Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-189/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-197/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2019 saylı, 07 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən (hakim Sərdar Mehrəliyev) cavabdeh Borclu 18.261.338,96 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq tələbkar ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2(011)-233/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra vərəqəsi əsasında başlanmış icra işi üzrə Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 34 saylı evdə qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-197/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Sərdar Mehrəliyev) təqdimat təmin edilərək, borclu xx.xx.1968-ci il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 34 saylı evdə qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermiş, Kürdəmir Rayon Məhkəməsinin 8(011)- 197/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-197/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və təqdimat təmin edilməməlidir. Qeyd edir ki, o, icra vərəqəsində qeyd olunan borcun ödənilməsindən heç vaxt yayınmamış, əgər yayınmaq məqsədi olsa idi o, mülkiyyətində olan əmlakları qətnamə icra mərhələsinə gələnə qədər başqa şəxslərin adna özgəninkiləşdirərdi. Mövcud dünyada baş verən iqtisadi durğunluq, pandemiya və s. səbəblərdən mülkiyyətində olan əmlakları sata bilmədiyindən icra məmuruna rəsmi müraciət edərək əmlaklarına tələbin yönəldilməsini və borcunun realizə edilməsinə yönəldilməsini xahiş etmişdir. Məhz bu məqsədlə qərardadla hazirki icra vərəqəsi üzrə borcun ödənilməsini təmin etmək məqsədi ilə mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulmuşdur. Belə olan halda onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın heç bir əsaslanması yoxdur, sadəcə formallıq xatirinə edilmiş prosessual hərəkətdir. Hərçənd ki, mülkiyyətində olan əmlaklar hərracdan satıldıqdan sonra borcu ödəmərsə o halda bu tədbirlərdən istifadə edilməsi əsaslı olardı. Məhz mənim əmlaklarımın satışına qədər ara-bir müalicə üçün qonşu ölkələrə gedibgəlməyinin qarşısını almaq onun hüquqlarımın pozulması ilə nəticələnir. Şikayətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-197/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimatın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müvafiq qaydada xəbərdar edilmiş Borclu, tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin nümayəndəsi və Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxıb qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-197/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 18.261.338,96 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq tələbkar ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlama haqqında sənəd qəbul edilməsini, Borclu tələbin könüllü icrası barədə bildirişlərin göndərilməsini, borclunun icra sənədində göstərilən tələbi təmin etməməsini, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclunun borcu ödəməməsini müəyyən edərək, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun təqdimatının təmin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini tətbiq etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə Borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etməməklə icra sənədinin icrasından yayınması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası verilmiş şikayətin dəlillərini və işin faktiki halını nəzərə alaraq ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vlasov və Benyaş Rusiyaya qarşı” işi üzrə 20 sentyabr 2016-cı il tarixli Qərarında məhkəmə göstərmişdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir. “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 may 1997-ci il tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın İİ hissəsində nəzərdə tutulan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar hüquqi müəyyənlik və mütənasiblik konstitusiya prinsiplərinin tələblərinə cavab verdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilsin.
2. Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan icra sənədi ilə bağlı borclunun tələbkarın borcunu vermək istəməsi, onun icra məmuruna rəsmi müraciət edərək əmlaklarına tələbin yönəldilməsini və borcunun realizə edilməsinə yönəldilməsini xahiş etməsi icra sənədinin icra olunması kimi qiymətləndirilə bilməz və bu səbəbdən də həmin hal borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına müvəqqəti qoyulmuş məhdudiyyətin götürülməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, tələbkar Borclu ödənilməmiş 18.261.338,96 manat borcunun qalması səbəbindən, həmin borcun ödənilməsi ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni və əsaslıdır. Həmçinin Borclu müalicə üçün xarici ölkələrə getməli olması da qərardadın ləğvi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardadlar qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-197/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu baxımdan Borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-197/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.