Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-180/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Borclunun nümayəndəsi X4 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadından Borclu vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun onun barəsində qəbul etdiyi “borclunun məcburi gətirilməsi haqqında” 27 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 27.01.2021-ci il tarixli “borclunun məcburi gətirilməsi” qərarına əsasən ünvan 1 ünvanda yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Həmin qərar 01.02.2021-ci il tarixdə borcluya göndərilmişdir. Həmin qərar tam qanunsuz və əsassızdır. Belə ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 07.09.2018-ci ildə icraatına daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4544/2018 nömrəli, 19.07.2018-ci il tarixli icra sənədi üzrə qərəzli olaraq borcluya heç bir rəsmi qərar və bildiriş göndərmədiyi, bugünə qədər keçən 28 ay müddətində heç bir məcburi icra tədbiri görmədiyi halda, yalnız son bir ayda tələbkarla olan işbirliyindən çıxış edərək barəsində qanunsuz qərar qəbul etmişdir. Belə ki, Nəsimi rayon məhkəməsinin 2(006)-4544/2018 nömrəli qətnaməsinə əsasən 13.11.2006cı ildə anadan olan X1 və 29.11.2009-cu ildə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanması üçün borcludan hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq X2 verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(103)-6210/2018 saylı qətnaməsi ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 121, 92 saylı mənzilin 1/3 hissəsinə onun pay hüququ müəyyən edilmişdir. Həmin qətnamədən sonra o, tələbkarla razılığa gəlmiş, razılığa əsasən o, mənzildə yaşamayacaq, tələbkar isə bunun qarşılığında aliment tələb etməyəcək və bundan imtina edəcəkdi. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 aliment barədə qətnamə icraatına 07.09.2018-ci ildə daxil olmasına baxmayaraq, təxminən 1-2 ay əvvələdək heç bir icra tədbiri görməmiş və həmin iş üzrə icraata başlamaq haqqında qərar və bildirişi belə borcluya göndərməmişdir. Həmin iş üzrə tələbkar isə aralarında olan razılaşmaya əsasən heç vaxt aliment tələb etməmiş və aliment ödəməyinə görə şikayət verməmişdi. Lakin təxminən 1-2 ay əvvəl tələbkarın alimentdən rəsmi imtinası olmadığından borclu borcunun yığılması barədə məlumat öyrəndikdə tələbkarın əsl niyyətinin onu alimentlə borclu vəziyyətə salmaq və bu yolla yaranmış borcu mülkiyyətində olan əmlaka yönəltmək olduğunu öyrəndikdə aralarında narazılıq yaranmış və borclu mənzilinə köçürülmə ilə bağlı iddia qaldırmışdır. Həmin zaman icra məmuru tələbkarla əlbir olaraq müxtəlif qanuni və qanunsuz hədələrlə ondan evi tələbkarın adına rəsmiləşdirməyini tələb etmişdir. Həmin vaxt borcluya Şöbəyə gəlməyi bildirilmiş və borclu şöbəyə gəldikdə ona evi tələbkarın adına rəsmiləşdirməsi, yoxsa onun həbs ediləcəyi bildirilmişdir. İcra məmurunun həmin qərəzli hərəkətlərindən və əmlakı olaola, həmin əmlakı tələbkarın adına rəsmiləşdirməyə məcbur etməsindən sonra belə bir qərəzli qərar qəbul etməsi tam qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 27.01.2021-ci il tarixli “borclunun məcburi gətirilməsi” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-97/2021 saylı, 01 mart 2021-ci il tarixli qərardadı ilə Borclu Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun “borclunun məcburi gətirilməsi haqqında” 27 yanvar 2021-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu icra məmurunun bütün çağırışlarına gəldiyi halda, mülkiyyətində əmlak olduğu halda, icra məmurunun qanunsuz hərəkət və hərəkətsizliyi olduğu halda məhkəmə qərardadın yalnız sonunda bir cümlə ilə şikayətin əsaslandırıldığı halların sübuta yetirilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi F.Rüstəmli şikayəti müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış Tələbkar, habelə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə, materiallar Borclu məcburi gətirilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun təqdimatına yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi və ya yayındığı təqdirdə mümkündür. Lakin iş materiallarında icra məmurunun öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutlar, yəni borcluya tələbin könüllü icrası üçün bildirişin real olaraq göndərilməsi və təqdim edilməsi, həmçinin xəbərdarlıq olunması və onun icra şöbəsinə dəvət edilməsi barədə sənədlər mövcud deyildir. Həmçinin işdə olan materiallardan birinci instansiya məhkəməsi tərəfindən icra işinin öyrənilməsi və həmin icra işi ilə borclunun real olaraq icra sənədi barədə məlumatlı olduğunun sübut olunması görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən icra vərəqəsinin və bununla bağlı icraata başlamaq haqqında qərarın, eləcə də könüllü icra barədə bildirişin həqiqətən də borcluya təqdim edilib-edilmədiyini, onun icra şöbəsinə dəvət olunub-olunmadığını və üzrsüz səbəbdən bundan yayınıb-yayınmadığını araşdırmalıdır. Lakin təqdimata və şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından məhkəmə tərəfindən icra işinin tələb edilərək öyrənilməsi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanılması və borclunun icra şöbəsinə məcburi gətirilməsi üçün prosessul və maddi hüquqi əsasların mövcud olub-olmadığının araşdırılması ümumiyyətlə, görünmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, Borclu məcburi gətirilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun təqdimatına yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalı, işə yenidən baxarkən tərəflərin iştirakı təmin edilməklə icra işi ilə bağlı zəruri hallar araşdırılaraq təqdimata qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-97/2021 saylı, 01 mart 2021-ci il tarixli qərardadı qərardadı ləğv edilsin və iş materialları Borclu məcburi gətirilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun təqdimatına yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Elşən Kazımov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-180/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-180/2021
29.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver