Məhkəmə qərarları › İş №8(103)-167/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-167/2024

22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-167/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 8(004)-195/2024 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 borc qismində verilmiş 140.000 (yüz qırx min) manat pulun və ödənilmiş 431 (dörd yüz otuz bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1497/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. X1 icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kirayədə yaşaması, rəsmi iş yerinin olmaması, maddi durumu nəzərə alınmaqla 140.000 manat pulun hissə-hissə, yəni hər ay 400 manatdan artıq olmayaraq ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-195/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. X1 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 8(004)- 195/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 24 aprel 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. Lakin cavabdehin ona borcu olmasına baxmayaraq onun əmlaklarının üzərinə həbs qoyulması barədə tərəfindən verilmiş ərizə birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Halbuki məhkəmə sübutlara hərtərəfli, tam, obyektiv baxaraq həqiqəti müəyyən etməlidir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, düzgün və ədalətli qərarın çıxarılmasında maraqlı olmamışdır. Borclunun himayəsində övladı olduğu üçün, yalnız onun saxlanılması üçün Məhkəmə tərəfindən 103 manat aliment hesablanmışdır. Heç bir yerdə rəsmi olaraq işləmədiyindən yaşayışı çox aşağı səviyyədədir. Qeyd etdiyi ünvanda kirayə yaşayır. Vəziyyətinin ağır olduğunu nəzərə alınmayaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsi ərizəsini təmin etməmiş, bu məsələilə bağlı ədalətli qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 8(004)-195/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ərizəçinin kirayədə yaşaması, rəsmi heç bir yerdə işlməməsi borcu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz hallar kimi qəbul edilə bilməz. Həmçinin iş materiallarından görünür ki, icra sənədinin 1 ilə yaxın müddətdir ki, icra mərhələsində olmasına baxmayaraq borclu tərəfindən hər hansı ödənişin aparılması barədə qeydlər mövcud deyildir, bu barədə məhkəməyə də sənəd, sübut və ya material təqdim edilməmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, əgər borclunun həqiqətən də aylıq 400 manat məbləğində ödəniş etmək niyyəti var idisə, bu barədə müvafiq aylar üzrə ödəniş həyata keçirilməli idi. Bu halda hazırki ərizənin inandırıcılığı yüksək qiymətləndirilə bilərdi. Kollegiya həmçinin hesab edir ki, qətnamə üzrə borcludan tutulmalı olan məbləğin miqdarı və borcun hissə-hissə ödənilməsi təmin ediləcəyi təqdirdə müddət baxımından icra işinin uzanması tələbkarın maraqları və mənafeyi ilə uzlaşmadığından, borcun hissə-hissə icra edilməsi barədə ərizə düzgün olaraq təmin edilməmişdir. Belə ki, icra sənədinin ümumi məbləği 140.000 manatdır. Əgər icra sənədinin icra üsulunu ərizədə qeyd olunduğu kimi müəyyən etsək, o zaman ümumi icra sənədinin icrası 350 ay, yəni 29 il ərzində həyata keçiriləcəkdir. Həmin ödəniş qrafikinin də sistemli, davalı şəkildə keçirilibkeçirilməyəcəyi qeyri-müəyyəndir. Qeyd olunan qanunvericlik normalarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən, ərizənin təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətdə qeyd olunmuş hallar qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Buna görə də, məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1497/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizə əsassız olduğundan düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 8(004)- 195/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar