Məhkəmə qərarları › İş №8(103)-177/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-177/2021

28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-177/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 8(007)-38/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(007)-406/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 10000 manat məbləğin onun tərəfindən ödənilməsi qeyrimümkündür, hazırda heç bir yerdə fəaliyyət göstərmir, işsizdir, maddi gəlirləri yox səviyyəsindədir, bu səbəbdən qətnamənin icra üsulunun dəyişdirilməsinin vacib olduğunu düşünür. Borclu üzərinə düşən vəzifələrinin icrası üçün möhlət verilməsini və ya birdəfəlik deyil, aylıq ödəniş şəklində ödəniş edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən borc məbləğinin ödənilməsinə möhlət verilməsi və ya həmin məbləğin aylıq ödənişlər şəklində ödənilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 8(007)-38/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizənin rədd edilməsinin səbəblərini qeyd etməmiş və qərardadı əsaslandırmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 8(007)-38/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, borclunun şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 8(007)-38/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq borclunun ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin icrası məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla ağlabatan müddətdə həyata keçirilməlidir. Borclu məhkəmədən qətnamənin icrasına möhlət verilməsi və qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsini xahiş etsə də, qətnamənin icrasına möhlət verilməsi, habelə qətnamənin icra üsulunun ərizə üzrə tələb edilən qaydada dəyişdirilməsi üçün müstəsna xarakter daşıyan hal müəyyən edilməmişdir. Beləliklə, tələbkarın mənafeyini də nəzərə alaraq, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ərizə təmin edilə bilməz. İş materiallarından görünür ki, qətnamə iki ilə yaxındır ki, qəbul olunmasına baxmayaraq, hal-hazırkı dövrə qədər icra olunmamışdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 8(007)-38/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar