Məhkəmə qərarları › İş №8(103)-184/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-184/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-184/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbka Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: alimentin indeksasiyası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 saylı, 17 mart 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-5401 /2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5401/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək hər ay 246 manat sabit pul məbləğinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bu məbləğ uşağın minimum dolanacaq xərclərini ödəməyi üçün, əlavə məktəb hazırlıq xərclərini ödəməyi üçün, cavabdeh tərəfindən verilən alimentin artırılması zərurəti yaranmışdır.

3. Borclu ərizəyə etiraz verərək, bildirmişdir ki, ərizəçi Tələbkar tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəpəri Yasamal rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən tutulan alimentin sabit pul məbləğində indeksasiya edilməsi xahiş edilmişdir. İddiaçı Tələbkar məhkəməyə müraciət edərkən xatırlamışdır ki, aliment almaq üçün uşaqların saxlanılması valideynlərin borcudur. Lakin uşaqla ünsiyyət təmin olunarkən qanunun bu tələbinə məhəl qoymamışdır, dəfələrlə süni maneələr yaradaraq valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduğuna əhəmiyyət verməmişdir. Cavabdeh tərəfindən Ailə Məcəlləsinin 12-ci fəslində nəzərdə tutulmuş hüquqları pozulmuşdur, o, müvafiq icra qurumuna müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarda tərəfindən qeyd olunanlardan əlavə olaraq bildirir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli, 2(004)-5401/2016- cı il tarixli qətnaməsinə əsasən 117 manat sabit pul məbləğində alimentin tutulması 15 avqust 2016-cı il tarixdən hesablanmışdır. Həmin tarixdən bugünədək ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır, tərəfindən rəsmi olaraq, 1563 manat artıq ödəniş edilmişdir. Aliment məbləği artırılarkən və bu məbləğin hesablanması zamanı tərəfindən artıq ödənilmiş məbləğin nəzərə alınması, həmin məbləğ yekunlaşdıqdan sonra artırılmış məbləğin ödənilməsinə tərəfindən başlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 saylı, 17 mart 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5401/2016 nömrəli, 15 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləğinin 11 mart 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Belə ki, 2016-cı il ölkə üzrə minimum əmək haqqının məbləği 105 manat müəyyən edilmişdir. 117 manat sabit pul məbləğində aliment 2016-cı il üçün minimum əmək haqqının 1,11 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunmalıdır.

6. Birinci instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarınıa istinadla əsaslandırmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərardadınln ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmə Plenumunun qeyd edilən qərarında göstərilən misaldan da görünür ki, məhkəmə ilk əvvəl alimentin məbləğini müəyyən etməli, sonra isə həmin məbləği həmin il üzrə minimum əmək haqqı məbləğinin mislinə münasibətdə göstərməlidir. Hazırki işdə isə alimentin məbləği 2016-cı ilin uşaqlar üçün minimum yaşayış səviyyəsi ilə müəyyən edilib, bu zaman həmin məbləğ yenədə 2025-ci ilin uşaqlar üçün minimum yaşayış səviyyəsi ilə müəyyən edildikdən sonra 2025-ci il üzrə minimum əmək haqqının müəyyən həddinə uyğun sabit pul məbləğində tutulması qərara alınmalı idi. Qanunvericilikdə alimentin artırılmasının iki üsulu alimentin indeksasiyası və alimentin miqdarının dəyişdirilməsi nəzərdə tutulmuşdur. Hazırki tələb alimentin indeksasiyası olduğuna görə indeksasiya uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış həddinə münasibətdə aparılmalı idi. Çünki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5401/2016 nömrəli, 15 avqust 2016-cı il tarixli qətnaməsi qəbul edildikdən sonra Qanunvercilik artıq bu məbləği illər üzrə indeksasiya etmiş, 2025-ci il üçün isə həmin məbləği 246 manat müəyyən etmişdir. Məhkəmə sadəcə alimentin məbləğini 246 manat müəyyən etməli, həmin məbləği sonrakı artımlar nəzərə almaqla 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli məbləğində göstərməli idi.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 saylı 017 mart 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

12. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

13. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

14. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.

15. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

16. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

17. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

18. 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

19. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir.

23. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır.

24. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir.

25. Belə ki, məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən alimentin 117 manat həddində müəyyən edildiyini, alimentin məbləğinin dəyişdirildiyi təqvim ilində ölkə üzrə mövcud olmuş minimum əmək haqqı məbləğini, yəni 2016-cı ildə ölkə üzrə minimum əmək haqqının 105 manat məbləğində müəyyən edildiyini nəzərə almış, müvafiq hesablamanı, Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləğinə münasibətdə (117 / 105 x 400) aparmışdır.

26. Borclunun şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, onun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.

27. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər.

28. Bununla əlaqədar borcluya izah edilsin ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli 2(004)-5401/2016 saylı qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər.

29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 saylı 17 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar