Məhkəmə qərarları › İş №8(103)-171/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-171/2024

27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-171/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərardadından borclu Dövlət Sığorta Kommersiya Şirkətinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin borcun hesablanmasına dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətdə göstərir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şirvan Apellyasıya Məhkəməsinin mərhum hakimi X2 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin borclu Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan Tələbkar ödənilməsi qərara alınmışdır. Tələbkar tərəfindən Şirkətə 25 iyul 2023-cü il tarixində ərizə ilə müraciət olunaraq 148 542 manat məbləğində sığorta ödənişinin verilməsi tələb edilmişdir. İcra vərəqəsi Şirkətə təqdim olunduqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin icra olunması istiqamətində tədbirlər görülmüş və sığorta məbləğinin 100 %-i tələbkarın təqdim etdiyi bank hesabına ödənilmişdir. Lakin tələbkar həyata keçirilmiş sığorta ödənişi məbləği ilə razılaşmamış və bununla bağlı Nəsimi Rayon İcra Şöbəsinə müraciət etmişdir. İcra Şöbəsi tərəfindən sığorta ödənişinin düzgün həyata keçirilməməsi qənaətinə gəlinmiş və xx.xx.2024-cü il tarixində borcun hesablanmasına dair qərar qəbul edilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli borcun hesablanmasına dair qərar əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Mülki Məcəllənin 904-cü maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən isə sığortaçı sığorta ödənişin sığorta məbləği həddində həyata keçirir. İddiaçının mərhum həyat yoldaşı F.X1 Məhkəməsinin hakimi vəzifəsində çalışarkən 2020-ci il üzrə “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası haqqında" Qanununa uyğun olaraq sığortalanması üçün Şirvan Apellyasiya Məhkəməsinin sədri tərəfindən xx.xx.2020-cı il tarixli məktubla Şirkətə müraciət edilərək F.Soltanov və digər hakimlərin 5 illik əmək haqları barədə müvafiq məlumatlar təqdim edilmişdir. Bu məlumatlar əsasında sığorta məbləği dəqiq rəqəmlə müəyyən olunmuş və ona uyğun olaraq hesablanmış sığorta haqları Şirkətin hesabına ödənilmişdir. O cümlədən F.Soltanova 148 542 manat məbləğində sığorta təminatı verilməsi üçün Qanuna uyğun olaraq həmin məbləğin 1%-i həcmində 1 485.42 manat məbləğində sığorta haqqı hesablanmışdır. Bu xüsusatlar həm də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 6DX- 262/2021 saylı Şirkətə göndərilmiş məktubunda da öz əksini bir daha tapmışdır. Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev tərəfindən qəbul edilən sözügedən qərar qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin qərara nə məhkəmə və hüquqmühafizə orqanları işçilərinin dövlət icbari sığortası, nə də digər sığorta növlərində oxşar presedent yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaətdə göstərib ki, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədinin icra edilməsi üçün sorğular vermiş, alınmış cavablara uyğun müvafiq qərar qəbul etmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, barəsində şikayət verilmiş qərarın ləğvi üçün əsaslar mövcud olmamaqla, şikayətdə irəli sürülən dəlillər formal olmaqla, heç bir hüquqi əsası yoxdur, ona görə şikayət təmin edilməməlidir. Qərardaddan Dövlət Sığorta Kommersiya Şirkəti şikayət verərək ləğv edilməsini və borclunun şikayətinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclu Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş və ərizəsi ilə eyni məzmunda əsaslandırılmış yazılı izahatda şikayətin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Əvvəla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən sığorta ödənişi Qanunla müəyyən edilmiş sığortaolunanların dövlət icbari şəxsi sığorta haqqının hesablandığı sonuncu əmək haqqına uyğun olaraq həyata keçirilir. Deməli, sığorta məbləği Qanuna əsasən sığortaolunanın son 5 ildə aldığı əmək haqqının toplanması qaydası ilə deyil, ona münasibətdə sığortaçıya ödənilmiş sığorta haqqının hesablandığı sonuncu əmək haqqının 60 misli(5 illik)məbləğində müəyyən edilir. Bu barədə işdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 fevral 2024-cü il tarixli rəyi də mövcuddur. Mərhum sığortaolunanın 2020-ci ilin noyabr ayı üzrə sonuncu əmək haqqının 4.276,80(dörd min iki yüz yetmiş altı manat, səksən qəpik) manat olması da işin mübahisəsiz halıdır. Hətta sığorta müqaviləsinin 2020-ci ilin fevral ayında bağlandığı üçün nəzərə alınmalı əmək haqqı məbləği 2020-ci ilin yanvar ayının əmək haqqı məbləği olmalı olsa da, yenə də sığorta ödənişinin hesablandığı əmək haqqının məbləği mübahisə doğurmur. Sığorta etdirmək vəzifəsi qanunla müəyyən edilmiş qurumun sığorta məbləğini sığortaçıya təqdim etməməsi yaxud əlavə sığorta haqqının ödənilməməsi də sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Çünki borclunun da qeyd etdiyi kimi sığorta olunanın vəziyyətini pisləşdirən icbari sığorta müqaviləsinin bağlanmasında sonuncunun(sığortaolunanın) hər hansı bir təqsiri ola bilməzdi. Üstəlik əlavə sığorta haqqının ödənilməməsi də sığorta hadisəsi baş verdikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmalı və ödənilməli olan sığorta ödənişini verməkdən imtina üçün qətiyyən əsas ola bilməz. Demək ki, sığortaçıya ödənilmiş sığorta haqqının hesablandığı sonuncu əmək haqqının 60 misli(5 illik) hər bir halda 256608 manat təşkil edir. İcra məmuru da 148542 manatın tələbkara ödənildiyini nəzərə alaraq, ödənilməmiş 108066 manat sığorta ödənişinin borcludan alınaraq tələbkara ödənilməsi barədə mübahisələndirilən qərarı qəbul etmişdir. Mərhum sığortaolunana ödənilməli olan sığorta məbləğinin 256608(iki yüz əlli altı min, altı yüz səkkiz)manat təşkil etməsi Şirvan Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli borcluya ünvanladığı məktubda da təsdiq olunur. Göründüyü kimi, şikayətdə göstərilən dəlillər mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu Dövlət Sığorta Kommersiya Şirkətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar