Məhkəmə qərarları › İş №8(103)-18/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-18/2021

12.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-18/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Borclu1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-567/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclular tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1655/2019 saylı qətnaməsinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 5000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclular Borclu1 və Borclu2 ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1655/2019 saylı qətnamənin hissə-hissə, hər ay 200 manat olmaqla icra olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1655/2019- cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Borclu1 və Borclu2 müştərək qaydada 5000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişlər. Lakin şikayətləri təmin edilməmiş və Ağdam Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Hal-hazırda maddi vəziyyətləri qətnamədə göstərilən məbləği tam ödəməyə imkan vermir. Hazırda dünyada və ölkədə hökm sürə pandemiya ilə əlaqədar Borclu2 işsizdir. Özünün isə qazancı 250 manatdır. Bu qazanc yalnız öz təlabatlarını ödəməyə imkan verir. Odur ki, hesab edirlər ki, qətnamənin icrasının hissə-hissə ödnilməsi barədə qərardad çıxarılarsa, ödəniş etmək iqtidarında ola bilərlər. Belə ki, öz qazancının 150 manatını, yoldaşının qazancının isə 75 manatını verməyə hazırdırlar. İkisi birlikdə ümumilikdə 200 manat ödəniş edə bilərlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-567/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: İlkin Əliyev). Həmin qərardaddan borclular şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-567/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Borclu1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə tələbkara, digər borcluya və maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını, ərizənin və şikayətin dəlillərini və icra iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-çi il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşin hallarına görə müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1655/2019 saylı qətnaməsinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 5000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq Tələbkar verilməsi qət edilmişdir. Hazırda da borclular həmin məbləğin hissə-hissə ödənilməsinin təmin edilməsini xahiş edirlər. Borclu 5000 manat məbləğində pulu aylıq 200 manat olmaqla hissə-hissə ödənilməsini xahiş edir. Hər bir halda faktiki olaraq təqribən 5000 manat ödənilməli olan icra sənədinin hər ay 200 manat ödənilməklə icrası, 2019-cu il tarixli icra sənədinin 25 aya yaxın müddətdə uzadılması deməkdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, bu hal tələbkarın mənafeyinə uyğun hesab edilə bilməz. Bundan başqa ərizədə Borclu1 ərizədə aylıq əmək haqqının 250 manat olmasına və digər borclu isə işsiz olmasına istinad edərək göstərilən məbləği birdəfəlik ödəməyə imkanları olmadığını bildirirlər və əmək haqqından tutulmanın aparılmasına etiraz etmirlər. Bununla bağlı kollegiya qeyd edir ki, hissə-hissə icra etmə barədə ərizənin təmin edilməməsi məcburi icra tədbirlərinin tətbiq edilməsini istisna etmir. Belə ki, “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, ərizədə göstərilənlərin qətnamənin hissə-hissə icra edilməsi üçün kifayət qədər əsaslı hesab edilməməsi və tələbkarın mənafeyinə uyğun olmaması səbəbindən ərizənin təmin edilməməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-567/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar