Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-190/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi X5 ərizəsi üzrə (Açar sözlər: alimentin müəyyən hissəsinin uşağın adına açılan bank hesabına ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə X5 “alimentin 50%-nin uşağın adına açılmış hesaba köçürülməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərardadından ərizəçi və tələbkar tərəfindən verilmiş şikayətlərə, Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Tələbkar X6 qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment ödənilıməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Tələbkar ilə X9 arasında Gəncə şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 305 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Məsim Məmmədovun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin 28 sentyabr 2021-ci ildən hesablanması qət olunmuşdur.
2. X1 Aysel Nazim qızına qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 10 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında cavabdehin xeyrinə ödədiyi alimentin 50%-nin uşağın adına açılmış bank hesabına köçürülməsi və həmin vəsait üzərində sərəncamın X7 yetkinlik yaşına çatdıqdan sonra onun özü tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir.
3. Məhkəmənin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. X9 “X13 LTD” MMC-də departament rəisi işləyir, aylıq əmək haqqı 2841,14 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
5. X9 (ərizəçi) ərizə ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, məhkəmənin 10 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında xx.xx.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında cavabdehin xeyrinə ödədiyi alimentin 50%-nin uşağın adına açılmış bank hesabına köçürülməsi və həmin vəsait üzərində sərəncamın X7 yetkinlik yaşına çatdıqdan sonra onun özü tərəfindən verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
6. Ərizə belə əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə Tələbkar ona qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment ödənilıməsi” tələbinin təmin edilməsi, Tələbkar ilə onun arasında Gəncə şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 305 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin 28 sentyabr 2021-ci ildən hesablanması qət edilmiş, həmin qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Övladına görə ödəməli olduğu aliment vaxtlı-vaxtında Tələbkar ödənilir. Buna baxmayaraq, tələbkar tərəfindən ödədiyi alimentin tam olaraq övladına sərf edilib edilmədiyinə dair əsaslı şübhələri var. Belə ki, ümumi olaraq təkcə 2023-cü il üçün cəmi ödənilən aliment məbləği 16 026 manat (on altı min iyirmi altı) təşkil etmişdir. Halbuki bu qədər məbləğin övladı Süleymanın ehtiyacları üçün sərf edildiyinə dair sübut yoxdur. Belə ki, övladı ödənişsiz məktəbə (158 saylı) gedir və hər hansı digər yüksək xərc tələb edən fəaliyyətlə məşğul deyil və pul öhdəliyi yoxdur. Hal-hazırda ödədiyi alimentin aylıq məbləği 1125 manat (min yüz iyirmi beş) təşkil edir. Tələbkar da halhazırda "xxxx" ASC-də işləyir və 1000 manatdan artıq aylıq əmək haqqı alır. Belə olan halda hesab edir ki, övladı Süleymanın gələcək mənafeyini nəzərə alaraq ödədiyi alimentin 50%-nin övladı X3 adına açılmış hesaba ödənilməsi zəruridir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin 30 faiz məbləğinin X2 adına açılmış bank hesabına köçürülməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclunun xx.xx.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ödədiyi alimentin miqdarı uşağın saxlanması üçün tələb olunan məbləğdən artıq olduğundan həmin məbləğin 30 faiz hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi həmin uşağın mənafeyi naminə daha məqsədəmüvafiqdir. Belə ki, hazırda uşağın 7 yaşı var, borclunun bildirməsinə görə dövlət məktəbində ibtidai sinifdə təhsil alır. Onun müxtəlif dərnəklərə gedib-getməsi barədə məlumat yoxdur. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmədə iştirak etməmiş və uşağın təhsili, səhhəti, əlavə dərnəklərə getməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Borclunun aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi 1250 manatdır. Alimentin qalan 70 faiz hissəsi 800 manatdan artıq təşkil edir ki, həmin miqdarda aliment uşağın saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayət edər.
9. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü, Ailə Məcəlləsinin 55-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 №-li 08 dekabr 2023-cü il tarixli Qərarına, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinad etmişdir.
10. Həmin qərardaddan ərizəçi şikayət verərək onun ləğv olunmasını və ərizəsinin tam təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, Tələbkar özünün də işlədiyini və yüksək əmək haqqı aldığını, onun alimenti hansı ehtiyaclara xərclədiyinə dair sübutlar təqdim etmədiyini nəzərə almadığını, ərizəsini tam təmin etməli olduğu halda bunu etməyərək maddi hüquq normasının tələbini pozduğunu irəli sürmüşdür.
11. Qərardaddan tələbkar (nümayəndəsi) də şikayət verərək onun ləğv və ərizənin rədd olunması barədə qərardad çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə uşağın əvvəlki təminatının saxlanılması zərurətini, uşağın repititor yanına getdiyini, geyim, qida, əyləncə xərcləri üçün 1200 manatdan artıq vəsait sərf edildiyini nəzərə almamış, işə iştirakı olmadan baxaraq qanunsuz qərar qəbul etmişdir.
12. Məhkəmənin 08 may 2024-cü il tarixli qərardadı ilə şikayətlər təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
13. Şikayətlərə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
“Uşaq hüquqları haqqında” Qanun
16. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı
17. ...Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 №-li 08 dekabr 2023-cü il tarixli Qərarı
18. Bənd 40. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır.
19. Bənd 41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.
20. Bənd 42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür.
21. Bənd 44. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
30. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
31. Hazırkı şikayətlər üzrə birinci instansiya məhkəməsinin aktı tam yoxlanılır.
Məhkəmə kollegiyasının mövqeyi
32. Ailə Məcəlləsinin 55.3-cü və MPM-in 231.1-ci maddələrinin qarşılıqlı təhlili, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyənin alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə tələbinə qətnamənin icrası qaydasında baxılmalı olduğu nəticəsinə gəlməyə əsas verir.
33. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi isə, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəçinin ərizəsi üzrə tam və hərtərəfli araşdırma aparmamış, gəldiyi nəticəni “tələbkar uşağın təhsili, səhhəti, əlavə dərnəklərə getməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir” qənaəti ilə əsaslandırmaqla, sübutetmə yükünün bölüşdürülməsinə dair qaydaları düzgün tətbiq etməmişdir.
35. Belə ki, aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır (§ 19) və uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur (§ 21).
36. Aliment alan tərəfin sübutetmə yükü o zaman yaranır ki, aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etsin; bu halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır (§ 21).
37. İşdən görünür ki, məhkəmə sadəcə ərizəçinin hər hansı sübutla təsdiq edilməyən “şübhələrinə” əsaslanmış, müvafiq sübutları təqdim etməsini ondan tələb etməmiş, yaxud əgər o, həmin sübutları əldə edə bilmirsə, onları təmin etmək üçün zəruri tədbirləri görməmişdir.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə, tərəflərin iştirakını təmin etməklə və ərizəçinin təklif etdiyi icra qaydasının uşağın mənafeyinə uyğun olub-olmadığını araşdırmaqla ərizəyə qiymət verməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-230/2024 saylı iş üzrə 16 aprel 2024-cü il tarixli qərardadı ləğv olunsun və iş, ərizəçinin ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov