Məhkəmə qərarları › İş №8(103)-173/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-173/2024

29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-173/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(003)-168/2024 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-3623/2014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1964-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu cəmi 17269.09 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X3 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün onun tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(003)-168/2024 saylı qərardadı ilə təqdimat təmin edilmiş, borclu – xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan narazı qalan Borclu vəkili və nümayəndəsi Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun iş yerinin olub-olmaması və əmək haqqının olub-olmamasını, borcun borclunun əmək haqqına yönəldilməsi halının mümkünlüyünün müəyyənləşdirilməsi üçün bütün tədbirləri həyata keçirməmiş, o cümlədən borclunun əmək haqqısına tələbin yönəldilə biləcəyi məsələsi yoxlanılmamışdır. Əgər məhkəmə işi tam araşdırsa müəyyən edilərdi ki, faktiki olaraq iş yeri var və aylıq əmək haqqı alır, borcun tutulması ilə bağlı tutmanın əmək haqqına yönəldilməsi mümkündür. Digər tərəfdən icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsi sübut edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(003)-168/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-3623/2014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu əsas borc üzrə 16471,35 manat, faiz borcu üzrə 667,34 manat, cərimə üzrə 100 manat, ödənilmiş dövlət rüsumu üzrə 30,40 manat olmaqla cəmi 17269,09 AZN (on yeddi min iki yüz altmış doqquz manat 09 qəpik) tutularaq “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzərə rayon İcra şöbəsinə Borclu vermiş olduğu izahatından görünür ki, borclu icra sənədi ilə tanış olmuş və borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qeyd olunanlara əsasən - tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki vəziyyətdə boclunun istinad etdiyi hallar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını həyata keçirməməsi üçün əsas olmamaqla yanaşı, həmin qətnaməni könüllü icra müddətində icra etmədiyi üçün məcburi icra tədbirləri tətbiq edilməsininin qarşısını almır. Eyni zamanda şikayətin dəlillərindən də göründüyü kimi hazırki vaxtadək Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-3623/2014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilməmiş və ən əsası icra sənədinin icra edilməməsinin üzrlü səbəbləri barədə borclu tərəfindən mötəbər sübutlar təqdim edilməmiş, iş materiallarından isə həmin hallar müəyyən edilməmişdir. Digər tərəfdən borclu şikayətində - borcun tutulması ilə bağlı tutmanın əmək haqqına yönəldilməsinin mümkünlüyünü qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, icra sənədinə əsasən borcludan tutulmalı olan 17269,09 manat vəsaitin hissə-hissə deyil, tam olaraq tutulması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(003)-168/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar