Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-188/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-318/2023 saylı qərardadından Borclu oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu oğluna məxsus əmlak üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2314/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu oğlundan 17750 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqınnda qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu oğlunun icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Borclu könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanının 1/3 hissəsi Borclu oğluna məxsusdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-318/2023 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Hazırda Borclu oğlu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərov tərəfindən tərəfindən daşınmaz əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət olunmadan əvvəl qanun normalarına uyğun olaraq heç bir icra tədbirləri görülməmişdir. Belə ki, icra məmuru tərəfindən nə onunla əlaqə saxlanılmışdır, nə də rəsmi ünvanına hər hansı bir sənəd göndərilmişdir, yəni ümumiyyətlə icra işi ilə bağlı heç bir məlumatı olmamışdır. Göründüyü kimi, tələbin tərəfindən könüllü qaydada icra olunması üçün heç bir şərait yaradılmamışdır. Bundan əlavə, Binəqədi Rayon Məhkəməsinin qərardadının 4-cü səhifəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, “Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Nəticədə məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsas yaranmışdır”. Lakin, Elektron Məhkəmə Sistemində olan iş materiallarından göründüyü kimi təqdimata ona bildirişin verilməsi ilə bağlı heç bir sübut əlavə olunmamışdır. Bu da onu göstərir ki, icra məmuru lazmi icra tədbirlərini yerinə yetirmədən birbaşa əmlakının üzərinə həbs qoyulması barədə təqdimat vermişdir. İcra sənədi icra olunarkən tələbin yeganə yaşayış yerinə yönəldilməsinə yol verilmir. Bu da aydın şəkildə onu göstərir ki, Binəqədi rayon İcra Şöbəsi qanunsuz və əsassız olaraq borcluya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 226 saylımənzilin üzərinə həbsin qoyulması barədə qərardadın qəbul olunmasını xahiş etmşdir. Belə ki, həmin əmlak onun və ailəsinin birgə yaşamaqlarını təmin edəcək yeganə yaşayış yeridir. Yəni qeyd olunan mənzil Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli Qərarında olan siyahıda vardır, bu da bir daha onu göstərir ki, təqdimatı tamamilə əsassızdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-318/2023 saylı qərardadı ləğv edilməlidir. Əvvəla, kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Qanunun 44.1-ci maddəsinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Qanunun 44.2-ci maddəsinə əsasən həmin Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Hazırki işə icra məmuru tərəfindən icraata başlama haqqında qərar, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilməsini təsdiq edən sənədlər əlavə edilsə də, həmin qərarın və bildirişin borcluya rəsmi qaydada verilməsi təqdimata əlavə edilmiş sənədlərdən görünmür. Həmin sənədlər borcluya çatmadıqda borclu onun barəsində icraata başlamaq haqqında qərardan və ona verilmiş könüllü icradan xəbərdar olmur, bununla da tələbin icra edilməməsində borclunun təqsiri müəyyən edilmir. Belə olduğu təqdirdə Qanunun 44.1-ci maddəsində qeyd edilmiş könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi sübut edilmir. Belə ki, borclu müddətin əvvəli barədə rəsmi xəbərdar edilməlidir ki, həmin vaxtdan başlayaraq könüllü icra üçün müəyyən edilmiş vaxtın keçməsi və borclunun tələbi yerinə yetirməməsi sonuncuya münasibətdə Qanunun 44.1-ci maddəsindəki pozuntunu yaratsın. Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Hazırki işin hallarından görünür ki, iş üzrə borclu fiziki şəxsdir, yerinə yetirilməli olan icra hərəkəti isə tələbkarın xeyrinə pul tutulmasından ibarətdir. İcra məmuru tərəfindən təqdimata icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra şöbəsi tərəfindən borcluya məxsus cari hesablardakı pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakların, hüquqi ünvanının, bank rekvizitlərinin, eləcə də cari və hesablaşma hesablarının, vergi ödəyicisi kimi fəaliyyət göstərib göstərmədiyi, bələdiyyə ərazisindəki torpaq sahəsinin olubolmaması barədə müxtəlif instansiyalara sorğuların olunması müəyyən edilməməklə icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmək mümkün deyildir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən borclu şəxsin adına pul vəsaitlərinin, əmlaklarının və sair olub-olmamasının müəyyənləşdirilməsinə yönəlmiş hərtərəfli icra hərəkətlərinin aparıldığı görünmür. Kollegiya qeyd edir ki, hazırki iş üzrə icra qanunvericiliyinin prinsiplərinə riayət olunması, eyni zamanda borclu onun barəsində icra sənədi üzrə icraatın olması ilə bağlı rəsmi qaydada xəbardar edilməsi, borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri araşdırılması işdən görünmür. Məhkəmə tərəfindən də, bu hallara dair hər hansı bir sübut tələb edilməmiş, bu hissəyə ümumiyyətlə qiymət verilməmişdir. Eyni zamanda, şikayətdə tələbin yönəldilməsi üçün üzərinə həbs qoyulan evin borclunun yaşaması üçün yeganə yaşayış sahəsi olması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu hissədə icra məmuru tərəfindən təqdimatla müraciət edilərkən icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi görünməməklə, məhkəmə tərəfindən də həmin hissədə şikayətin dəlilinə qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndində qeyd edilmişdir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən qeyd edilən əmlaka tələbin yönəldilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki icra işi üzrə icra məmurunun məcburi icra tədbirlərinin tətbiqinə dair təqdimatla məhkəməyə müraciət edərkən yuxarıda qeyd edilənlərə riayət etmədən müraciət etmiş, birinci instansiya məhkəməsi də hazırki təqdimatı təmin edərkən göstərilən xüsusatları araşdırmadan təqdimatın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iş üzrə məhkəmənin qərardadı ləğv edilməli, göstərilən hallar araşdırılmaqla təqdimata yenidən qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Borclu oğlunun şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-318/2023 saylı qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-188/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-188/2023
09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver