Məhkəmə qərarları › İş №8(103)-178/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-178/2025

30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-178/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-18/2025 nömrəli qərardadından borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1305/2024 saylı icra sənədinə izah verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 ərizə ilə müraciət edərək "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsini rəhbər tutaraq, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evlərindən hansı mənzilə köçürülməni həyata keçirilməsinin müəyyən edilməsi qaydasına dair məsələyə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-18/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü i tarixli 2(006)- 1305/2024 nömrəli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1305/2024 nömrəli icra sənədinə “iddiaçılar Tələbkar və X3 ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan, iddiaçıların fərdi əşyalarının və Tələbkar cehiz əşyalarının olduğu fərdi yaşayış evinə köçürülsünlər” məzmununda izah verilməsi qərara alınmışdır. Hazırda borclunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-18/2025 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnaməyə əsasən Tələbkar və X3 ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməlidirlər. Cavabdeh tələbkarların ünvan üzrə bu köçürülməyə etiraz etməmişdir. Lakin tələbkarlar təklif edilən evə deyil, fərdi əşyalarının olduğu və uzun müddət yaşadıqları evə köçmək istədiklərini bildirsələr də, məhkəmə nəzərə almamışdır ki, tələbkarın cehiz əşyalarının olduğu mənzilə köçürülməsini istəməsi barədə iddia tələbi olmamışdır. Yəni, tələbkarın ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Nə iddia tələbində, nə də qətnamədə Tələbkar cehiz əşyalarının olduğu mənzilə köçürülməsi tələbi olmamışdır. Belə olan halda onun istəyi köçürülməsinin həyata keçirilməsi tam qanunsuz olmaqla məhkəmə də qəbul etdiyi qətnamənin məzmununa dəyişiklik etməklə ona tələbkarın istəyi formasında izah vermişdir. Halbuki, həmin tikili bir-birindən təcrid olunmuş ayrı-ayrı mənzillərdir və Borclu valideynləri tərəfindən qalan evdir. Еrmənistandan gələn sakinlər isə həmin mənzildə kirayədə qalırlar. Belə olan halda tələbkar ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi cavabdehin göstərdiyi evlərdən birinə olmaqla köçürülməli, tələbkar narazı qaldığı təqdirdə isə sonradan ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi tələbini irəli sürmək hüququnun olması izah edilməli idi. Lakin məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1305/2024 saylı icra sənədinə izah verilməsinə heç bir əsas olmadığı halda buna dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 ərizəsini tam əsassız olaraq təmin etmişdir. Məhkəmə özü qərardadda qeyd edir ki, qətnamə qəbul etməsi zamanı hər hansı qeyri-müəyyənliyə yol verməsi müəyyən edilməmişdir. Lakin eyni zamanda öz nəticəsinə zidd gedərək fərdi əşyalarının və Tələbkar cehiz əşyalarının olduğu evə köçürülmələrinə dair izah verməyi mümkün hesab etməklə faktiki olaraq qəbul etdiyi qətnamənin məzmununa dəyişiklik etmiş, iddia tələbindən kənar olan hissəyə qiymət vermişdir ki, bu da qanunla yolverilməzdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1305/2024 saylı qətnaməsinə görə iddia təmin edilməli, iddiaçılar Tələbkar və X3 Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməlidirlər. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra həmin tarixdə icra sənədi tərtib edilərək, icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, e343113/2024-5-36-001 saylı məktubuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1305/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə icra tədbirlərinin həyata keçiriləcəyi vaxt xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş, tərəflərə bu barədə məlumat verilərək, iştiraklarının zəruri olduğu bildirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin əməkdaşlarının iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta görə icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda olmuşlar. Borclu Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda 1 otaqlı mənzil təklif etsə də, Tələbkar həmin mənzildə yaşamaq istəmədiyini, digər cehizi olduğu mənzilə yerləşmək istədiyini bildirmişdir. Tərəflər aralarında razılığa gəlmədiklərindən ünvanın dədiqləşdirilməsindən ötrü məhkəmənin izah verməsi məqsədilə icra vaxtı təxirə salınmışdır. Hazırda isə icra məmuru məhkəməyə müraciət edib, qətnaməyə izah verilməsini xahiş etmişdir. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Resoublikası Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 saylı Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyətli olduqda işi həll etmiş, hakim (məhkəmə tərkibi) məhkəmənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçılar Tələbkar və X1 Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Mülki işə baxıldığı dövrdə tərəflər arasında yaranmış olan mübahisəyə düzgün qiymət verilməsi baxımından təkcə təqdim edilmiş sənədlər araşdırılmamış, eləcə də yerində müayinə aparılaraq, mübahisənin həllinə çalışılmışdır. Belə ki, iddiaçıların köçmək istədikləri fərdi yaşayış evi özbaşına tikili olmaqla, ünvan 2 ünvanda bir neçə tikili olduğu üçün iddiaçılar məhz daha öncədən yaşadıqları evə köçmək istədiklərini bildirmiş, yerində müayinə zamanı da sözügedən evin köhnə tikili olması və iddiaçıların izahatlarına əsasən özlərinə məxsus müəyyən əşya və əmlakların həmin tikilidə olması müəyyən edilmişdir. Baxmayaraq ki, qüvvədə olan qətnamə ilə iddiaçıların tələbi təmin edilərək, Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri mümkün hesab edilmiş, icra məmuru qətnamənin icrasını həyata keçirə bilməmişdir. Belə ki, tərəflərdən borclu İbrahim Qurbanov tələbkarların həmin ünvanda yerləşən 1 otaqlı evə köçürülə biləcəklərini bildirmiş, hansı ki, tələbkarların narazılığına səbəb olmuşdur. Tələbkarlar təklif edilən evə deyil, fərdi əşyalarının olduğu və uzun müddət yaşadıqları evə köçmək istədiklərini bildirmişlər. Tərəflər arasında mübahisənin məhkəmə qətnaməsi ilə həllinə nail olunmasına baxmayaraq, icra zamanı da eyni halların yaranmaması baxımından onların və icra məmurunun iştirakı ilə yerində müayinə aparılmış, yerində müayinə zamanı hər bir tərəf iddiaçıların daha öncədən yaşadığı evin onların fərdi əşyalarının olduğu evlə eyni olmasını təsdiqləmişlər. Buna görə də məhkəmənin qətnamə qəbul etməsi zamanı hər hansı qeyrimüəyyənliyə yol verməsi müəyyən edilməsə də, qətnamənin icrasına nail olmaqdan ötrü birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin edib, iddiaçıların yenə eyni ünvanda yerləşən, lakin fərdi əşyalarının və Tələbkar cehiz əşyalarının olduğu evə köçürülmələrinə dair izah vermişdir. Kollegiya hesab edir ki, borclunun şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar