Məhkəmə qərarları › İş №8(103)-17/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-17/2023

16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-17/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: borclunun axtarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 8(004)-798/2022 nömrəli qərardadından borclu Tələbkar tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 8(004)- 798/2022 nömrəli qərardadı ilə X2 nümayəndəsi X6 tərəfindən verilmiş şikayət təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)- 1677/2022 nömrəli icra sənədi üzrə borclunun axtarılması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir.

2. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki borclunun yeri məlum olmadıqda icra məmuru borclunun axtarılması haqqında qərar qəbul edir. Hazırki halda isə borclunun Almaniya Federativ Respublikasında olması icra məmuruna və tələbkara məlumdur. Bundan başqa, borclu (cavabdeh) mülki işə baxılarkən özü və nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Tərəflərin mülki iş üzrə məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, hazırki iş üzrə Tələbkar də borclu ilə birlikdə bir müddət Almaniya Federativ Respublikasında yaşamış, borclunun yaşadığı yer, həmçinin iş yeri (əmək müqaviləsinin müddəti) barədə məlumatı vardır. Əlavə olaraq, borclu icra icraatında nümayəndəsi vasitəsilə təmsil edilir. Tələbkarın hesab məlumatları borclunun nümayəndəsinə təqdim edilmiş, onun tərəfindən 300 manat ödəniş də edilmişdir. Borclunun yaşadığı ölkə icra məmuruna, həmçinin yaşayış yeri və iş yeri tələbkara məlumdur. Borclunun xarici ölkədə yaşaması isə onun yerinin məlum olmaması kimi qiymətləndirilə bilməz.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

3. Tələbkar nümayəndəsi və vəkili Nümayəndə2 həmin qərardaddan şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 8(004)-798/2022 nömrəli qərardadının ləğv edilməsini, X2 nümayəndəsi X3 şikayətinin təmin edilməməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi X2 yaşayış yeri ünvan 1 ünvanı göstərilmişdir. Lakin, iş materiallarından məlum olur ki, borclu X11 həmin ünvanda yaşamır. Bununla əlaqədar olaraq 13 oktyabr 2022-ci il tarixli akt tərtib olunmuş və aktda qeyd olunmuşdur ki, X2 qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamır. Azərbaycan Respublikasının «İcra Haqqında» Qanununun 27.1-ci maddəsinə əsasən, icra sənədləri üzrə icraat zaman borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılarıq təsdiq olunur. Həmin normanın məzmununa görə borclunun yeri məlum olmadıqda icra məmurunun borclunun axtarılması barədə qərar qəbul etmək səlahiyyəti vardır. İş materiallarından məlum olur ki, X2 16 fevral 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixə kimi aylıq əmək haqqısı 5.500 manat təşkil etmişdir. Bu müddət üzrə onun 4.312 manat aliment borcu yaranmışdır. Son-haqq hesabla bağlı "xxxx" MMC rəsmi məlumat verməmişdir. Bununla əlaqədar olaraq "xxxx" MMC barəsində prototokol tərtib edilmiş və məhkəməyə göndərilməsi üçün icra məmuru tərəfindən qərar qəbul edilmişdir. X2 hazırda icra sənədi üzrə 4.312 manat aliment borcu yaranmışdır və həmin borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. X2 nümayəndəsi-atası X4 ilkin bildiriş təqdim olunsa da, lakin yaranan borcun tam şəkildə ödənilməsi təşkil olunmamışdır. Borclunun nümayəndəsi icra orqanlarına, borclu X1 bildirsə də, lakin Almaniyada hansı şəhərdə, dəqiq hansı ünvanda yaşaması barədə məlumat verməmiş, bununla bağlı heç bir müvafiq sənəd təqdim etməmiş və hansı əsaslarla orada olması barədə məlumat verməmişdir. Bununla da məlum olumuşdur ki, X2 dəqiq harada olması barədə müəyyən edilməmişdir. Ona görə də, icra məmuru haqlı olaraq və «İcra Haqqında» Qanununun 27.1-ci maddəsinin tələblərinə uyğun olaraq X2 barəsində axtarış barədə qərar qəbul etmişdir. Eyni zamanda da işdən məlum olur ki, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin bununla bağlı borclu tərəfindən heç bir tədbir görülməmişdir. Bundan başqa, qeyd edirik ki, borclu icra sənədinin icrasının təmin edilmədiyindən, icra məmuru yalnız borclu barəsində protokol tərtib etmək səlahiyyətindədir, borclunun nümayəndəsi barəsində tərtib edə bilməz. X2 dəqiq yeri məlum olmadığından, barəsində digər icra tədbirlərin görülməsi mümkün olmamış və icra məmuru qanun tələblərinə uyğun olaraq borclunun axtarılması barədə qərar qəbul etmişdir. Məhkəmə, X2 Almaniya Federativ Respublikasında olması məlum olduğunu əsas götürərək, onun barəsində axtarılma qərarını ləğv etmişdir. Halbuki, yuxarıda qeyd olunan bütün hallar icra məmurunun borclunun barəsində axtarılma qərarının ləğv edilməsinə lüzum olmadığını göstərir. Məhkəmə öz qərardadını «İcra Haqqında» Qanununun 32.1, 27.1-ci maddələri ilə əsaslandırsa da, hesab edir ki, hazırki mübahisəyə münasibətdə düzgün tətdbiq etməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 8(004)- 798/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 8(004)-798/2022 saylı qərardadından Tələbkar nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

7. İş üzrə X2 nümayəndəsi və atası X6 şikayətə etiraz ərizəsini ünvanlamışdır.

8. Ərizə onunla əsaslandırılmışdır ki, ona verilmiş etibarnaməyə əsasən qızının hüquqlarını istər xx.xx.2022-ci il tarixdə özünün də iştirak etdiyi Yasamal Rayon Məhkəməsində keçirilmiş mülki işdə, istərsə də bununla bağlı icra hərəkətlərində onu qorumağa çalışır. Odur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ədalətli və əsaslandırılmış qərardır. X5 həyat yoldaşı ilə işləmək üçün 2021-ci ilin avqust ayında Almaniya Federativ Respublikasına getmişdir. Orada 4 ay yaşadıqdan sonra Tələbkar qızını və böyük övladı X16 qoyub qaçmışdır. Tələbkar tələbi ilə məhkəmə icraçısının verdiyi “borclunun axtarılması haqqında” qərar hansı məntiqə əsaslanır? Yasamal Rayon Məhkəməsinin 2(004)-1677/2022 saylı, xx.xx.2022-ci il tarixli mülki işlə bağlı çıxardığı qətnamənin hər səhifəsində, qərardadlarında, hətta qəyyumluq komissiyasının xx.xx.2022-ci il tarixli rəyində belə Şölənin böyük övladları Əzizənin təhsili ilə bağlı hazırda Almaniyada olduğu vurğulanır. Buna baxmayaraq icraçının verdiyi həmin qərarda yazılmış “icradan yayınmaqla olduğu yer barədə məlumat verməyən X2” axtarılması zərurəti yaranmışdır” fikri nə dərəcə obyektiv və ədalətlidir? İcra hərəkətləri başlayan gündən, sözü gedən qərar qəbul edilənə qədər o icraçının yanına dəfələrlə getmiş, verdiyi bütün suallara cavab vermiş, istədiyi sənədləri ona təqdim etmişdir. Qızının aliment ödənişlərinə gəlincə icraçı Aslan Aslanbəylinin ona qarşı tərəfin bank rekvizitlərini təqdim etdiyi xx.xx.2022-ci il tarixdən bu gunə qədər 900 manat ödəniş edilmişdir. Buna baxmayaraq qarşı tərəfin yeri bəli ola-ola bugünə qədər 1 manat belə aliment ödənişi etməmişdir. “Borclunun axtarılması ilə bağlı” icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022ci il tarixli qərarı qızının keçmiş həyat yoldaşı Tələbkar təzyiqi ilə məmurun işə qeyriobyektivliyinin, nümayəndə kimi onun söylədiklərinə, təqdim etdiyi sənədlərə qərəzli şəkildə etinasız yanaşmasının nəticəsidir. Bütün bunlar da son nəticədə X8 hüquqlarını pozmaqla azyaşlı balalarından ayrı salınmış ananın hərəkətlərini məhdudlaşdırmaq, iztirablarını artırmaq məqsədi güdür.

Tətbiq edilən hüquq normaları:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun

9. 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.

10. 32.1-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz.

11. 33-cü maddəsinə əsasən nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur.

12. 34.1-ci maddəsinə əsasən icraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)- 1677/2022 nömrəli icra sənədinə əsasən 14 fevral 2013-cü il təvəllüdlü X14 və 26 sentyabr 2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16 fevral 2022-ci il tarixdən başlayaraq, borclu X7 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir.

14. xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1677/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1985-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X11 barəsində axtarış elan edilmişdir.

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, “Borclunun axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı qəbul edən icra məmuru “İcra haqqında” Qanunun 27-ci maddəsinə əsasən icradan yayınmaqla olduğu yer barədə məlumat verməyən X2 axtarılması haqqında qərarın qəbul edilməsinin zəruri olduğunu qeyd etmişdir. Yəni icra məmuru borclunun icradan yayındığına, onun olduğu yer barədə məlumat vermədiyinə istinad etmişdir.

18. Halbuki iş materiallarında mövcud olan sənədlərə əsasən borclunun müvafiq məbləğdə ödənişləri həyata keçirməsi, icra sənədini icra etməkdən yayınmaması halları müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan və apellyasiya baxışına qədər X8 nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ödəniş qəbzlərindən görünür ki, borclunun nümayəndəsi tərəfindən tələbkarın hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 900 manat məbləğində pul köçürülmüşdür. Beləliklə qeyd olunanlardan göründüyü kimi, borclu yaranmış aliment borcunu tam olaraq ödəməsə də, borcun ödənilməsindən də qərəzli şəkildə yayınmamışdır.

19. Bundan başqa iş materiallarına əsasən müəyyən edilir ki, borclu icra hərəkətlərində qanunvericiliyə uyğun şəkildə nümayəndəsi vasitəsilə təmsil olunmaqla iştirak edir, olduğu yer isə həm icra məmuruna, həm də tələbkara bəllidir. Belə ki, iş materiallarında olan etibarnamənin məzmunundan göründüyü kimi, X11 onu dövlət orqanları, idarə, təşkilat və digər orqanlarda təmsil etməyi və ona məxsus digər hüquqlarını həyata keçirməyi atası X4 etibar etmiş, Tələbkar hesablaşma hesabı üzrə məlumatlar borclunun nümayəndəsi X6 tərəfindən qəbul edilmişdir.

20. Məhkəmə kollegiyası tələbkarın şikayətdə göstərilən “borclunun olduğu yerin müəyyən olmadığına dair” dəlil ilə bağlı həmçinin qeyd edir ki, o, mülki iş üzrə iddiaçı qismində iştirak etdiyi məhkəmə iclaslarında X8 Almaniya Federativ Respublikasında yaşamasına dair məlumatlı olduğunu, ilin sentyabr ayına kimi həmin ölkədə iş müqaviləsinin olduğunu və yenidən həmin ölkəyə gedəcəyini bildirmişdir.

21. Məhkəmə kollegiyası X2 dəqiq yeri məlum olmadığından, barəsində digər icra tədbirlərin görülməsinin mümkün olmamasına dair dəlili ilə əlaqədar isə qeyd etməyi zəruri sayır ki, icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməyən borclu barəsində tətbiq edilə bilən məcburi icra tədbirləri “İcra haqqında” Qanunun 43-cü maddəsində öz əksini tapmışdır. İş materiallarından isə icra məmuru tərəfindən bu məcburi icra tədbirlərinin tətbiqi istiqamətində hər hansı hərəkətlərin edilməsi görünmür. Bununla yanaşı nəzərə alınmalıdır ki, hazırki halda borclunun axtarılması barədə icra məmurunun bu qərarı öz-özlüyündə, qüvvəyə minmiş məhkəmə aktının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir.

22. Göründüyü kimi işin faktiki halları icra məmurunun istinad etdiyi qanuni əsasının dispozisiya şərtlərinə uyğun deyildir, yəni qeyd edilən normanın dispozisiya əlamətləri ilə uzlaşmır.

23. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 27-ci maddəsinə istinad edərək icra sənədinin icrasını təmin etmək məqsədilə X2 barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X2 nümayəndəsi X3 şikayətini təmin edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(004)-1677/2022 nömrəli icra sənədi üzrə borclunun axtarılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarını ləğv etməklə düzgün nəticəyə gəlmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Tələbkar nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 8(004)- 798/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar