Məhkəmə qərarları › İş №8(103)-170/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-170/2021

21.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-170/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(006)-106/2021 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsinin icra edilməsinə 2 il möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(006)-2421/2019 saylı qətnaməsinə əsasən ondan 85.000 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. O, hazırda heç bir yerdə işləmir, himayəsində yetkinlik yaşına çatmayan övladı var. Maddi vəziyyəti pisdir. Buna görə də qətnamənin icrasına 2 il möhlət verilməsini xahiş edir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.03.020-ci il tarixli qərardadla ərizəni təmin etməmiş, qətnamənin icrasına möhlət verilməsindən imtina etmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 06.04.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsindən (İş № 2(006)-2421/2019) və işdə olan sənədlərdən görünür ki, həmin qətnaməyə əsasən cavabdeh (borclu) Borclu 85.000 manat məbləğində pul tutularaq iddiaçı (tələbkar) Tələbkar ödənilməlidir. Qətnamə qanuni qüvvəyə mindiyindən qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqəsi əsasında icra hərəkətləri həmin Şöbə tərəfindən davam etdirilir. Hazırda Borclu maddi vəziyyətinin ağır olmasına əsaslanaraq qətnamənin icrasına 2 il möhlət verilməsini xahiş edir. Bununla bağlı Məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının mənasından məlum olur ki, maddi imkanının olmadığını bildirən və bu əsasla qətnamənin icrasına möhlət verilməsini xahiş edən borclu həmin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir. Borclu tərəfindən qeyd edilən halları təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim etməmişdir. Bunun əksinə məhkəmə araşdırması zamanı müəyyən olunur ki, borclunun adına daşınar və daşınmaz əmlaklar var. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan” görünür ki, Borclunın adına “Toyota Avalon” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və “Lexus LX570” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillər, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, bina 61-də yerləşən 2 saylı, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina 92 “A”-da yerləşən 12 saylı mənzillər, Goranboy rayonu, Xan Qərvənd kəndində yerləşən fərdi yaşayış evi və Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən torpaq sahəsi var. Belə olan halda hesab edilməlidir ki, Borclu “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizəsi əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu verdiyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 02 mart 2020ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar