Məhkəmə qərarları › İş №8(103)-186/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-186/2021

03.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-186/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Tələbkar «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 10.03.2021-ci il tarixli qərardadının Borclu2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Abdullayevin 07.03.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11766/2016 saylı, 21.10.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar “xxxx” (Azərbaycan) ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 21.10.2016-cı il tarixli 2(004)- 11766/2016 saylı icra vərəqinə dair “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən qəbul edilmiş 07.03.2018-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 05.02.2021-cu il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayevin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 07.03.2018-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İş üzrə Borclu1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 05.02.2021-cu il tarixli qərardadından şikayət verərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 25.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə Borclu1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 05.02.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş üzrə yeni məhkəmə baxışı təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 10.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayevin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 07.03.2018-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 10.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini, iş üzrə tələbkar “xxxx” (Azərbaycan) ASC-nin şikayətinin rədd edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 bildirdi ki, şikayət qəbul etmir. Çünki, şikayət icra işinin uzadılması üçün verilib. Şikayətə baxılması vaxtı və yeri haqqında borclulara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməz. İkincisi, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin mübahisələndirilən qərar ümumiyyətlə hər hansı bir formada əsaslandırılmamış, yalnız icra hərəkətləri nəticəsində icra vərəqəsinin icraatına xitam verildiyi göstərilmişdir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 10.03.2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-90/2021 nömrəli, 10.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar