Məhkəmə qərarları › İş №8(103)-17/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-17/2021

28.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-17/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X7 iştirakı ilə, X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-698/2020 saylı qərardadından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-698/2020 saylı qərardadı ilə iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(004)-92/2017 saylı qərardadı ilə borclu X11 məxsus “Mercedes Benz C230” markalı, **- HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair X6 ərizəsinin rədd edilməsi qərara alınmışdır. X10 xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə şikayət ünvanlayaraq, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-698/2020 saylı qərardadının ləğv edilərək avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-698/2020 saylı qərardadı ilə ərizə rədd olunmuşdur. Həmin qərardaddan X10 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi ** HL *** nömrəli avtomobili etibarnamə ilə 2011 -ci ildə X5 almışdır. X20 da bu avtomobili etibarnamə ilə avtomobilin sahibi X2 alıb. Avtomobillərin etibarnamə ilə alınıb- satılmasını hamısını bilirik. Uzun müddətdir ki, avtomobili idarə edir. Etibarnamə əsasında pul ödəyib aldığı bu avtomobilə sahiblik hüququ onu məxsusdur. Təəssüf ki, xeyli müddətdir ki, narahatlıq hissi keçirir. Məlum olub ki, sahiblik hüququ ilə ona məxsus avtomobilin üzərinə Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qoyulub. Avtomobilə 2011-ci ildə sahiblik hüququ əldə etmişdir. X14 isə 2015-ci ildən etibarən banklardan pul götürüb. Yəni avtomobili o, onun bank öhdəlikləri yaranana qədər almışdır. Məhkəmə ərizəni rədd edərkən alqı-satqının olmamasına və borcun ödənilməməsinə istinad etmişdir. Avtomobillərin böyük əksəriyyəti etibarnamə əsasında alınıb-satılır. Bir daha qeyd edir ki, bu avtomobili o, aldıqdan, yəni istifadəyə verildikdən sonra Arzuman Əliyevin borc öhdəliyi yaranmışdır. “Mersedes Benz C230” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda istifadəsindədir. Qeyd edir ki, borc da böyük məbləğ deyil. Arzuman hissə-hissə ödəyə də bilər. Çıxılmaz vəziyyətdə qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi şikayətin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.10. 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. X4 ərizəsində borclu X11 məxsus “Mercedes benz C230” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili satın aldığını qeyd etsə də, bu halı təsdiq edən rəsmi sənədləri, avtomobilə aid sənədləri və notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsini məhkəməyə təqdim etməmişdir. Həmçinin borcun ödənilməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 2735/2016 nömrəli icra sənədinin icra edilməsini təsdiq edən sənədlər və ya borclu X11 məxsus “Mercedes benz C230” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyinə görə, borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi üçün hazırda qanuni əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.10. 2020-ci il tarixli 8(009)-698/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar