Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-188/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-274/2022 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2875/2021 saylı qətnaməsinin icrası üçün 6 ay möhlət verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2875/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X4 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilkin iddiasının təmin edilməsi, iddiaçı X3 cavabdeh Tələbkar qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-274/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Boclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-274/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamənin icrasına 6 ay möhlət verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 8(001)- 274/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2875/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. Aşağıdakılara əsasən həmin qərardadı qanunsuz əsassız və ədalətsiz hesab edir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2875/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdeh X4 qarşı qarşı "yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilkin iddiası təmin cavabdeh X5 mənzil 42 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İş üzrə icra vərəqəsi verilmiş və icraya yönəldilmişdir. Qətnamənin icrasına ona möhlət verilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Belə ki, o, ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Hazırda onun başqa yaşamağa yeri yoxdur. Qətnamədən apellyasiya şikayəti versə də, şikayətinə baxılmamışdır. Onun əmlak vəziyyəti çox ağır olduğundan başqa yaşayış sahəsi əldə etmək imkanı xaricindədir. Həyat yoldaşının hamiləlik müalicəsi ilə əlaqədar olaraq, maddi yardıma ehtiyacı vardır. Əlavə olunmuş arayışa əsasən yoldaşının müalicə alması təsdiq olunmuşdur. Hesab edir ki, maddi, əmlak vəziyyəti və yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla onun ailəsi ilə birlikdə yeni yaşayış sahəsinə köçməsini həll etmək üçün ona 6 ay müddət lazımdır. Buna görə də ona qətnamənin icrasına möhlət verilməsi məqsədə uyğun olardı. Məhkəmə isə ərizəni təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsinə zərurət bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər Hazırki işdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2875/2021 saylı qətnaməsi ilə X3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması qət edilmiş və həmin qətnamə xx.xx.2021-ci il tarixində icraya yönəldilmişdir. Borclu artıq 1 ildir ki, məhkəmədə ona qarşı qaldırılan yaşayış sahəsindən çıxarılma ilə bağlı iddia tələbinin təmin edilməsindən xəbərdardır. Hazırda borclu maddi vəziyyətinin çətin olduğunu iddia etsə də, bu barədə əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, ikinci həyat yoldaşının hamilə olmasını əsas gətirməklə qətnamənin icrasına möhlət verilməsini xahiş edir. Qətnamənin icrasına möhlət verilməsi institunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, möhlət verilən müddət bitdikdən sonra icra sənədi birdəfəyə və tam icra olunur. Möhlətin müddəti də konkret şərtin gələcəkdə baş verməsi ilə əsaslandırılır. Yəni borclu möhlət müddəti bitənədək mübahisəli mənzildən çıxacağına məhkəməni konkret sübutlarla inandırmalıdır. Lakin ərizədən və məhkəmə iclasında verdiyi izahatından möhlətin müddəti üçün konkret əsasın gələcəkdə baş verməsi barədə borclu inandırıcı dəlillər irəli sürməmişdir. Onun izahatında bildirdiyi hallar ehtimallara əsaslanmışdır. Belə ki, hazırda borclu həyat yoldaşının hamilə olması səbəbindən qətnamənin icrasına möhlət verilməsini xahiş edirsə, ehtimal olunur ki, ona möhlət verildiyi təqdirdə belə yeni doğulan uşağının körpə olmasını əsas gətirməklə də, qətnamənin icrasından yayına bilər. Bu hal isə tələbkarın vəziyyətinin çətinləşməsinə səbəb olmaqla yanaşı, məhkəmə qətnaməsinin də ağlabatan müddətdə icrasına mane ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2875/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir.” Göründüyü kimi məhkəmə qanunverici tərəfindən nəzərdə tutulan hüquq normasını öz mülahizəsinə əsasən yanlış təfsir etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-274/2022 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Mülki prosessual və icra haqqında qanunvericiliyin yuxarıda sadalanan normalarının dispozisiya şərtləri, habelə bu normaların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarlarındakı hüquqi mövqe ondan ibarətdir ki, qətnamənin icrasının hər hansı əsasla təxirə salınması müstəsna xarakter daşıyan bir tədbir olmaqla, tələbkarın pozulmuş hüquqlarının real müdafiəsi müddətinin uzanmasına səbəb olur. Bu səbəbdən qətnamənin icrasının təxirə salınması icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli və işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Hazırkı halda müəyyən edilir ki, tələbkara məxsus yaşayış sahəsindən cavabdehin çıxarılmasının icrasını çətinləşdirən və buna ciddi maneə yaradan hər hansı hal aşkar edilmir. Kollegiya hesab edir ki, borclu şəsin dəlilləri qətnamənin icrasını çətinləşdirən və ya ona maneə yarada bilən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, borclu özünün maddi imkanının çətin olması səbəbi ilə qətnaməniun icrasına möhlət verilməsini xahiş etsə də, onun maddi imkanının nə vaxt qənaətbəxş olması qeyri müəyyən olduğundan, bu hal qətnamənin icrasının qeyri-müəyyən müddətə təxirə salınmasına gətirib çıxarmış olacaqdır. Qeyd edilən hal isə tələbkarın yaşayış sahəsinin qanuni sahibi olaraq mülkiyyətindən istifadəsini qeyri-mümkünlüyünə və bir mülkiyyətçi kimi həm Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində, həm də Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit edilmiş mülkiyyət hüquqularının pozulmasına səbəb olacaqdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-274/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-188/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-188/2022
30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver