Məhkəmə qərarları › İş №8(103)-182/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-182/2020

09.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-182/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), x15 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Borclular Borclu, x4 və x5 vəkili x11 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 8(004)-93/2020 saylı qərardadından tələbkar x14 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar x14 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2011-ci il tarixli, 2(004)-536/2011 saylı icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin qətnamənin icrasının dərhal təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 8(004)-93/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Qeyd edilən qərardaddan tələbkar x14 şikayət verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2011-ci il tarixli, 2(004)-536/2011 saylı qətnaməsi ilə cavabdehlər Borclu və digərlərinin ünvan 1 ünvanında yerləşən 66 saylı mənzildən çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamə əsasında Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 11.02.2011-ci il tarixli 2(004)-536/2011 saylı icra vərəqəsi 31.01.2012 tarixində Yasamal rayon icra şöbəsinin icraatına daxil olmuşdur. Qətnamənin icraya yönəldilməsindən 7 il keçməsinə baxmayaraq, hələ də icra olunmamışdır. Bununla bağlı olaraq, dəfələrlə icra şöbəsinə müraciət etmiş, amma faydası olmamışdır. İcra məmuru Səvxan Abasov icra ilə bağlı heç bir tədbir görməyərək qanunvericiliyi birbaşa pozmaqla yanaşı, konstitusiya və digər qanunlarla qorunan mülkiyyət hüququnu ciddi şəkildə pozmaqda davam edir. İcra məmuru Səvxan Abasovun qətnamənin icrasını təmin etmək məqsədilə “xxxxxx” ASC, “xxxxxxxx” ASC və digər qurumlara müraciəti qanunvericiliyə uyğun deyildir, icra sənədinin icrası ilə uyğunluq təşkil etməyən qanunsuz hərəkətlərdir və bu qədər uzun müddətdə məsələnin həll edilməməsi nəzərə alınarsa, ancaq vaxt itkisindən başqa bir şey deyildir. İkincisi, Səvxan Abasov icra sənədinin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bildirir ki, Borclu və digərləri hal-hazırda ünvan 2 ünvanında yerləşən mənzildə yaşamır, özlərinə məxsus evdə yaşayır və həmin mənzil hal-hazırda boşdur. Lakin o hələ də mənzilinə daxil ola bilmir. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səvxan Abasov, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qətnamənin icrası ilə bağlı icra sənədi olmasına baxmayaraq, mənzilinə maneəsiz daxil olmasını və orada yaşamasını təmin etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 8(004)-93/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borcluların vəkili şikayətə etiraz edərək təmin edilməməsinixahiş etdi. Vəkil İlqar Cavadov izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslər məcburi köçkün olmaqla başqa yaşayış yerləri yoxdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onlara mənzil sahəsi verildiyi təqdirdə onlar qətnaməni dərhal icra edəcəklər. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tələbkar və hərəkətsizliyindən şikayət verilən icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borcluların vəkilinin izahatını dinləyib iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, tələbkarın şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 8(004)-93/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 24.02.2012-ci il tarixdə icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən borcluların köçürülməsinin təşkili, onların müvafiq yaşayış yeri ilə təmin olunmaları barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilən sorğudan aydın olur ki, hazırda Azərbaycan Respublikası Prezidentinin müvafıq Fərman və Sərəncamlarına əsasən respublikanın şəhər və rayonlarında məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdə boş mənzil olmadığından məcburi köçkün Borclu və onun ailə üzvlərinin yeni yaşayış sahəsi ilə təmin edilməsi hələlik imkan xaricindədir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na “Əlavələr”in 1.4-cü bəndində Bakı və Sumqayıt şəhərlərində başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni yaşayış sahələrinə köçürülməsi nəzərdə tutulmuşdur. “Dövlət Proqramı”na edilmiş “Əlavələr” icra olunarkən iddiaçı x8 məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsinin köçürülməsinə də qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə icra məmuru tərəfindən göndərilən çoxsaylı sorğulara cavab olaraq Borclu adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmiş və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə edilən sorğu nəticəsində 03.10.2019-cu il tarixli məktubla bildirilmişdir ki, məcburi köçkünlər Borclu, x9, x1 rayonu Yeni Yasamal ev 2 mənzil 66, x2 rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol yaşayış massivi ev 2 ünvanında müvəqqəti məskunlaşmış və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iş üzrə borclular Borclu, x5 və x3 iştirakı ilə tərtib edilmiş 29.01.2020-ci il tarixli aktdan isə göründüyü kimi borclular Borclu, x5 və x3 hazırda ünvan 4 ünvanında yaşamaları müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.2-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurunun hərəkətindən şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmuru üzərinə düşən vəzifəni yerinə yetirərək icraata başlamaq haqqında qərar qəbul edərək müvafiq icra hərəkətlərini həyata keçirmişdir. Hal-hazırda həmin icra işi icra məmuru Səvxan Abasovun deyil, Bəxtiyar Babayevin icraatında olmaqla icra hərəkətləri davam etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tələbkar x6 şikayətini təmin etməmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar x6 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 8(004)-93/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar