Məhkəmə qərarları › İş №8(103)-178/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-178/2021

26.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-178/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu X2 iştirakı ilə, Borclu X3 məxsus avtomobilin üzərinə həbs qoyulması barədə icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına baxılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 8(007)-24/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 mülkiyyətində olan “Opel Combo” minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tərəfindən 19.11.2020-ci il tarixli qərarla icraata başlanılmış, icra zamanı Borclu pul tələbin icrası haqqında qərar və bildiriş göndərilmiş, lakin həmin məbləğ müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənişlər etməmişdir. İcra hərəkətləri davam etdirilən zaman Borclu mülkiyyətində olan “Opel Cambo” minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 8(007)-24/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri 15 saylı Notariat Kontorunu 4818 saylı 18.11.2020-ci il tarixli icra qeydinin icrasının təmin edilməsi məqsədi ilə X3 məxsus olan “Opel Combo” minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin 12.03.2021-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətində qərardadın ləğv edilməsini, yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 8(007)-33 saylı 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Bakı Sumqayıt yolu üzərində yerləşən Abşeron rayonu Saray qəsəbəsində olan 0.0090 ha sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaq sahəsinə həbs qoyulmuşdur. Borc tələbinin təmin edilməsi üçün həmin əmlakın üzərində həbsin qoyulmasını zəruri hesab edir, lakin digər əmlakın üzərinə həbsin qoyulmasını əsassız hesab edir. Həmin əmlak onun yeganə dolanışıq vasitəsidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, həm ona məxsus torpaq sahəsinə, həm də həmin avtomobil üzərinə həbs qoyulmuşdur, üzərinə həbs qoyulmuş avtomobil onun yeganə dolanışıq vasitəsidir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat təmin olunmamalıdır. İşin hallarından görünür ki, Bakı şəhəri 15 saylı Notariat Kontorunun 4818 saylı 18.11.2020-ci il tarixli icra qeydinə əsasən borclu X1 11000 manat borc və 20 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclu X2 əmlak vəziyyəti araşdırılmış, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmiş, yalnız avtomobil aşkar edilmişdir və sözügedən icra sənədi üzrə borclu X2 yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə onun adına qeydiyyatda olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Borclu şikayətində qeyd etmişdir ki, məhkəmənin 27.01.2021-ci il tarixli qərardadı ilə həmçinin Bakı Sumqayıt yolu üzərində yerləşən Abşeron rayonu Saray qəsəbəsində olan 0.0090 ha sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. “AZEMİS” Elektron məhkəmə sistemindən çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli 8(007)-33/2021 saylı qərardadından müəyyən edilir ki, icra məmuru Fəxrəddin Şahhüseynov həmçinin borclu X3 məxsus Abşeron rayonu Saray qəsəbəsində olan 0.0090 ha sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən təqdimat təmin edilərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunu 4818 saylı 18.11.2020-ci il tarixli icra qeydinin icrasının təmin edilməsi məqsədi ilə X3 məxsus olan Abşeron rayonu Saray qəsəbəsində olan 0.0090 ha sənaye nəqliyyat rabitə və digər təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardadda da göstərilmişdir ki, borclunun əmlak vəziyyəti araşdırılmış, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmiş, yalnız torpaq sahəsi aşkar edilmişdir. Göründüyü kimi, eyni icra sənədinin təmin edilməsi məqsədi ilə icra məmuru iki təqdimatla məhkəməyə müraciət etmiş, məhkəminin 27.01.2021-ci il tarixli qərardadı ilə başqa əmlak müəyyən edilmədiyi göstərilərək, borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmuş, 28.01.2021-ci il tarixli qərardad ilə isə yenə də başqa əmlak müəyyən edilmədiyi göstərilərək, borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Kollegiya hesab edir ki, məhkəmənin hazırki iş üzrə qənaəti düzgün olmamışdır, üzərinə həbs qoyulmuş torpaq sahəsinin dəyəri ödənilməli olan borc məbləğinə adekvat hesab edilməklə, eyni zamanda borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması əsassızdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, təqdimat əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 8(007)-24/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri 15 saylı Notariat Kontorunun 4818 saylı 18.11.2020-ci il tarixli icra qeydinin icrasının təmin edilməsi məqsədi ilə X3 məxsus olan “Opel Combo” minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatı təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar