Məhkəmə qərarları › İş №8(103)-186/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-186/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-186/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-125/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu həyat yoldaşı Maraqlı şəxs mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsinin və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022-18 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu həyat yoldaşı Maraqlı şəxs məxsus Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsinin və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan Borclu şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, qərardad ləğv edilmiş və təqdimata yenidən baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 125/2024 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022-18 saylı, xx.xx.2022- ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu həyat yoldaşı Maraqlı şəxs məxsus Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsinin və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsinin ½ hissəsinin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın qismən ləğv edilməsini, həmin hissədə təqdimatın təmin edilməməsini, qalan hissədə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi onun həyat yoldaşının mülkiyyətindədir. O iş üzrə borclu olmadığı ücün onun mülkiyyətində olan əmlak üzərinə həbs qoyula bilməz. Məhkəmə nəzərə almamışdır ki, bügünədək onun və həyat yoldaşı Maraqlı şəxs ümumi əmlakın bölgüsü aparılmamış və paylar müəyyən edilməmişdir. Məhkəmə qərardad qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1,6.1.1, 44.1, 45.1, 50-ci maddələrinə istinad etmiş, lakin həmin maddələrdə iş üzrə tərəf olmayan kənar biş şəxsin əmlaklarının üzərinə həbs qoyulmasının nəzərdə tutulmamasına hüquqi qiymət verməmişdir. Belə ki, “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, “Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi Borclu arvadı Maraqlı şəxs xüsusi mülkiyyətindədir və bu səbəbdən borclunun öhdəlikləri üzrə ödəmə ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilməlidir”. Məhkəmənin bu dəlilləri ilə tamamilə razılaşmırıq. Ona görə də məhkəmənin iş üzrə tərəf olmayan şəxsin Maraqlı şəxs mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmasına dair təqdimatın verilməsi və ½ hissəsində həbslə bağlı qərardadında qeyd edilən dəlillər əsassızdır. Belə ki, məhkəmə qərardad qəbul edərkən Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi onun həyat yoldaşının Maraqlı şəxs mülkiyyətində olan əmlaka həbs qoyulmuşdur. Lakin qərardadını əsaslandıra bilməmiş, bu isə qanunla yolverilməzdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamış, onlara lazımi hüquqi qiymət verilməmişdir. Hesab edir ki, sözügedən qərardadla həyat yoldaşının Maraqlı şəxs əmlakları üzərinə həbs qoyulması əsassızdır. Ona görə də qərardad təqdimatın qismən təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə təmin edilməməlidir. Qərardad təqdimatın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 125/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 224.1-cü maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər; 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli, 1/2024 nömrəli qərarının: 6.42-ci bəndinə əsasən ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur; 6.43-cü bəndinə görə isə eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikasının mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından vurğulayır ki, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-2022/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 510.000 manat əsas, 70.125 manat faiz və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi borclu tərəfindən könüllü olaraq icra edilməmişdir. Bununla bağlı həyata keçirilmiş məcburi icra tədbirləri çərçivəsində icra məmuru borclunun əmlak vəziyyətini yoxlamış və bu zaman yalnız ümumi mülkiyyətdə olan əmlakın olduğunu müəyyən etmişdir. Belə ki, Abşeron rayonu, Fatmayı kəndində 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha torpaq sahəsi borclunun həyat yoldaşı Maraqlı şəxs mülkiyyətindədir. Həmin əmlak onların birgə nikahda olduğu dövrdə əldə edilmiş, lakin payları ayrılmamışdır. Hazırda da icra məmuru həmin əmlakların üzərinə həbs qoyulmasını tələb edir. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyə istinadən qeyd edir ki, icra icraatı çərçivəsində icra məmurunun aşkar etdiyi ümumi mülkiyyət hüquqü üzrə borcluya məxsus paya tutma yönəldilməsinin xüsusi qaydası və ardıcıllığı müəyyən olunmuşdur:

1. kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etməsi;

2. payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməsi;

3. ümumi mülkiyyətin qalan iştirakçıları borclunun payını almaqdan imtina etdikdə kreditorun tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında da göstərilən tələblərə əməl edilməsinin vacibliyi vurğulanmışdır. Bununla belə, tələbin borclunun öhdəliyi (o cümlədən ərin (arvadın) şəxsi öhdəliyi) üzrə onun ümumi mülkiyyətdəki payına yönəldilməsi yalnız məhkəmə qərarının icrası zamanı baş verə bilər. Belə ki, tələbin borclunun öhdəliyi üzrə onun ümumi mülkiyyətdəki payına yönəldilməsi yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə mümkündür, yəni bütün hallarda icra sənədi olmalı və tutmanın növbəliyə riayət etməklə həyata keçirilməsi məqsədilə borclunun əmlak vəziyyəti yoxlanılmalıdır. Borclunun başqa əmlakının olub-olmaması və həmin əmlakın borcun ödənilməsinə kifayət edib-etməməsi isə yalnız icra icraatı çərçivəsində müəyyən oluna bilər. Qeyd edilənlər bu qənaətə gəlməyə əsas verir ki, icra məmuru borclunun əmlak vəziyyətini yoxlamalı və yoxlama nəticəsində təkcə ümumi mülkiyyətdə olan əmlak aşkar etdikdə, tələbkara tutmanın Mülki Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla borclunun həmin əmlakdakı payına yönəldilməsi barədə iddia qaldırmaq hüququnun olmasını izah etməlidir. Belə ki, göstərilən tələb hüququ müstəsna olaraq kreditora məxsusdur. Bu səbəbdən icra məmurunun hazırki təqdimatı təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə riayət etməmiş və həm təqdimatı qismən təmin edərkən, həm də qalan hissədə rədd edərkən məsələyə düzgün hüquqi qiymət verməmişdir. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-125/2024 saylı qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-125/2024 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu arvadı Maraqlı şəxs mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar