Məhkəmə qərarları › İş №8(103)-179/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-179/2021

06.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-179/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X6 oğlunun iştirakı ilə, Tələbkar «xxxx» ASC-nin Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin «icraata xitam verilməsi haqqında» 05 fevral 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(006)-110/2021 saylı qərardadından tələbkar tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar «xxxx» ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı notariat ofisinin 30.12.2020-ci il tarixli, 8İ-10822 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmurunun 05.02.2021-ci il tarixli qərarının ləğv edilərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri 43 saylı Notariat Ofisində 30 dekabr 2020-ci il tarixdə Borclu ümumilikdə 1061,24 manat məbləğində borc və 20 manat dövlət rüsumunun tutularaq «xxxx» ASC-yə ödənilməsinə dair reyestrdə 8İ-10822 nömrə ilə qeyd edilməklə icra qeydi aparılmışdır. İcra qeydi icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şöbənin icra məmuru Vüqar Qaralov Borclunin öldüyünü əsas gətirərək, icra sənədinin icraatına xitam verilməsi haqqında qərar qəbul etmişdir. Lakin, şəxs vəfat etmiş olsa belə, icra məmuru borclunun ölümündən sonra vərəsəlik işinin açılıb - açılmaması, əmlak vəziyyəti, nikahda olub - olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakının olub - olmaması barədə məlumatların əldə edilməsi üçün sorğular etməmiş, icra işinə mötəbər sübutlar əlavə etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(006)-110/2021 saylı qərardadı ilə (hakim Anar İbadzadə) şikayət təmin edilməmişdir. Tələbkar qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – ilk şikayət ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qərardaddın əsassız olması, prosessual hüquq normalarının tələblərinin pozulması, icra sənədinin icra olunmaması, icraata əsassız və qanunsuz olaraq xitam verilməsi, işin hallarının tam və ətraflı araşdırılmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun mübahisələndirilən 05 fevral 2021-ci il tarixli qərarından görünür ki, «İcra haqqında» Qanunun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən (borclunun vəfat etməsi) Bakı şəhəri 43 saylı notariat ofisinin 30.12.2020-ci il tarixli, 8İ-10822 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instanstiya məhkəməsi icra məmurunun gəldiyi nəticə ilə razılaşaraq, şikayəti təmin etməmişdir. Halbuki, «İcra haqqında» Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, icraat zamanı tərəflərdən birinin sıradan çıxması (hazırki vəziyyətdə borclunun vəfat etməsi) özü-özlüyündə icraata xitam verilməsi üçün əsas deyildir. Belə olan halda, icra məmuru müvafiq qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz etməlidir. Qeyd edilən əsas üzrə icraata yalnız o halda xitam verilə bilər ki, məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsin. İcra sənədində isə aydın olur ki, tələb – borcludan 1061,24 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tələbkarın xeyrinə tutulması ilə bağlıdır. Göründüyü kimi həmin tələb vəfat etmiş şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilər. Bu səbəbdən də, vərəsələrin dairəsi, borcluya məxsus olan və vərəsəliklə keçən əmlakın olub-olmaması və s. bu kimi hallar tam və hərtərəfli yoxlanılmalı, nəticəyə uyğun əsaslandırılmış qərar qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin «icraata xitam verilməsi haqqında» 05 fevral 2021-ci il tarixli qərarından isə görünür ki, qərar ümumiyyətlə əsaslandırılmamış, borclunun vəfat etməsi ilə bağlı nəyə görə icraata xitam verilməli olması qeyd olunmamışdır. «İcra məmurları haqqında» Qanunun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları aydınlaşdırmamış, yalnız elekton məhkəmə sistemində borclunun ölməsinin, vərəsəlik işin açılmamasını və s. qeyd edilməsini göstərməklə kifayətlənmişdir. Halbuki, elekton məhkəmə sistemində borclunun ölməsinin, vərəsəlik işin açılmamasının qeyd edilməsi özü-özlüyündə qanunvericiliklə nəzərdə tutulmuş halların tam və hərtərəfli yoxlanılması aradan qaldırmır (vərəsəlik işi açılmasa da, vərəsələr mirası faktiki qəbul edə, onu idarə edə bilərlər). «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AİHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş şikayətə yenidən baxılması üçün göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar tərəflərin və icra məmurunun iştirakı ilə tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar «xxxx» ASC-nin Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin «icraata xitam verilməsi haqqında» 05 fevral 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(006)-110/2021 saylı qərardadından tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(006)-110/2021 saylı qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar