Məhkəmə qərarları › İş №8(103)-186/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-186/2023

09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-186/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-102/2023 nömrəli qərardadından Bakı şəhəri, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-102/2023 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Hazırda Bakı şəhəri, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsi və icra sənədinə əsas olmuş qətnamənin izahı ilə bağlı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, məhkəmə əsassız olaraq ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, qətnamə ilə müəyyən edilmiş vaxtlarda azyaşlı Zəhra təhsil aldığından tələbi təmin etmək mümkün olmamışdır. Bu da tələbkarın huquqlarının pozulmasına və onun haqlı narazılığına səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-102/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2108/2021, saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkarnın xx.xx.2015-ci il təvəllüdlü X3 ilə ardıcıl olaraq hər həftənin çərşənbə axşamı və cümə günü saat 14:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi, icra sənədində və həmin icra sənədinin verilməsinə əsas olmuş qətnamənin nəticə hissəsində aydın və dəqiq olmayan, hər hansı bir ziddiyyət təşkil edən ifadələr, qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud deyildir. Eyni zamanda şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən dəlil qətnaməyə izah verilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqların icra sənədi ilə müəyyən edilmiş vaxtlarda dərslərdə olması, yəni qətnamənin icrasına müəyyən çətinliklər törənməsi subyektiv deyil, obyektiv səbəblərdən olmuşdur. Borclu şəxs qətnamənin icrasını maneçilik törətmir, yalnız uşaqların təhsil almaları üçün müəyyən edilmiş vaxt çərçivəsində uşaqların qətnamənin icrası qaydasında həmin saatlarda və günlərdə ünsiyyət hüququnun həyata keçrilməsi üçün gətirə bilməyəcəyi bildirmişdir. Uşaqla ünsiyyət qanunvericiliyin tələbləri baxımından valideynlə yanaşı ilk növbədə uşaqlarınmənafeyinin qorunmasına xidmət etməlidir. Belə olan halda qətnamə ilə uşaqla ünsiyyət üçün müəyyən edilmiş və saatlar dəqiq göstərilməklə aydın və dəqiq, o cümlədən ziddiyyətli olmadığından obyektiv səbəblərdən baş verən bu halın aradan qaldırılması qətnaməyə izah verilməsi ilə deyil, icra üsulunun və ya qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət edilməsi ilə aradan qaldırıla bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz və buna görə də, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)- 102/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-102/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar