Məhkəmə qərarları › İş №8(103)-183/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-183/2022

24.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-183/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, icra sənədi üzrə tələbkar X1 Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarından şikayətə dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından icra sənədi üzrə Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Binəqədi RM tərəfindən verilmiş 2(001)-3255/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə görə Binəqədi rayonu, Axundov küçəsində yerləşən 9 nömrəli ev açıq hərracda satılaraq satışdan əldə edilən pul payalara mütənasib şəkildə 4/18 hissə Borclu, 7/18 hissə X3, 7/18 hissə X2 ödənilməlidir. Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, həmin icra sənədi üzrə icraat dayandırılsın. Əsas kimi ona istinad olunub ki, qiymətləndirici “X5 Azerbaijan” MMC-nin rəyi ilə həmin ev 14.000 manat məbləğində qiymətləndirilib, hərracın təşkili və keçirilməsi üçün icra vərəqəsi "xxxx" MMC-yə göndərilib. İcra icraatnda tərəf olan Sevil Məmmədova və Fidan Hüseynova qiymətləndiricinin rəyinin ləğv edilməsi üçün ərizə ilə Səbail RM-nə müraciət ediblər. Rəyin ləğv edilməsi ehtimalı nəzərə alınaraq icra sənədi üzrə icraat dayandırılmalıdır. Qərarda hüquqi əsas kimi “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin göstərişinə istinad olunub. İcra sənədi üzrə tələbkar X6 RM-nə şikayət edərək icra məmurunun həmin qərarının ləğv edilməsini xahiş edib. Binəqədi RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilsin, icra məmurunun həmin qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. İcra sənədi üzrə Borclu vəkili və nümayəndəsi Nümayəndə Binəqədi RM-nin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək xahiş edib ki, həmin qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Bunun 2 səbəbi var. Birinci, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Belə bir mübahisə qaldırılmaıyb. Ona görə də icra məmurunun həmin maddənin göstərişinə istinad edərək icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etməsi qanunsuzdur. İkinci, “İcra haqqında” Qanunun 21.5-ci maddəsinə görə icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı iş metariallarına əlavə edilib. Qərardan görünür ki, o, icra qurumunun rəhbəri tərəfindən yoxlanılmayıb və təsdiq edilməyib. Beləliklə, birinci instansiya məhkəməsi icra məmurunun qərarını ləğv etməklə düzgün nəticəyə gəlib, məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar