Tələbkarların və borcluların maraqlarının toqquşmasının məhkəmə tərəfindən həllinin normativ hüquqi baxımdan tənzimlənməsinə uyğun olaraq, bu, xüsusilə, icra sənədlərinin qanunverici tərəfindən müəyyən edilən təqdim edilmə müddətlərinin tələbkarın konstitusiya hüquqlarının müdafiəsinin maraqlarına cavab verməsi deməkdir, lakin onlar borclunun mahiyyəti heç bir halda itirilməməli olan konstitusiya hüquqlarının əsas məzmununa toxuna bilməz. İcra sənədlərində olan tələblərin məcburi qaydada icrası xüsusi qanunvericiliklə, o cümlədən məhkəmə aktlarının, digər orqanların və vəzifəli şəxslərin aktlarının düzgün və vaxtlı-vaxtında icra olunmasını icraat vəzifələrinə aid edən “İcra haqqında” qanunla tənzimlənir. Mülki (inzibati) məhkəmə icraatının dispozitiv başlanğıcı məhkəmə tərəfindən müdafiə olunmalı olan subyektiv hüquqların hüquqi-maddi təbiəti ilə şərtləşdirilmişdir; dispozitivlik prosessual münasibətlərin əsas etibarı ilə məhkəmə vasitəsilə prosessual hüquqları və mübahisəli maddi hüququ idarə etmək imkanı olan bilavasitə mübahisə iştirakçılarının təşəbbüsü ilə yaranması, dəyişməsi və bitməsi deməkdir, mülki məhkəmə icraatının digər prinsipləri ilə, o cümlədən Azərbaycan Konstitusiyası tərəfindən hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi ilə, tərəflərin rəqabətliliyi və bərabər hüquqlu olması ilə təsbit edilmiş prinsiplərlə birlikdə mülki işlər üzrə ədalətin məqsədlərini, ilk növbədə insanın və vətəndaşın hüquq və azadlıqlarının konstitusiya məqsədini ifadə edir. Dispozitivlik prinsipi ümumi qayda üzrə həm də mülki məhkəmə icraatı çərçivəsində qəbul edilmiş məhkəmə aktlarının məcburi icrası ilə bağlı olan prosessual münasibətlərə şamil edilir. Bu o deməkdir ki, icraat tərəfləri olan tələbkar və borclu onlara “İcra haqqında” qanunun 29-cu maddəsinin verdiyi hüquqlardan, o cümlədən icra materialları ilə taniş olmaq, vəsatət qaldırmaq, etiraz etmək, barışıq sazişi bağlamaq hüququndan və sairdən istifadə edib- etməməyi sərbəst şəkildə müəyyən edirlər. Məhkəmə qərarı tərəflərə aydın olmalı, tərəflər həmin qərarda məhkəmənin qeyd etdiklərini başa düşmək və onlardan nəticə çıxarmaq, edəcəyi hərəkətlərin nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqi zamanı konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirməklə, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət etməmişdir. Mülki məhkəmə icraatının vəzifələrini anlamaq üçün onun məqsədinin araşdırılması zəruridir. Belə ki, mülki məhkəmə icraatının əsas məqsədi pozulmuş subyektiv hüquqları və qanunla qorunan mənafeyin bərpası üçün məhkəməyə edilən müraciətə vaxtında, keyfiyyətlə baxılması və həll edilməsidir. MPM-lə müəyyən edilən bütün prosessual normalar sistemi mülki işlər üzrə məhkəmə icraatının prinsiplərinin və vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Bu prinsiplərə ədalət mühakiməsini məhkəmənin həyata keçirməsi, qanun və məhkəmə qarşısında bərabərlik, hakimlərin müstəqilliyi və yalnız qanuna tabe olması, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi, aşkarlıq, məhkəmə icraatının azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılması və s. aiddir.. Mülki məhkəmə İcraatının vəzifələrinin yerinə yetirilməsi məhkəmənin hər bir mülki iş üzrə maddi və prosessual hüquq normalarına dönmədən əməl etməsindən çox asılıdır. Məhkəmə mülki prosesin bütün mərhələlərində qanunçuluğa əməl etməyə borcludur. Yalnız bu halda mülki məhkəmə icraatı qanunçuluğun möhkəmləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, vətəndaşların qanunlara dönmədən əməl etməsi və qanunlara hörmət ruhunda tərbiyə olunması ilə bağlı vəzifələrini yerinə yetirə bilər. Mülki İşlərə məhkəmədə baxılması aşkarlığı prinsipinin tələblərinə əməl edilməsinin də bu vəzifələrin yerinə yetirilməsində böyük əhəmiyyəti var. Nəsimi Rayon Məhkəməsi tərəfindən subyektiv hüququnun və qanuni mənafelərinin pozulmaması barədə irəli sürdüyü dəlillərə əhəmiyyət verməmiş və nəticədə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən maddələrinin tələbləri ilə uzlaşmayan qərardad qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-75/2021 nömrəli saylı işi üzrə 12.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 75/2021 nömrəli saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qərardadından borclu şikayət təmin edilməmiş və şikayət işlə birlikdə 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, 230.1, 372, 385.2, 387.1, 395, 397.2 və 398.0.1, 399-cu maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, ərizənin əsasını qətnamənin aydın olmaması və icra məmurunun hərəkətləri (hərəkətsizliyi) üzrə icranın mümkünsüzlüyü olmuş, şikayətin əsası isə baxış predmeti olmayan qətnamənin mübahisələndirilməsi üzərində qurulmuş, bununla da ərizəçinin hərəkətləri məhkəmə aktının icrasından yayınmağa (sui-istifadəyə) yönəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 75/2021 saylı işi üzrə 17 fevral 2021-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar