Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-185/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Tələbkar “yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 248/2025 nömrəli işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Tələbkar “alimentin indeksasiya edilməsi” tələbinə dair ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1937/2024 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 235 manat sabit pul məbləğində alimentin məbləği sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2, 232.1, 232.2, 232.3; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 8.4-2; Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamına istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1937/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, alimentin məbləği artırılmış, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsini və 2025-ci il üçün Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqının müvafiq miqdarında müəyyən edilməsini xahiş edir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1937/2024 nömrəli qətnaməsinə əsasən aliment miqdarı 235 manat məbləğdə müəyyən edilmişdir. 2024-cü ilin iyun ayı üzrə ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 235 manat məbləğdə aliment 2024-cü il üzrə minimum əmək haqqının 0,68 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (235 manat : 345 manat = 0,68 misli) misli həddində indeksasiya olunmalıdır. Nəzərə alınır ki, bu halda 2025-ci il üçün alimentin miqdarı 272 manat (400 manat x 0.68 = 272 manat) (246 manatdan 26 manat yüksək) təşkil edəcəkdir. Lakin, məhkəmə mövcud məhkəmə təcrübəsindən kənara çıxmağı məqsədə müvafiq hesab etmir. Bu xüsusat tələbdən kənara çıxmaq kimi qiymətləndirilmir. Borclu məhkəməyə yazılı vəsatətlə müraciət edərək aliment məbləğinin 50% hissəsinin bank hesabına köçürülməsini xahiş etmişdir. Həmin vəsatət əsassızdır və təmin edilməməlidir. Belə ki, tutulan aliment miqdarı uşağın minimum xərclərinin qarşılanmasına kifayət edəcəyindən həmin vəsaitin 50% hissəsinin bank hesabına köçürülməsi həm uşağın xərclərinin (təhsil, geyim, istirahət, sağlamlıq, tibbi və s.) qarşılanması nöqteyi-nəzərdən mənafeyinə uyğun deyildir, həm də digər valideynin (ana) maddi baxımdan əsassız yüklənməsinə səbəb olacaqdır. Əgər müəyyən edilən aliment məbləği yüksək miqdarda ( minimum əmək haqqının 3-4 misli və s.) təşkil etsə idi, bu halda həmin vəsaitinin 50%-ə dək hissəsinin bank hesabına köçürülməsi məsələsinə baxıla bilərdi. Yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin tutulmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Və eyni zamanda indeksasiya zamanı uşaqlar üçün yaşayış minimumu məbləği yox, ölkə üzrə minimum əmək haqqı məbləği əldə rəhbər tutulur. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh şikayət vermiş və tarixli qərardadını ləğv edərək, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 246 manat məbləğində, yəni 0,61,5 misli həddində hesablanıb indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə, 127-ci maddənin 1-ci bəndinə; Azərbaycan Respublikasında 2025ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa ; "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiuya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, onun aylıq qazancı dəyişən olmaqla ***-**** (üç yüz əlli dörd yüz) manat təşkil edir. Bundan başqa hər hansı əlavə qazanc yeri yoxdur. Öhdəliyində yaşlı anası, tələbə qardaşı var. Məhkəminin qərardadında müəyyən etdiyi alimentin məbləğinin sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması ondan hər ay 272 manat məbləğində alimentin tutulmasına səbəb olacaqdır. Bu isə onun maddi vəziyyətini çox ağırlaşdıracaq. Birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən onun maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmamış, nəticədə qanunsuz və ədalətsiz qərardad qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-248/2025 saylı işi üzrə xx.xx.2025 -ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdeh məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Yasamal rayon məhkəməsinin Hakimi Fariz Əlizadə onun maddi durumunu nəzərə almadan ədalətsiz qərar verərək 2024-ci il minumum əmək haqqının 0.68 misli həddinə hesablayıb 235 manatdan artırıb 272 manat aliment kəsmişdir. O bir vətəndaş olaraq bilmək istəyir və bu onun hüququdur məhkəmə minumum əmək haqqından uşaq üçün ayda 272 manat aliment tutur və vətəndaş 1 ay geridə qalan günlərini o pulnan necə yaşasın? Azərbaycan Respublikası "Məhkəmələr və Hakimlər Haqqında" Qanun 95- ci maddəsinə əsasən, Hakimlərin andı onların ədalətli və qərəzsiz olacağına, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına and içiblər. Bundan əlavə Tələbkar uşağı ona vaxtında göstərmir və bu da ona bir ata kimi psixoloji təsir edir. Bu işə aid Nizami rayon məhkəməsi və Apellyasiya məhkəməsi tələbkarı 500 manat İnzibati məsuliyətə cəlb etmişdir. Həmçinin Tələbkar 2025-ci il üçün Mediasiya və Yasamal rayon məhkəməsinə iddia qaldıraraq 250 manat aliment məbləgi istəmişdir və məhkəmə tələbkarın sənədləri düzgün olmadığına görə geri qaytarmışdır. Onun hər ay alimentdən əlavə maddi xərcləri var. 2017-ci ildə atası vəfat edəndən bəri ailənin bütün yükü üzərindədir və ailədə bir tək o işlədiyinə görə, həmçinin onun qazancı qeyri -müntəzəm, dəyişən olduğu üçün bu ona çox çətindir. Məsələn Kapital banka hər ay 400 manat ödəyir, evin kommunal xərcləri, işsiz və yüksək təyziq, şəkər, zob xəstəsi anasının müalicə və dərmanları, tələbə qardaşının xərcləri, evinin ərzaqı və s. Hər ay qaçrılmaz maddi problemlərlə qarşılaşır.Bu səbəbdən də məhkəmədən 8(103)-185/2025 saylı iş üzrə məhkəməyə aid təqdim etdiyim sübutların qəbul edilməsini və Yasamal rayon məhkəməsinin çıxardığı Qərdadın ləğv edilməsini, hal-hazırda onun maddi durumunu nəzərə alaraq alimenti azaldıb ölkə üzrə minumum əmək haqqına uyğun olaraq, maksimum onun hər ay verə biləcəyi 250 manatdan çox olmayan məbləğin misli həddinə hesablanıb, indeksasiya olunması barədə qərardad çıxarmağını istəyir. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz ərizəsini təqdim etmiş və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Kollegiya borclunun münasibətdə qeyd etməyi zəruri bilir ki, hazırda tələb alimentin indeksasiyasıdır. Cavabdehin ərizəsində qeyd etdiyi hallar və təyin edilməsini istədiyi məbləğ hazırkı icraat həddindən kənara çıxır. Belə ki, borclu tərəfindən edilən müraciətlər məhkəmə tərəfindən müəyyən müəyyən olunmuş alimentin miqdarının dəyişməsinə yönəlmişdir ki, bu da iddia icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkməsəinin mövqeyi ilə razılaşaraq, borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı halda məhkəmə tərəfindən aliment məbləğinin indeksasiya məsələsinə baxılır, şikayətdə göstərilən dəlillər isə (aylıq qazancının aşağı olması, hər hansı əlavə gəlirinin olmaması, öhdəliyidə anasının və qardaşının olması və s.) alimentin azaldılması barədə iddia vermək üçün əsas sayıla bilər. Kollegiya qeyd edir ki, hazırki dəlillərlə borclu tələbkara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Belə olan halda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-248/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-185/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-185/2025
07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver