Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-177/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-90/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadından Tələbkar şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Tələbkar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından şikayətlə məhkəməyə müraciət edərək icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədinin icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra işi həmin şöbənin icra məmuru Səvxan Abasovun icraatına verilmişdir. İcra işi üzrə borclu “Yelo Bank" ASC icra sənədinin icrası ilə əlaqədar 198.500 manat məbləğdə vəsaiti tələbkara ödəmişdir. Tələbkar həmin məbləğlə razılaşmayaraq icra şöbəsinə vəsatət təqdim etmiş və icra sənədi üzrə ödənilməli məbləğin müəyyənləşdirilməsi üçün mütəxəssis dəvət edilməsini xahiş etmişdir. Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “mütəxəssis dəvət edilməsi haqqında” qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədinin icrası ilə bağlı mütəxəssin dəvət edilməsi qərara alınmış və həmin qərar icra olunması üçün “X3" MMC-yə göndərilmişdir. "X3" MMC-nin 14 fevral 2023-cü il tarixli 12 nömrəli rəyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədi üzrə ödənilməli məbləğin 167.743 ABŞ dolları (285.163 manat) təşkil etməsi müəyyən edilmişdir. Bu da o deməkdir ki, icra sənədi tam icra edilməmiş və 86.663 manat ödənilməmiş borc qalmışdır. Belə olan halda geri qalan məbləğin icrası ilə bağlı tədbirlər görmək əvəzinə, ya bankın əsassız və qanunsuz təzyiqlərindən qorxaraq və yaxud başqa korrupsiya əlaqələrinə girərək icra sənədinin tam icra olunması əsası ilə icra işi üzrə icraata xitam verilmişdir. Çünki, icra şöbəsinin özünün əldə etdiyi mütəxəssi rəyi əsasında icra sənədi üzrə ödənilməli məbləğin 167.743 ABŞ dolları (285.163 manat) olması müəyyən edilməsi ilə icra sənədi üzrə 86.663 manat ödənilməmiş borcun qalması dəqiqləşdiyi halda, işə xitam verməsi icra məmuru və onun rəisi Pərviz Zəkəriyəyevin əməllərinin motivi barədə başqa cür düşünmək mümkün deyildir. Odur ki, bu ərizəyə baxarkən həm icra məmurunun, həm də rəis Pərvizin məhkəmə iclasında izahatlarının alınaraq nəyə görə belə bir qərar qəbul etmələrinin məqsədi aydınlaşdırılmalı və vəzifə cinayəti müəyyən edildiyi halda, barələrində xüsusi qərar da qəbul olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-207/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar (nümayəndəsi və vəkili Nümayəndə) şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-71/2024 saylı, 26 fevral 2024-cü il tarixli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-207/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı göstərişlərlə ləğv edilmiş və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilmişdir. Bundan sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-90/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ilə yenidən Tələbkar icra məmurunun qərarından verdiyi şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi bu dəfə gəldiyi qənaətində göstərib ki, tərəflərin istinad etdikləri rəylərin əsaslılığı araşdırılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli D13/218 saylı və xx.xx.2014-cü il tarixli D14/023 saylı müddətli əmanət müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmanət məbləği müddət başa çatdığda əmanətçi tərəfindən tələb olunmazsa müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış sayılır. Əgər həmin tarixə bankda bu növ əmanət üzrə yeni müddət və yeni şərtlər mövcud olarsa bu halda həmin müddət və şərtlərə uzadılmış sayılır və ya bu növdə əmanət ümumiyyətlə mövcud olmaz, onda müddəti və digər şərtləri yaxın olan əmanət üzrə uzadılmış sayılır. Müqavilənin bitmə tarixi qeyri-iş gününə təsadüf edərsə,müqavilə növbəti iş günündən başlayaraq uzadılmış hesab ediləcəkdir. Göründüyü kimi tələbkar müqavilənin müddətinin uzadılması halında əmanət üzrə yeni şərtlər mövcud olduğu halda həmin şərtlərə uzadılması şərtini qəbul etməklə müqaviləni imzalamışdır. Bu şərt isə tələbkar tərəfindən mübahisələndirilməmişdir. İşin materiallarından görünür ki, əmanət müqavilələri üzrə qoyulmuş əmanətlərin faiz dərəcələri ilə bağlı borclu bankda yeni şərtlər (xx.xx.2013-cü il tarixli, D13/218 saylı müddətli əmanət müqaviləsi üzrə 13%, 3%, 2.53%, 1.91%, xx.xx.2014-cü il tarixli, D14/023 saylı müddətli əmanət müqaviləsi üzrə 13%, 2.85%, 1.66%) mövcud olmuşdur ki, müqavilələr yuxarıda göstərilən bəndin tələblərinə uyğun olaraq həmin şərtlərlə növbəti müddətə uzadılmışdır. Tələbkarın istinad etdiyi “X3” MMC tərəfindən verilmiş 12 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mütəxəssis faiz dərəcələrini hesablayarkən müqavilənin göstərilən bəndini nəzərə almamış, bütün dövr üzrə faiz dərəcəsini 13% və 12,5% dərəcələr ilə hesablamışdır ki, bu halda göstərilən rəylə müəyyən edilən faizin məbləğinin hesablanması qaydası müqavilələrin tələblərinə zidd olduğundan mötəbər hesab oluna bilməz. Borclunun istinad etdiyi "xxxx" MMC tərəfindən verilmiş U6gkEjDbgx nömrəli xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyindən isə görünür ki, mütəxəssis faiz məbləğinin hesablanması qaydasını müqavilənin 2.3-cü bəndinə istinad etməklə düzgün hesablanması qənaətinə gəlmişdir ki, bu halda məhkəmə hesab edir ki, göstərilən rəylə aparılmış hesablama müqavilələrin tələblərinə uyğun olmuşdur. Eyni zamanda, mübahisənin düzgün həll edilməsi üçün əmanət müqavilələrinin şərtləri nəzərə alınmaqla əmanətlərə görə faiz məbləğlərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5876 saylı ekspert rəyi ilə, Banka qoyulmuş 50.000,00 ABŞ dolları məbləğində əmanət üzrə hesablanmalı faiz xx.xx.2013-cü il tarixdən (müqavilənin bağlanma tarixi) xx.xx.2016cı il tarixə (müqavilənin son tarixi) 19.500,00 ABŞ dolları və xx.xx.2016-cı il tarixdən (müqavilənin son tarixi) xx.xx.2022-ci il tarixə 7.937,25 ABŞ dolları, 28.500,00 ABŞ dolları məbləğində əmanət üzrə hesablanmalı faiz xx.xx.2014-cü il tarixdən (müqavilənin bağlanma tarixi) xx.xx.2017-ci il tarixə (müqavilənin son tarixi) 10.687,50 ABŞ dolları məbləğində və xx.xx.2017-ci il tarixdən (müqavilənin son tarixi) xx.xx.2022-ci il tarixə 3.736,46 ABŞ dolları məbləğində müəyyən edilmişdir ki, bu halda tələbkara ödənilməli olan məbləğ ümumilikdə 120361,21 ABŞ dolları (204614,06 manat) təşkil edir. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, borclu tərəfindən X1, həmçinin tələbkara xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək faizlər üzrə 5194,5 ABŞ dolları və 311,4 ABŞ dolları məbləğində vergilər olmaqla ümumilikdə 5505,90 ABŞ dolları (9360,03 manat) ödənilmiş, xx.xx.2022- ci il tarixdə isə faizlərlə birlikdə ümumilikdə 198499,09 manat ödənilmişdir. Beləliklə borcu tərəfindən həmin müqavilələr üzrə ümumilikdə 207859,12 manat (198499,09 + 9360,03) ödəniş edilmişdir. Qeyd olunanlardan göründüyü kimi borclu tərəfindən həm müqavilə müddətində, həm də müqavilə müddəti bitdikdən sonra ödənişlər edilməklə tələbkarın tələbi tam icra olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edildiyindən, eyni zamanda qərarın ləğv olunması üçün başqa əsaslar müəyyən edilmədiyindən şikayət təmin oluna bilməz. Tələbkarın icra şöbəsinə ünvanladığı faizlərlə bağlı izah verilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi tələbkar həmin ərizə ilə müraciət edərkən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsi borclu tərəfindən tam icra olunmuşdur (xx.xx.2022-ci il). Beləliklə, məhkəmə qətnaməsi icra olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinin tələblərinə əsasən onun izah edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 3646/2023-cü il tarixli qərarına münasibətdə qeyd edir ki, həmin qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməklə iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan kassasiya şikayətindən göründüyü kimi yeni apellyasiya baxışına qaytarılmış iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən borclu tərəfindən kassasiya şikayəti verilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. Bu halda həm apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarı hazırki vəziyyətdə iş üzrə preyudisial əhəmiyyət daşımır. Qərardaddan Tələbkar (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsi və icra sənədinin icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətində göstərib ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 8(103)- 71/2024 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək yenidən baxılması üçün göndərilməsinin səbəbi tərəflər arasında faiz məbləğinin hesablanması ilə bağlı fikir ayrılığının məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadında birinci instansiya məhkəməsinin buraxdığı səhvlər sadalanaraq işin obyektiv və qanuni həlli üçün müvafiq göstərişlər şərh edilsə də, yenidən işə baxan birinci instansiya məhkəməsi şikayəti rədd edərək eyni səhvləri təkrarlamış, birinci instansiya məhkəməsi apellyasiya məhkəməsinin mövqeyini (göstərişlərini) ümumiyyətlə nəzərə almamış, əvvəlki mövqeyinin eynisini qərardadına köçürməklə kifayətlənmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya məhkəməsinin göstərişlərinin birinci instansiya məhkəməsi üçün məcburiliyi barədə imperativ tələb olmasına baxmayaraq, hazırkı işdə aşağı məhkəmənin apellyasiya məhkəməsinin qərardadındakı göstərişlərə əməl etməməsi, eyni materiallar əsasında eyni qərar qəbul etməsi, hətta bununla kifayətlənməyərək apellyasiya məhkəməsinin bəzi göstərişlərinin doğru olmaması barədə qanunvericiliyin tələblərinə uyğun olmayan əsaslandırmalar etməsi özbaşınalıqdan və məhkəmə hüquq islahatına kölgə salmaqdan başqa bir şey deyildir. Hakimin bu hərəkəti açıq-aşkar göstərir ki, bu işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində bundan sonra neçə dəfə baxılsa belə, apellyasiya məhkəməsinin mövqeyi nə olursa-olsun, hətta nəyin bahasına olursa-olsun qərar bankın xeyrinə çıxacaqdır. Bu isə bilə-bilə qanunsuz qərar qəbul etməkdir. Məhkəmə apellyasiya məhkəməsinin iki mövqeyi ilə bağlı aşağıda göstərilən əsaslandırmalar etmişdir. Belə ki, apellyasiya məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, “... qətnamədə sadəcə faizlərin ödənilməsi qət edilmiş, lakin faizlər hesablanarkən əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş şərtlərin nəzərə alınmasının məcburiliyi əsaslandırılmamış, üstəlik işdə tələbkarın Yasamal rayon İcra Şöbəsinə ərizə ilə (bax.i.v.48-49) müraciət edərək icra sənədində göstərilən “əmanət və onun üzərinə hesablanmış faizlər” ifadəsində hansı faiz dərəcəsinin nəzərdə tutulması barədə izah verilməsi üçün məhkəməyə müraciət olunmasını xahiş etməsinə əhəmiyyət verməmiş, başqa sözlə qəbul etdiyi qərardadda icra sənədinə qeyd olunan məsələ ilə bağlı izah verilməsinə əsas və zərurət olub olmamasına heç bir münasibət bildirməmişdir...”. İşə yenidən baxan birinci instansiya məhkəməsi isə bununla bağlı qeyd etmişdir ki, “ ...Tələbkarın icra şöbəsinə ünvanladığı faizlərlə bağlı izah verilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi tələbkar həmin ərizə ilə müraciət edərkən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsi borclu tərəfindən tam icra olunmuşdur (xx.xx.2022-ci il). Beləliklə, məhkəmə qətnaməsi icra olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinin tələblərinə əsasən onun izah edilməsinə yol verilmir...”. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin mövqeyi kökündən yanlışdır. Çünki icra sənədi tam icra edilməmiş, tələbkar isə məhz qətnamənin icra edilməyən hissəsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Qanunvericlik isə məhkəmə qətnaməsi tam icra edildiyi halda, izah verilməsini qeyri-mümkün saymışdır. Bu da o deməkdir ki, qətnamənin icra edilməyən hissəsində izah verilməsi mümkündür. Digər tərəfdən, məhkəmə onu da nəzərə almamışdır ki, məhkəmə qətnaməsinin tam icra edilibedilməməsinin müəyyən edilməsi bilavasitə qətnamənin izahından asılı olmuşdur. Başqa ifadə ilə, hazırkı işdə qətnamənin tam icra edilməsi işin mübahisəli halıdır və faizlərin hansı dərəcə ilə hesablanmasına aydınlıq gətirilmədən qətnamənin tam icra edilməsi qənaətinə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi yenə öz qərardadında apellyasiya məhkəməsinin mövqeyinə zidd göstərmişdir ki, “ ... Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2023-cü il ta ri xli , 2(102)- 3646/2023 saylı qərarına münasibətdə qeyd edir ki, həmin qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməklə iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan kassasiya şikayətindən göründüyü kimi yeni apellyasiya baxışına qaytarılmış iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən borclu tərəfindən kassasiya şikayəti verilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. Bu halda həm apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarı hazırki vəziyyətdə iş üzrə preyudisial əhəmiyyət daşımır...”. Birincisi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 3646/2023 saylı qərarı ilə bağlı qeyd olunan məsələdə nə tələbkar şikayətində, nə də ki apellyasiya məhkəməsi qərardadında preyudisiallıqdan bəhs etməmişdir. Çünki, o iş ilə bu işin predmeti oxşar olsa da, eyni deyildir. Belə olan halda, məhkəmənin preyudisial əlaqə barədə hüquqi qiymətləndirmə aparması heç başadüşülən deyil. Əslində həmin dəlildə qaldırılan məsələ eyni tərəflər arasında eyni şərtli başqa əmanət müqaviləsi üzrə məhkəmə mübahisəsinin məhkəmələr tərəfindən həll edilərkən əmanətlər ödənilən günədək faizlərin məhz müqavilə faizi ilə hesablanmasına dair hüquqi mövqenin olmasıdır. Hazırkı işdə icra sənədində faiz konkret göstərilmədiyinə görə bu qeyri-müəyyənlik aradan qaldırılaraq müqavilə faizi nəzərə alınmalı və bunun məntiqi davamı olaraq icra sənədi üzrə ödənilməli məbləğ hesablanarkən ekspert rəyində əmanət müqaviləsinin 2.3-cü bəndinin birinci hissəsinə uğyun aparılmış hesablama əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 3646/2023 saylı qərarı əsasında həll edilən məsələnin qanuni qüvvəyə minməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi də səhvdir. Belə ki, sözügedən mülki iş üzrə iddiaçı Tələbkar Banka qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 24 may 2013-cü il tarixli, 3-D5- 12- 0-250-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 ABŞ dolları əmanətin və Bankın 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 manat əmanətin, həmçinin əmanətlərin Banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25.000 ABŞ dolları əmanətin üzərinə illik 12.1 faiz və 5.000 manat əmanətin üzərinə isə illik 13.3 faiz hesablanmaqla faiz məbləğlərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2022 nömrəli, 27 aprel 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bankın apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə Bankın apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100- 41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmış pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) Bankdan iddiaçının xeyrinə tutulması, qalan hissələrdə iddia tələbinin təmin edilməməsi, iş üzrə (apellyasiya icraatı zamanı) keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul vəsaitinin Bankdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Tələbkar və cavabdeh bank kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-tarixli 2(102)-3646/2023 saylı qərarı ilə iddiaçı Tələbkar tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-257/2023 nömrəli mülki iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, cavabdeh Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, qətnamə qalan hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-257/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilən 25000 ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmiş pul vəsaitinin Bankdan iddiaçının xeyrinə tutulması hissəsində kassasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirlmədən saxlanılmış və həmin hissə həmin tarixdən qanuni qüvvəsini almışdır. Görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 3646/2023 saylı qərarını müfəssəl öyrənmədən fikir yürütmüşdür ki, bu da səhv qənaətə səbəb olmuşdur. Təəccüblüsü odur ki, apellyasiya instansiyası məhkəməsinin məhz bu qərara istinad edərək məcburi göstəriş verməsi də birinci instansiyası məhkəməsinin diqqətini cəlb etməmiş, ən azından apellyasiya məhkəməsinin qanuni qüvvəyə minməyən qərara istinad etməyəcəyini nəzərə almamış və bunun əksinə apellyasiya məhkəməsinin göstərişinin qanuni olmaması barədə tam zidd mövqe sərgiləmişdir. Məhkəmə icra sənədinintam icra edilib edilməməsini yoxlayarkən qətnamədəki göstərişlərə uyğun aparılan hesablamanı qəbul etmək əvəzinə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll edilmiş mülki işə hazırki işdə yenidən mahiyyəti üzrə baxaraq düzgün olmayan faiz dərəcəsini müəyyən etmişdir. Halbuki, məhkəmə qətnaməsində qət edilmişdir ki, “ ... "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və '‘Nikoyl" İKB ASCnin 5 saylı filialı ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Tələbkar ödənilsin...”. Göründüyü kimi, qətnamədə sadəcə faizlərin ödənilməsi qət edilmiş və nə qətnamənin əsaslandırıcı, nə də ki, nəticə hissələrində müqavilə faizlərindən (13% və 12.5%) başqa hər hansı faizdən bəhs edilməmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsində tələbkara ödənilməli olan faiz kimi müvafiq müqavilə faizləri nəzərdə tutulmuşdur. Belə olan halda, əmanət müqavilələri üzrə faizlərin hesablanmasında müqavilə faizi əsas götürülməlidir. Lakin, işdən göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına nəzarət qaydasında işə baxan məhkəmə səlahiyyət hədlərindən kənara çıxaraq tərəflər arasında həll edilmiş işə yenidən baxmış və yeni faiz dərəcəsi müəyyən etməklə icra sənədinin məzmununa dəyişiklik etmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələblərinə, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qətilik, müstəsnalıq, icraedilənlik və məcburilik tələblərinə ziddir. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İşdən də göründüyü kimi borclu icra sənədi üzrə ödəniş edərkən əmanət müqavilələri üzrə müddətlərin bitdiyi tarixdən sonrakı dövr üzrə əmanət məbləğlərinin illik faiz dərəcəsini aşağı endirərək ödəmişdir ki, buradan da bankın əmanətin faiz dərəcəsini birtərəfli qaydada azaltması açıq-aydın görünür. Halbuki, əmanətin faiz dərəcəsinin azaldılması qanunla banka qadağan edilmişdir. Məhkəmə isə əmanət üçün faizlərin əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarının bank tərəfindən azaldılmasının yolverilməzliyinə diqqət yetirməmiş və bu isə düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Bundan əlavə, əmanət müqavilələrinin 2.3-cü bəndininin ikinci cümləsində göstərilən şərtlə bağlı məhkəmə nəzərə almamışdır ki, təcrübədə əmanətçilərlə banklar arasında əmanətin qoyulmasına dair bağlanan müqavilələr bir qayda olaraq bank tərəfindən təklif edilir, həmin müqavilələr özündə əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri ehtiva edir. Təklif edənin (hazırkı halda bankın) əvvəldən tərtib etdiyi və hamıya eyni şəkildə təklif etdiyi müqavilə üzrə ona əmanətçinin razılığı alınmadan əmanətin illik faiz dərəcəsinin bank tərəfindən birtərəfli qaydada azaltmaq hüququ verən şərt standart şərtdir. Çünki, xüsusilə əmanət müqavilələrində fiziki şəxs iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Əmanət müqavilələri bir qayda olaraq, standart şərtli müqavilələrdən olub, əvvəlcədən bank tərəfindən müəyyən edilmiş şərtlərlə əmanətçiyə təklif olunduğundan, fiziki şəxs müqavilənin tərəfi kimi onun məzmununa təsir etmək, şərtlərini müfəssəl şəkildə müəyyənləşdirmək imkanına malik olmur. Ona görə də standart şərtli müqavilələrə əsaslanan iddialara baxarkən məhkəmələr iki halı müəyyən etməlidirlər: birincisi standart şərtin müqavilənin tərkib hissəsi halına gəlib gəlmədiyi, müsbət halda standart şərtin etibarlı olub-olmadığı. Mülki Məcəlləyə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun (418- ci maddə). Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (419-cu maddə). Əmanət müqavilələrinin 2.3-cü bəndinin birinci cümləsinə görə əmanət məbləği müddəti başa çatdıqda əmanətçi tərəfindən tələb olunmazsa, müqavilə eyni müddətə, eyin şərtlərlə uzadılmış sayılır. Lakin, həmin bəndin sonrakı cümləsində isə qeyd olunmuşdur ki, əgər həmin tarixə bankda bu növ əmanət üzrə yeni müddət və yeni şərtlər mövcud olarsa, bu halda həmin müddət və şərtlərə uzadılmış sayılır və ya bu növdə əmanət ümumiyyətlə mövcud olmaz, onda müddəti və digər şərtləri yaxın olan əmanət üzrə uzadılmış sayılır. Göründüyü kimi, bir tərəfdən müqavilə müddəti başa çatdıqda eyni müddətə və şərtlərlə uzadılması, digər tərəfdən isə həmin tarixə bu növ əmanət üzrə yeni müddət və şərtlər olarsa, həmin müddət və şərtlərlə uzadılması göstərilir. Yəni ki, müqavilə şərti həm daxilən ziddiyyətli, həm də qeyri-müəyyəndir. Belə ki, müqavilə müddəti başa çatdıqdan sonrakı dövr üçün əmanətin illik faiz dərəcəsinin miqdarı qeyri-müəyyən göstərilmişdir. Belə ki, müqavilə müddəti başa çatdıqdan sonra əmanət məbləğinin faiz dərəcəsinin miqdarı əmanətçi üçün qeyri-müəyyən olmuşdur. Məhkəmə isə bu qeyri-müəyyənliyi bankın xeyrinə həll etmişdir. Halbuki, müqavilənin standart şərtindəki bu qeyri-müəyyənlik bank sahəsində peşəkar fəaliyyət göstərən borclu ilə müqayisədə daha əlverişsiz vəziyyətdə olan tələbkarın (əmanətçi fiziki şəxsin) ziyanına şərh edilə bilməzdi. Bu səbəbdən hesab edirik ki, sözügedən standart şərt müqavilənin tərkib hissəsinə çevrilməmişdir. Hətta, əgər həmin şərt müqavilənin tərkib hissəsinə çevrilməsi fərz olunsa belə, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Bu mənada nəzərə almaq lazımdır ki, əmanətin müqavilədə razılaşdırılmış faiz dərəcələrindən (13 faiz və 12.5 faiz) təxminən 10 dəfə aşağı faiz dərəcələri (3 faiz, 2.53 faiz, 1.91 faiz, 2.85 faiz və 1.66 faiz) ilə bankda əmanət kimi qalması əmanətçinin maraqlarına uyğun olmamaqla onun üçün zərərlidir. Odur ki, bu şərt etimad və vicdanlılıq prinsiplərinə uyğun deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-90/2024 saylı, 06 may 2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclu “Yelo Bank" ASC elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı şikayətə yazılı etirazda şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etirazını birinci instansiya məhkəməsinin qərardadı ilə ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, banklarda əmanət müqavilələri üzrə qoyulmuş əmanətlərə faiz dərəcələrinin hesablanması hər valyutaya münasibətdə illər üzrə ayrı-ayrılıqda müəyyən edilir. Azərbaycan Respublikası manatının ABŞ dollarına münasibətdə 2015-ci il ərzində iki dəfə məzənnəsinə dəyşiklik olduğundan ölkə ərazisində fəaliyyət göstərən bütün Banklarda ABŞ dolları ilə qoyulmuş əmanətlər üzrə faiz dərəcələri aşağı endirilmişdir. Həmçinin Banklar tərəfindən ABŞ dolları ilə verilmiş kreditlər üzrə də faiz dərəcələri aşağı endirilmişdir. Tələbkarın faizlərin hesablanmasını mübahisələndirdiyi 2016-2022-ci illər üzrə ABŞ dolları ilə qoyulmuş əmanətlərə münasibətdə müəyyən edilmiş faiz dərəcələri həmin illərdə "xxxx" ASC tərəfindən bağlanmış əmanət müqavilələri əsas götürülərək və buna uyğun olaraqda 2016- 2022-ci illər ərzində "xxxx" ASC-də ABŞ dolları əmənatələri üzrə illik orta faiz dərəclərinə əsasən X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli və xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli əmanət müqaviləri üzrə 2.3-cü bəndi nəzərə alınmaqla faiz dərcələri müqavilə müddətlərinin bitdiyi tarixlərdə "xxxx" ASC-də ABŞ dolları ilə qoyulmuş əmanətlər üzrə mövcud olmuş orta faiz dərəcələrinə əsasən hesablanmışdır. Göründüyü kimi tələbkarın tələb etdiyi bütün dövr üzrə faizlərin 13% və 12,5% dərəcəsi ilə hesablanması tamamilə əsassızdır. Belə ki, 2016-2022-ci illər ərzində ABŞ dolları ilə qoyulmuş əmanətlər üzrə faizlərin hesablanması dərəcələri aşağı endirilmiş və ölkə ərazisində fəaliyyət göstərən heç bir Bankdan ABŞ dolları üzrə qoyulmuş əmanətlərə 13% və 12,5% dərəcəsi hesablanması mövcud olmamışdır. Bütün bu qeyd olunanlarla bir daha sübut olunur ki, icra sənədində göstərilən tələb borclu tərəfindən tam olaraq icra olunmuşdur. Tələbkar (nümayəndəsi və vəkili Nümayəndə) elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində birinci instansiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə məhəl qoymadan absurd qərardad qəbul etdiyini bildirmiş və məhkəmədən işin birinci instansiya məhkəməsinə qaytarılmadan birbaşa baxılaraq obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi bu dəfə də mahiyyət etibarı ilə şikayətlə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi və icra məmurunun qərarının ləğv edilməsi üçün əsasdır. Çünki birinci instansiya məhkəməsi eyni iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-71/2024 saylı, 26 fevral 2024-cü il tarixli qərardadında müəyyən olunmuş göstərişlərin məcburiliyinə əhəmiyyət verməmiş, heç bir araşdırma aparmadan əvvəlki mövqeyini təkrarlamışdır. Belə ki, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməzdi. Bundan əlavə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin mübahisələndirilən qərar ümumiyyətlə hər hansı bir formada əsaslandırılmamış, qərarda əsaslandırma kimi yalnız icra sənədində göstərilən tələb təmin olunmuşdur göstərilmişdir. Ancaq birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərardadında da icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməməsinə əhəmiyyət verməmiş, əksinə borclu tərəfindən tələbkarın tələbinin tam icra olunduğu, icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın “İcra haqqında” Qanunun tələblərinə uyğun qəbul edildiyi və ləğv olunması üçün başqa əsaslar müəyyən edilmədiyi qənaətinə gələrək şikayətin təmin oluna bilməzliyini göstərmişdir. İcra icratında tərəflər arasında yaranmış mübahisə əmanətlərə görə ödənilməli olan faizlərin məbləği barədə olmuş və mübahisənin predmetini də faizlərin məbləğinə dair fikir ayrılığı təşkil edir. Tələbkar şikayətində göstərib ki, “X3” MMC-nin 14 fevral 2023-cü iltarixli 12 nömrəli rəyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədi üzrə ödənilməli məbləğin 167.743 ABŞ dolları (285.163 manat) təşkil etməsi müəyyən edilmişdir. Yəni, icra sənədi tam icra edilməmiş və 86.663 manat ödənilməmiş borc qalmışdır. Borclu isə ödənilmiş faiz məbləğinin "xxxx" MMC tərəfindən verilmiş U6gkEjDbgx nömrəli xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyinə istinadən düzgün olduğunu bildirib. İcra məmuru isə heç bir əsaslandırma aparmadan borclunun təqdim etdiyi rəyi əsas götürərək icra sənədinin tam icra olunduğu qənaətinə gələrək icraata xitam verilməsi qərarına gəlmişdir. Həqiqətən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli D13/218 saylı və xx.xx.2014-cü il tarixli D14/023 saylı müddətli əmanət müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmanət məbləği müddət başa çatdıqda əmanətçi tərəfindən tələb olunmazsa, müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış sayılır. Əgər həmin tarixə bankda bu növ əmanət üzrə yeni müddət və yeni şərtlər mövcud olarsa bu halda həmin müddət və şərtlərlə uzadılmış sayılır və ya bu növdə əmanət ümumiyyətlə mövcud olmazsa, onda müddəti və digər şərtləri yaxın olan əmanət üzrə uzadılmış sayılır. Müqavilənin bitmə tarixi qeyri-iş gününə təsadüf edərsə, müqavilə növbəti iş günündən başlayaraq uzadılmış hesab ediləcəkdir. İşdən və borclunun təqdim etdiyi arayışdan(bax.cild 1.i.v; 86)görünür ki, əmanət müqavilələri üzrə qoyulmuş əmanətlərin faiz dərəcələri ilə bağlı yeni şərtlər (xx.xx.2013-cü il tarixli, D13/218 saylı müddətli əmanət müqaviləsi üzrə ilkin 13%, sonradan 3%, 2.53%, 1.91%, xx.xx.2014-cü il tarixli, D14/023 saylı müddətli əmanət müqaviləsi üzrə ilkin 12,5%, sonradan 2.85%, 1.66%) mövcud olmuşdur. Borclu müqavilələrin yuxarıda göstərilən bəndin tələblərinə uyğun olaraq həmin şərtlərlə növbəti müddətə uzadılmalı olduğunu bəyan edərk tələbkarın istinad etdiyi “X3” MMC tərəfindən verilmiş 12 nömrəli xx.xx.2023-cü il tarixli rəyində mütəxəssisin faiz dərəcələrini hesablayarkən müqavilənin göstərilən bəndini nəzərə almadığını, bütün dövr üzrə faiz dərəcəsini 13% və 12,5% dərəcələr ilə hesabladığını, bu halda göstərilən rəylə müəyyən edilən faizin məbləğinin hesablanması qaydasının müqavilələrin tələblərinə zidd olduğundan mötəbər hesab oluna bilmədiyini göstərib. Bununla əlaqədar, şikayətə baxarkən icra sənədi üzrə ödənilməli olan vəsaitin məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında üç sual qoyulmuşdur. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023- cü il tarixli 9/5876 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, birinci sual üzrə ekspert iki cür hesablama aparmışdır. Birinci hesablamanı əmanət müqavilələrinin 2.3-cü bəndinin birinci hissəsini nəzərə alaraq ödənilən günədək müqavilə faizləri ilə aparmış və ümumilikdə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+57.175+28500+31161=166.836 ABŞ dolları (283.621 AZN) təşkil etməsini müəyyən etmişdir. Digər hesablamada isə müqavilənin 2.3-cü bəndinin ikinci hissəsinə uyğun hesablama aparılmış və müqavilə müddətini müqavilə faizi, müqavilə müddətindən sonrakı dövrü isə bank tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilən əmanətlərin orta illik faiz dərəcələri ilə hesablanmışdır. Ümumlikdə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş qaydada aparılan hesablamanın əsas götürülməli olduğu qənaətinə gəlsə belə, yenə də həmin qaydada hesablanma nəticəsindədə ekspert rəyi ilə hər iki əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etdiyi müəyyən edilir. Lakin məhkəmə yekun qənaətində ekspert qarşısında qoyulmuş ikinci və üçüncü suallar üzrə hesablanmış faizləri nəzərə almış və icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil etdiyini göstərmiş, müqavilə müddətləri başa çatanadək ekspertin birinci sual üzrə hər iki qaydada hesabladığı faizləri nəzərə almamışdır. Başqa sözlə, məhkəmə bir tərəfdən əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş qaydada aparılan hesablamanın əsas götürülməli olduğu qənaətinə gəlir və bu cür hesablama nəticəsində əmanət məbləği və üzərinə hesablanmış faizlərlə birlikdə 50.000+27.437+28.500+14.423=120.360 ABŞ dolları (204.612 manat) təşkil etdiyini görür, digər tərəfdən isə icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil etdiyini göstərir. Belə çıxır ki, birinci instansiya məhkəməsi həm əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş qaydada aparılan hesablamanı düzgün hesab edərək ödənilməli olan yekun məbləğin 120.360 ABŞ dolları (204.612 manat) təşkil etməsini, həm də icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil etdiyini qəbul edir. Yəni, iş üzrə biri digərini təkzib edən iki fərqli nəticəni eyni anda doğru hesab edir. Əlbətdə ki, bu cür nəticəyə gəlmək yolverilməzdir. Ən azından ona görə ki, borclunun icra sənədi üzrə cəmi 198499,09 manat ödəməsi işin mübahisəsiz halı sayılır və məhkəmə də bunu qəbul edib. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, icra sənədi üzrə ödənilməli olan cəmi məbləğin 90173,71 ABŞ dolları (153295,31manat) təşkil edirsə, deməli borclu tələbkara icra sənədi üzrə əsas və faiz borcunu tam ödəmiş, üstəlik 35000(otuz beş min)manat da artıq vəsait ödəmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin bu cür ziddiyyətli qənaəti heç bir halda düzgün hesab edilə bilməz və şikayətin təmin edilməsi üçün birbaşa əsas hesab edilir. Göstərilənlərdən əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsində qət edilmişdir ki, “ ... "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və '‘Nikoyl" İKB ASC-nin 5 saylı filialı ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər cavabdeh "xxxx" X4Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Tələbkar ödənilsin...”. Göründüyü kimi, qətnamədə sadəcə faizlərin ödənilməsi qət edilmiş, lakin faizlər hesablanarkən əmanət müqavilələrinin 2.3-cü bəndinin ikinci hissəsində göstərilmiş şərtlərin nəzərə alınmasının məcburiliyi əsaslandırılmamış, üstəlik işdə tələbkarın Yasamal rayon İcra Şöbəsinə ərizə ilə(bax.cild 1. i.v.48-49) müraciət edərək icra sənədində göstərilən “əmanət və onun üzərinə hesablanmış faizlər” ifadəsində hansı faiz dərəcəsinin nəzərdə tutulması barədə izah verilməsi üçün məhkəməyə müraciət olunmasını xahiş etməsinə əhəmiyyət verməmiş, başqa sözlə qəbul etdiyi qərardadda icra sənədinə qeyd olunan məsələ ilə bağlı izah verilməsinə əsas və zərurət olub-olmamasına heç bir münasibət bildirməmişdir. Bundan əlavə, tələbkarın şikayətindən və ona əlavə etdiyi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-3646/2023 saylı qərarından bəlli olur ki, eyni tərəflər arasında başqa əmanət müqaviləsi üzrə başqa məhkəmə çəkişməsi də davam edir. Həmin əmanət müqaviləsi ilə hazırkı işdəki əmanət müqavilələrinin şərtləri, o cümlədən 2.3-cü bəndi eynidir. Həmin iş üzrə əmanət məbləği və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1% hesablanmiş pul vəsaitinin cavabdeh Borclu ASC-dən iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmiş və həmin hissə kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İşə baxan məhkəmələr həmin hissədə iddianı təmin edərkən Mülki Məcəllənin 948, 950 və digər maddələrə əsaslanmışlar. Göründüyü kimi, məhkəmələr tərəfindən əmanət məbləğinin faizlərinin tutulması göstərişi müqavilə faizini nəzərdə tutur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin yuxarıda adıçəkilən qərardadındakı göstərişlərin məcburiliyi nəinki nəzərə alınmamış, əksinə bu göstərişlərin əksinə yeni hüquqi dəyərləndirmələr aparılmış və nəticə etibarı ilə özünün əvvəlki əsassız mövqeyini təkrarlamışdır. Bu azmış kimi, mübahisələndirilən qərardadında həmçinin göstərib ki, borclu tərəfindən X1, həmçinin tələbkara xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək faizlər üzrə 5194,5 ABŞ dolları və 311,4 ABŞ dolları məbləğində vergilər olmaqla ümumilikdə 5505,90 ABŞ dolları (9360,03 manat) ödənilmiş, xx.xx.2022- ci il tarixdə isə faizlərlə birlikdə ümumilikdə 198499,09 manat ödənilmişdir. Beləliklə borcu tərəfindən həmin müqavilələr üzrə ümumilikdə 207859,12 manat (198499,09 + 9360,03) ödəniş edilmişdir. Ancaq borclu tərəfindən tələbkara cəmi 207859,12 manat deyil, 198499,09 manat ödəniş edilməsi müəyyən edilsə də əlavə 9360,03 ödəniş edilməsi hər hansı bir mötəbər sübutla təsdiq edilmir. Əgər tələbkara həqiqətən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək faizlər üzrə 5194,5 ABŞ dolları və 311,4 ABŞ dolları məbləğində vergilər olmaqla ümumilikdə 5505,90 ABŞ dolları (9360,03 manat) ödəniş edilsəydi, buna dair iş materiallarında indiyədək hər hansı bir mötəbər sübut olmalı idi. Ən azından tələbkar bu halı etiraf edə bilərdi, ancaq etməyib və indi də etmir. Demək ki, məhkəmənin bu qənaəti borclunun hansısa məlumatı ilə deyil, tələbkarın bu halı təsdiq etməsinə və etiraf etməsinə dair mötəbər sübutlarla təsdiq olunmalı idi. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardaddan şikayətə baxarkən MPM-in 269-cu maddəsində nəzərdə tutulan səlahiyyətlərindən istifadə edərkən şikayətdə göstərilən dəlillərə yenə də ümumiyyətlə münasibət bildirməmiş və qəbul etdiyi qərardadda göstərilən nəticələrin işin hallarına uyğun olduğunu, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini qeyd edərək şikayətin təmin olunmamasını, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, ona görə də şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 90/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli və icra məmurunun qərarının ləğv edilməsi barədə Tələbkar şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx/xx-80310/26 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədini icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-90/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin və icra məmurunun qərarının ləğv edilməsi barədə Tələbkar şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx/xx-80310/26 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı icra sənədini icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-177/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-177/2024
03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver