Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-187/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, onun maliyyə vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından 2(103)-4578/2021 saylı qətnamənin icrasını dəyişdirərək borcun hər ay 150 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizəçidən vaxtı ilə satılmış avtomobilin dəyərinin yarısı, yəni 6400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət olunmuşdur. Bundan sonra, Bakı Apellasiya Məhkəməsi tərəfindən Xətai rayon İcra şöbəsinə 2(103)- 4578/2021-003 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqi verilmişdir. Həmin qətnamənin icra işi Xətai rayon İcra Şöbəsinin icraatındadır. Hazırda ərizəçinin maliyyə vəziyyəti çox ağırdır. Elə həmin avtomobil də 2020-ci ildə pandemiya dövründə satılmışdır və ailənin ehtiyaclarına xərclənmişdir, çünki o zaman nə ərizəçi, nə də yoldaşı işləmirdi. Ərizəçi qətnamənin icrasından heç zaman yayınmamış və imkan olan kimi, icra edir və etməyə də hazırdır. Ərizəçi xx.xx.2022-ci il tarixdə yoldaşına 820 manat vəsait ödəmiş və hazırda ərizəçinin borcu 5580 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-411/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 maliyyə vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından 2(103)-4578/2021 saylı qətnamənin icrasını dəyişdirərək borcun hər ay 150 manat olmaqla hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməmişdir (Hakim: Lalə Rəhimli). Həmin qərardaddan borclu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, borclu Rizvan Hüseynov icra sənədi üzrə cəmi 820 manat tələbkara ödəniş etmiş, onun iki azyaşlı övladı vardır və adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak yoxdur. Lakin, borclunun ərizəsində qeyd etdiyi kimi, işləməməsi, adına heç bir daşınar əmlakın olmaması, adına banklarda hər hansı əmanətin olub-olmaması, vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmaması və s. müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclu Rizvan Hüseynov əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Kollegiya həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissəhissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-187/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-187/2022
01.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver