Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-176/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023 il tarixli qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, məhkəmənin 2(007)-2299/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinə köçürülüməli olduğunu, xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olan icra sənədi əsasında icraata başlanıldığını və borclu X2 tələbin könüllü icrası haqqında bildiriş göndərildiyini, lakin borclunun icradan boyun qaçıraraq icra sənədinin icrasını təmin etməməklə Tələbkar mənziliə köçürülməsinə şərait yaratmadığnı bildirmiş, buna görə də həmin mənzilin qapısının məcburi qaydada açılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11 aprel 2023-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi qərara alınmış, həmin qərardaddan borclunun verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı 2022-ci ilin dekabr ayında müraciət edilmiş, lakin o, əsaslı olaraq xəstələndiyini bildirdiyi üçün baxış yanvar ayının 6-da baş tutmuşdur. Tələbkar 06 yanvar 2023-cü il tarixdə mənzilin qapısının kilidini qırmışdır. Mübahisəli evdə qalmaq üçün gələndə qonşular evin kilidinin dəyişdirildiyini ona bildirmiş, məcbur olaraq (həm özünün, həm də uşağının şəxsi əşyalarının evdə olmasına görə, eləcə də başqa qalmağa yeri olmadığından) çilingər çağıraraq həmin kilidi dəyişdirərək evə daxil olmuşdur. İcra məmuru gəlib qapının açıq olmadığını görüb getmişdir. Hazırda icra məmuru özü etməli olduğu işi məhkəməyə yönəldir. İcra məmuruna teleqram vuraraq övladını müalicə etdirdiyini, sistem qoşdurduğu üçün evdə olmadığını bildirmişdir. Tələbkarın orada heç bir əşyası yoxdur. Tələbkar atası ilə birlikdə küt alətlə evin qapısını sındırıblar. Qonşular tərəfindən 102 Polis Xidmətinə qapını qıran zaman onların da evinə zərər dəydiyi üçün müraciət edilmişdir. Tələbkar ümumiyyətlə məsuliyyətli deyil, evdə övladının da əşyasının olduğunu düşünmür. Onu dəfələrlə ölümlə hədələmişdir. Evin hər tərəfində, xüsusən də otaqlarda evdə dayə olduğu üçün kameralar var. O, tələbkarın xalası, xalasının yoldaşı Cavad əmi ilə də əlaqə saxlamışdır. Bu insanın 6000 manatdan artıq ödənilməmiş aliment borcu var. Həmçinin, birgə nikah dövründə 20000 manat məbləğində avtomobil alınmış və həmin məbləğ boşanandan sonra məhkəmənin qərarı ilə aralarında bölünmüşdür. Tələbkar həmin vəsaitləri ona qaytarsa, o da mübahisəli mənzildən çıxacaqdır. Fakt budur ki, tələbkarda evin açarı var, onların uşağı da onunla yaşamaq istəmir, övladına travma yaşatmış, övladının qonşunun qapısı döyüləndə sanki evlərinin qapısı qırılırmış kimi hiss edib qorxusundan ağlayır ki, qapısını yenə atası qırıb içəri girəcək. Bundan başqa, Tələbkar "xxxx" ASC-yə 2020-ci ilin noyabrında müraciət edərək qazın verilməsini dayandırmış, qazın kəsilməsi ilə bağlı məhkəməyə müraciət edəndən sonra qazın müvəqqəti dayandırılması ləğv edilərək açılmışdır. Həmin gün qışın soyuğunda, qar yağan bir ərəfədə təbii qazdan istifadə edə bilməmiş, bundan sonra övladı xəstələnmiş və ağciyərlərinə, bronxlarına görə pediatra müraciət edib müalicə etdirmişdir. Tələbkar bir ata kimi nəinki öz borcunu yerinə yetirə bilmir, ümumiyyətlə ona övladının səhəti, psixi durumu maraqlı deyil. Övladına qarşı bu cür rəftar edən atanı qanun atalıqdan məhrum edir, lakin o, qızının həmin ərəfələrdə körpə olduğunu və atası ilə ünsiyyətdən kənar qalıb psixi travma almaması üçün məhkəmədə atalıq hüququndan məhrum etdirməmişdir. Belə olan halda əgər qapı yararsız vəziyyətdədirsə, açarı da varsa hansı qərardan söhbət gedə bilər? Fakt budur ki, tələbkarın açarı varsa, evə daxil ola bilər. Hansı ki, tələbkarın mart ayının 13-də qapını sındırıb götürdüyü açar özündədir. Həmin vaxt da evin kilidi dəyişdirilməmişdir. Hazırda da qapı qırıqdır, tələbkar istəsə yenidən qapını adi qaydada itələməklə də açıb içəri daxil ola bilər. Qapı yararsız vəziyyətdədir, icra məmuru özü də gəlib baxanda bunu görüb. Tələbkarın evə gəlməsinə etiraz etmir, maneə yaratmır, lakin onun onu öldürməyəcəyinə də heç kəs təminat verə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 3.1-ci və 3.2-ci maddələrinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43.1.5-ci maddəsinə əsasən, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir; 73.1-ci maddəsinə görə isə, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinin qapısı döyülmüş, lakin qapı açılmamış, icra başqa vaxta təxirə salınaraq bununla bağlı borcluya, tələbkara və Nizami RPİ-nin 24-cü Polis Bölməsinin rəisinə, "xxxx" MTK-ya məlumat verilmişdir. İcra məmurları Əlihüseyn Aslanov, Tahir Ağayev, hal şahidi Sədi Hüseynov, Tələbkar tərəfindən imzalanaraq xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinin qapısı döyülmüş, lakin qapı açılmamışdır. İcra vərəqəsinin icrası ilə bağlı borcluya məlumat verilsə də, icra yerinə gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra tələbkar icra şöbəsinə ərizə ünvanlayaraq həmin mənzilin giriş qapısının açılması ilə bağlı məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. İşdən görünür ki, hazırkı işə baxarkən məhkəmə tərəfindən də icra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəflərə xx.xx.2023-cü il tarixdə saat 18:00-da mübahisəli mənzilə gedilməsi və mənzilin qapısının açılması bildirilmiş, tərəflər razılaşmış və bununla bağlı məhkəmənin iclası təxirə salınmış, lakin borclu uşağının xəstə olmasını əsas göstərməklə icra tədbiri zamanı iştirak etməmiş, mənzilin qapısını açmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-135/2023 saylı iş üzrə 11 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-176/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-176/2023
08.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver