Məhkəmə qərarları › İş №8(103)-176/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-176/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-176/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X7 və Babayev Fuad Vilayət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-48/2025 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1234/2019 saylı qətnaməsinə izah verilməsinə dair tələbkar "xxxx" MMC ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1223/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Nəsimi Rayon İcra Hakimiyyati Başcısının 27 dekabr 2016-cı il tarixli 245 sayll sərəncamı ilə Nəsimi rayonu Azadllq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişmələrindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinın ərazisində, ünvan 1 ünvanında yerləşməklə cavabdeh X1 mülkiyyətində olan sənəd üzrə yaşayış sahəsi 68,70 kv. metr olmaqla, iki yaşayış otağından, faktiki olaraq isə ümumi sahəsi 75,78 kv.metr olmaqla, 3 otaqdan ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 87,14 kv.metr təmirli 3 otaqlı yaşayış sahəsinin mülkiyyətçi X1 adına rəsmiləşdirilməsi, yeni mənzil təmirli vəziyyətdə təhvil verildikdən sonra cavabdehlər X8, X4, X11, X12, X9, X10, X6, X5 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yeni mənzilə köçürülməsi şərti ilə Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 22 ünvanında yerləşən mənzildəncavabdehlər X8, X4, X11, X12, X9, X10, X6, X5 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin mənzilin boşaldılması və qəzalı vəziyyətdə olan həmin mənzilin "xxxx" MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət etmişdir. Hal-hazırda mülkiyyətçi X2 ərizə ilə müraciət edərək, onlara ayrılmış torpaq sahəsinin ərazisində ünvan 1 ünvanında yerləşməklə cavabdeh X1 mülkiyyətində olan sənəd üzrə yaşayış sahəsi 68,70 kv. metr olmaqla, iki yaşayış otağından, faktiki olaraq isə ümumi sahəsi 75,78 kv.metr olmaqla, 3 otaqdan ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 87,14 kv.metr təmirli 3 otaqlı yaşayış mənzilinin ona verilməsini tələb etmişdir. Mülkiyyətçi X2 ərizəsini onunla əsaslandırmışdır ki, “Nəsimi Rayon Məhkəməsində 2019-cu ildə mülki mübahisə üzrə qətnamə çıxarılmış və həmin dövrdə qətnamədə adları qeyd edilən şəxslər - Füzuli rayonunda məcburi köçkün kimi onun mülkiyyətində maskunlaşıblar. Lakin hal-hazırda artıq 5 ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib və qətnamdədə adları qeyd edilən şəxslərin məcburi köçkün statusları ləğv edilib. Yəni artıq zərurət aradan qalxıb və onun mülkiyyətinin zəbt edilməsinə səbəb olan hal mövcud deyildir. Bu halın sübuta ehtiyacı yoxdur. Buna görə də, mülkiyyətin ona təhvil verilməsini onlardan tələb edir. Yaranmış bu ziddiyətlərlə bağlı məhkəmə qətnaməsinin izah edilməsi barərə qərardad qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-48/2025 saylı qərardadı ilə (hakim Ceyhun Tağıyev) ərizə təmin olunmamışdır. Tələbkar həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş və şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-48/2025 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin şikayətə qarşı etiraz və tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Kollegiya, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 230.1-ci və 230.2-ci maddələrinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 168-ci bəndinə əsasən, MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. Göründüyü kimi, qətnaməyə izah verilməsi barədə ərizəyə qətnamənin icrası qaydasında icraat üzrə “8” indeksi üzrə deyil, qətnamənin çıxarıldığı müvafiq işin davamı kimi həmin işin nömrəsi ilə qeydə alınmaqla baxılır. Təbii ki, izah barədə ərizəyə onun aid olduğu müvafiq işin davamı kimi, həmin iş materilalarına əlavə olunmaqla baxılması izahın tam, hərtərəfli və obyektiv həllinə, irəli sürülmüş dəlillərin iş materialları ilə birlikdə araşdırılmasına yönəlmişdir. Əks hal isə (yəni izah barədə ərizəyə ayrıca icraatda, “8” indeksi üzrə baxılması) onun mahiyyətinə uyğun olmamaqla, qanunvericiliyin tələblərinə də uyğun deyildir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd edilənlərini nəzərə almamış, nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə olan halda, yəni məhkəmə izah barədə ərizənin təmin olunmaması nəticəsinə gəlsə də, izah verilməsi tələb olunan qətnamənin aid olduğu iş materialları olmadan məhkəmənin konkret olaraq nəyə əsasən bu qənaətə gəlməsi qeyri-müəyyənlik yaratmışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi izahla bağlı ərizənin mahiyyətini də tam dəqiqləşdirməmiş, həmin ərizənin verilməsində borclu "xxxx" MMC-nin məqsədinin nə olmasını, bunun qətnamənin icrasında hansı çətinlikdər yaratmasını və s. aydınlaşdırmamışdır. Məhkəmə ümumiyyətlə aydınlaşdırmamıdır ki, üzərindən uzun müddət (təqribən 6 il) keçməsinə baxmayaraq qətnamənin icrası hansı vəziyyətdədir və ya icra olunmamanın izahla bağlı hər hansı səbəbli əlaqəsi vardırmı. Bu səbəbdən, izahla bağlı ərizəyə işdə iştirak edən bütün şəxslərə lazımi qaydada məlumat verilməklə, eləcə də icra işi tələb olunaraq icra məmurunun iştirakı ilə keçən müddət ərzində qətnamənin icra olunmamasının səbəbləri və izahın zəruriliyini şərtləndirən hallar araşdırılaraq baxılmalıdır (ərizəyə baxış zamanı borclulardan bəziləri məhkəmə iclasında iştirak etsə də, digərlərinə ərizəyə baxışa dair məlumatın göndərilməsi barədə sübutlar mövcud deyildir). Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququnun pozulması hesab olunur. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə qərarının icrasına nəzarət isə daima məhkəmənin diqqət mərkəzində olmalı, bu sahədə ona edilən müraciətlər üzrə tam, hərtərəfli və çevik araşdırma aparılması, adekvat qərarlar qəbul edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual hüquq normalarının tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş ərizəyə yuxarıda qeyd olunan qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)- 48/2025 saylı qərardadı ləğv edilsin və iş izahla bağlı ərizəyə qanunvericililyin tələbləriə uyğun qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar