Məhkəmə qərarları › İş №8(103)-184/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-184/2021

21.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-184/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-461/2020 saylı, 04 avqust 2020ci il tarixli qərardadından Hacızadə Şakir Muxtar oğlu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, 20 dekabr 2012-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdeh Məmmədov Mübariz Müzəffər oğlundan 57000 ABŞ dollarının Azərbaycan manatı rnəzənnəsi ilə alınıb iddiaçı Hacızadə Reyhan Təvəkkül qızına verilməsi qət edilmişdir. Tərəflər Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, 20 dekabr 2012ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsinin təmin etmək məqsədi ilə icra vərəqəsi üzrə barışıq sazişi bağlamış və onun təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişlər. Barışıq sazişinin şərtlərinə görə: 1. Hacızadə Reyhan Təvəkkül qızı borclu Məmmədov Mübariz Müzəffər oğlu tərəfindən birdəfəyə 11700 ABŞ dolları və 110 manat ona ödənildiyi təqdirdə yerdə qalan ödənilməmiş məbləği borclu Məmmədov Mübariz Müzəffər oğluna güzəşt etməyi və bir daha ona qarşı qeyd olunan mülki iş üzrə iddiası və tələbi olmayacağına dair üzərinə öhdəlik götürür; 2. Məmmədov Mübariz Müzəffər oğlu 11.700 ABŞ dolları və 110 manat pulu birdəfəyə Hacızadə Reyhan Təvəkkül qızına ödəməyə dair üzərinə öhdəlik götürür; 3. Hacızadə Reyhan Təvəkkül qızı borclu Məmmədov Mübariz Müzəffər oğlu tərəfindən birdəfəyə 11.700 ABŞ dolları və 110 manat ona ödənildikdə dərhal bu barədə Yasamal rayon icra və probasiya şöbəsinə rəsmi məlumat verilməsinə dair və qətnamə üzrə icra icraatına xitam ferilməsinə dair müraciət etməyi üzərinə öhdəlik götürür; 4. Tərəflər razılaşırlar ki, Bu Sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının Qanunvericiliyi ilə tənzimlənəcəkdir; 5. Bu Barışıq Sazişi tərəflərin iradə ifadəsini əks etdirir; 6. Bu Barışıq Sazişi üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir; 7. Bu saziş təsdiq edildikdən sonra tərəflər həmin saziş üzrə öhdəliklərini yerinəyetirməzsə, bu iş üzrə tərəflərin müvafiq iddia tələbi ilə yenidən məhkəməyə nüraciət etməsinə əsas verir; 8. Bu barışıq sazişi hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 3 nüsxədə hazırlanmış və imzalanmışdır.“ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-461/2020 saylı, 04 avqust 2020ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Həmin qərardaddan qərardadın maraqlarına toxunduğunu irəli sürən Hacızadə Şakir Muxtar oğlu şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini Reyhan Hacızadə ilə birgə nikah dövründə əldə etdikləri 57.000 ABŞ dollarını borc verdikləri və hazırda Reyhan Hacızadənin həmin borca dair barışıq sazişi bağlaması arqumenti ilə əsaslandırmışdır. Məhkəmənin 05 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı ləğv edilməklə işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə görə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən isə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-461/2020 saylı, 04 avqust 2020-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin, habelə maraqlı şəxsin iştirakını təmin etməklə barışıq sazişinin bağlanmasının və təsdiq edilməsinin onun hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığını araşdırmaqla barışıq sazişinin təsdiq edilməsi məsələsinə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-461/2020 saylı, 04 avqust 2020ci il tarixli qərardadı ləğv edilərək iş barışıq sazişinin təsdiq edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar