Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-167/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Borclu iştirakı ilə, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “qətnaməyə izah verilməsi barədə” ərizəyə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 2(006)-1496/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməyə görə xx.xx.2002-ci i təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Borclu qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Tələbkar verilməlidir. Qətnaməyə əsasən icra vərəqəsi verilib. Böyük uşaq xx.xx.2020-ci il tarixdə yetkinlik yaşına çatdığına görə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək kiçik uşağa görə tutulmalı olan alimentin miqdarına münasibətdə qətnaməyə izah verilməsini xahiş edib. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, həmin ərizə təmin edilməsin. Qərardad onunla əsaslandırılıb ki, qətnamə aydın və dəqiqdir, hər hansı ziddiyyət yoxdur, ona görə də izah verilməsi üçün əsas yoxdur. Borclu bu qərardaddan şikayət verib, Məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli və icra məmurunun “qətnaməyə izah verilməsi barədə” ərizəsi təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 14.1-ci maddəsində qeyd olunub: “İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın ... izah olunması barədə müvafiq məhkəməyə ...ərizə ilə müraciət etməlidir”. Hazırda kiçik uşaq üçün tutulmalı olan alimentin miqdarına münasibətdə qətnamənin göstərişi aydın deyil. Belə ki, məhkəmə 2 uşağa görə qazancın müəyyən hissəsi kimi aliment tutulması barədə qətnamə qəbul edərkən uşaqların fərqli vaxtlarda 18 yaşına çatacağını nəzərə almayıb və bu məsələni qətnamədə tənzimləməyib. Nə qədər ki, aydınlıq yoxdur, bu məsələ izah tələb edir. Belə hallarda icra sənədinin icrasına bütünlüklə xitam verilə bilməz, çünki bu zaman yetkinlik yaşına çatmayan uşağın hüququ pozulacaq: o, öz valideynindən aliment almaq hüququna malikdir. Həmçinin belə hallarda alimentin tutulması 1/3 hissə kimi davam etdirilə bilməz, çünki bu zaman aliment ödəyən valideynin üzərinə əsassız vəzifə qoyulmuş olacaq: o, yetkinlik yaşına çatmış övladını saxlamaq vəzifəsi daşıyacaq. Alimentin tutulmasının 1/3 hissə kimi davam etdirilməsi o deməkdir ki, valideyn yetkinlik yaşına çatnayan övladı ilə yanaşı, yetkinlik yaşına çatmış övladını da saxlamalıdır. Ona görə də qətnaməyə belə izah verilməlidir ki, qətnamədə göstərilən alimentin miqdarı (1/3 hissə) uşaqların sayına (2-yə) bölünməli və hər uşağın payı müəyyən olunmalı (1/6 hissə), yetkinlik yaşına çatmış uşağın payına (1/6 hissəyə) münasibətdə aliment öhdəliyinə xitam verilməli, digər uşağın payına (1/6 hissəyə) münasibətdə alimentin tutulması davam etdirilməlidir. Belə izahın verilməsinin səbəbi ondan ibarətdir ki, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarı yalnız qətnamə ilə dəyişdirilə - azaldıla və ya artırıla bilər. Qətnamədə alimentin miqdarı müəyyən olunub: 1/3 hissə. Əgər uşaqlardan biri yetkinlik yaşına çatdıqdan sonra yeni qətnamə olmadan alimentin tutulması digər uşaq üçün 1/4 hissə kimi davam etdirilərsə bu, alimentin miqdarının qətnamə olmadan dəyişdirilməsi kimi qiymətləndirilə bilər. Nə qədər ki, yeni qətnamə yoxdur, qanuni qüvvədə olan qətnamədə isə aliment 1/3 hissə kimi müəyyən olunub, bu o deməkdir ki, qətnamə ilə 2 uşağa birgə hüquq verilib. Birgə hüquqa görə uşaqlar valideynin qazancının yalnız 1/3 hissəsini aliment kimi ala bilərlər. Birgə hüquqlara mülki qanunvericilikdə münasibəti belədir: əgər ayrı qayda müəyyən edilməyibsə, birgəlik zamanı paylar bərabər sayılır. Məs., Mülki Məcəllənin 499.2-cu maddəsində qeyd olunub ki, əgər birgə kreditorlar arasında ayrı qayda müəyyənləşdirilməyibsə, onların öz qarşılıqlı münasibətlərində bərabər payları vardır. Bundan başqa, Mülki Məcəllənin 223.3-cü maddəsində qeyd olunub ki, umumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ona görə də eyni yanaşmadan istifadə etməklə demək olar ki, nə qədər ki, ayrı qayda müəyyən edilməyib, 1/3 hissə kimi ödənilən pulda 2 uşağın payı bərabərdir: hər birinin payı 1/6 hissə. Qətnaməyə izah verilərkən onun məzmunu dəyişdirilə bilməz, çünki buna Mülki- Prosessual Məcəllənin 230.1-ci maddəsi yol vermir. Əgər qətnaməyə “aliment 1/4 hissə kimi tutulmalıdır” məzmunlu izah verilsə, bu, qətnamənin məzmununun dəyişdirilməsi hesab olunacaq. Bundan fərqli olaraq, əgər qətnaməyə “aliment 1/6 hissə kimi tutulmalıdır” məzmunlu izah verilirsə, bu, qətnamənin məzmunun dəyişdirilməsi hesab olunmur, mövcud olan məzmunun aydınlaşdırılması sayılacaq. Uşağın anası iddia ilə məhkəməyə müraciət edə və kiçik uşağa münasibətdə alimentin miqdarının (1/6 hissənin) artırılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunsun və icra məmurunun “qətnaməyə izah verilməsi barədə” ərizəsi təmin olunsun. İzah verilsin ki, xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatdığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq Nəsimi Rayon Məhkəməsinin 2(006)-1496/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməyə əsasən digər uşağın – xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər ay Borclu qazancının və başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutulmalıdır. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-167/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-167/2021
23.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver