Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-190/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun qərarından şikayətinə dair iş üzrə (Açar sözlər: icra sənədinin qaytarılması əsasları) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(011)-99/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Tələbkar Suraxanı Rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması, icra sənədinin icra olunması üçün Suraxanı Rayon İcra Şöbəsinə yenidən qaytarılması və icra sənədinin icrasının başqa icra məmuruna həvalə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-321/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 borcludan alınıb ona verilməlidir. Həmin qətnamə qanunsuz və əsassız olaraq Suraxanı Rayon İcra Şöbəsi tərəfindən icra edilmir. 4 və 6 yaşlı körpə uşaqıları qanunsuz olaraq ona verilmir, Suraxanı İcra Şöbəsinin keçmiş rəhbərliyi və icra məmurları də borcluya köməklik edib. İcra məmurları tərəfindən formal aktlar tərtib olunur ki, güya uşaqlar onu istəmirlər, halbuki borclu, onun anası və atası uşaqlara psixoloji təsir edirlər, onları qorxudurlar ki, uşaqlar yanına gəlməsin. Qəyyumluq və Himayəçilik Komissiyasının bütün rəylərində yazılır ki, uşaqlar tələbkarın yanında qalmalıdır, Ədliyyə Nazirliyinin Psixoloji Ekspertizası yazır ki uşaqlar onun yanında qalmalıdır, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sonuncu rəydə isə qeyd edilmişdir ki, uşaqlara psixoloji təsirlər var, həmçinin uşaqların anasının yanında qalması məqsədə müvafiqdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)- 99/2025 saylı qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş; icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılmışdır.
4. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş video görüntülərdən də müəyyən olunur ki, uşaqlar borclunun yanında olduqda tələbkarın yanına getməkdən imtina edirlər. Lakin, elə həmin video görüntülərdən də müəyyən olunur ki, borclunun valideynləri azyaşlı uşaqların yanında analarının ünvanına xoş olmayan ifadələr səsləndirməklə, onlarda anaları barəsində mənfi obraz formalaşdırmaqla, onlara analarının yanına getmək istəmədiklərini təlqin etməklə uşaqlara psixoloji təsir göstərirlər. Bütün bunların nəticəsində uşaqlarla anaları arasında emosional bağlılıq azalır. Məhkəmə iclasında iştirak edən psixoloq da uşaqlara psixoloji təzyiq göstərildiyini müşahidə etdiyini bildirmişdir.
5. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan münasibətin xarakteri, uşaqların psixoloji vəziyyəti nəzərə alınmaqla, onların tələbkara verilməsindən əvvəl İcra şöbəsində valideynlərin iştirakı olmadan psixoloqun iştirakı ilə, psixoloqun uşaqlarla psixoloji söhbətlərin aparılması təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm tərəflər (valideynlər) arasındakı münasibətin gərgin olmasını və bu münasibətin uşaqların anası ilə münasibətlərində yaratdığı soyuqluğu, bu vəziyyətin uşaqların mənafeyinə zidd olduğunu nəzərə alır. Ünsiyyət valideynlərdən öncə uşaqların mənafelərinin təmin edilməsinə yönələn hüquqi vasitədir. Uşaqların psixi inkişafında, şəxsiyyətinin formalaşmasında, ümumiyyətlə hərtərəfli inkişafında valideynlərin (ailənin) rolu vacibdir. Onlar hər gün valideyn qayğısını hiss etməli, onlarla ilə ünsiyyətdə olmalı, valideynlər isə uşaqların tərbiyəsində iştirak etməldirlər. Belə qarşılıqlı münasibət uşaqların hərtəfli inkişafına müsbət təsir göstərmiş olur. Bir çox hallarda ailədaxili mübahisələrin olması nəticəsində uşaqlar valideyn qayğısından kənarda qalmağa məcbur olurlar və yanında olmayan valideyni ilə ünsiyyət qurmaqdan məhrum edilirlər. Bu isə uşaqların mənafeyinə birbaşa ziddir. Valideynlərin öz aralarındakı kəskin münasibətləri, onların bir-birlərinə etdikləri nifrət hissləri heç bir halda uşaqlara yansımamalı, onların valideyn-övlad hüquqlarının pozulması ilə nəticələnməməlidir. Uşaqlar valideynlər arasındakı daxili ziddiyyətlərin qurbanına çevirməməlidir. Buna görə də, qanunvercilik valideynlərdən ayrı yaşayan uşaqların, bu onların hüquq və mənafelərinə zidd olmadıqda, öz valideynləri (baba, nənə və digər qohumları ilə) ilə görüşüb ünsiyyət saxlamalarına mümkün qədər şərait yaradılmasını tələb edir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Borclu həmin qərardaddan elektron məhkəmə sistemi vasitəsilə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki vəziyyətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası qeyri-mümkün olduğundan Suraxanı Rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı tamamilə qanuni və əsaslı olmaqla yuxarıda göstərilən qanunun normaları ilə ziddiyyət təşkil etməmişdir. Hazırki iş üzrə borclunun sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla iddia əsassız olaraq təmin edilməmişdir. Cavabdeh 15 avqust 2022-ci ildə övladlarını ataraq 6 ay ərzində evdən getdikdən sonra Xətai rayon məhkəməsinin qərarı ilə 16 fevral 2023-cü ildə övladlarını getmək istəmədikləri üçün zorla sürüyərək icra şöbəsində analarına təhvil vermişlər. Övladlarının bütün həkim müayinələrindən keçirərək tam sağlam olduqları barədə tibbi arayışlar təqdim etmişdir. Övladları anaları, onun atası və qardaşı tərəfindən döyülmələri, daimi şiddətə məruz qalmaları baxımsız qalaraq daim müxtəlif xəstəliklərdən əziyyət çəkmələri bədənlərinin daima müxtəlif xəsarətlər, yara içində olduqları fiziki və psixoloji xəstəliklərə tutulması, qızının baxımsızlıqdan xroniki bağırsaq (babasil) xəstəliyinə düçar olması, döyüləndə qulağına yumruqla vurularaq xəsarət alması və bunun nəticəsində qızının ömürlük qulağının ağır eşitməsinə gətirib çıxarması təqdim etdiyi sənədlərdə də öz təsdiqini tapmışdır. Bütün bunlar uşaqların psixoloji vəziyyətlərinə neqativ təsir göstərməklə bərabər onlar analarına qarşı qorxu və nifrət hissini yaratmışdır. Bu səbəbdən onlar ümumiyyətlə tələbkarı görmək onunla ünsiyyətdə olmaq istəmirlər. Dəfələrlə icra şöbəsində uşaqların tələbkarla ünsiyyətinin təmin olunması və ona təhvil verilməsi ilə bağlı görüş keçirilmiş lakin bu baş tutmamışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 aprel 2025-ci il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
10. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
11. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
12. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
13. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
14. 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir.
15. 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
16. 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.
17. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.
18. 70.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir.
19. 70.3-cü maddəsinə əsasən, bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür.
20. 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
21. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
22. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, mübahisələndirilən qərarın əsaslandırıldığı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsindən görünür ki, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. Qanunverici həmçinin məhkəməyə icra məmurunun icra sənədinin qaytarılması barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti verir.
25. Suraxanı Rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının qanuniliyini yoxlayan birinci instansiya məhkəməsi, mübahisələndirilən qərarda öz əksini tapan xüsusatların icra sənədinin qaytarılmasına əsas olmadığını qeyd edərək, icra tədbirlərinin davam etdirilməli olduğu qənaətinə gəlmişdir.
26. Belə ki, məhkəmə mübahisəli qərarın icra qanunvericiliyinə uyğun çıxarılıbçıxarılmadığını araşdıraraq hesab etmişdir ki, icra sənədi üzrə icra hərəkətlərinin icra edilməsi həvalə edilmiş icra məmuru tərəfindən müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmamış, icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən qaytarılarkən əlavə icra hərəkətlərinin həyata keçirilməsinin mümkün olduğu nəzərə alınmamışdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşaraq borclunun şikayətində istinad etdiyi dəlillər ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, göstərilən bu hallar işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən işdə olan sübutlara əsasən qiymətləndirilmiş, azyaşlı uşaqların ananın himayəsinə verilməsinə mane olan və ya ananı və uşaqları bir-birindən ayırılmasına haqq qazandıran, bu məsələyə dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı olan hər hansı (ananın sağlamlıq durumu, pis vərdişlərinin olması, keçici xəstəliyin daşıyıcısı olması, uşaqlara münasibətdə pis rəftarı və sair) əsasların mövcudluğu müəyyən edilməmişdir.
28. Borclunun hazırkı hərəkətləri də icra sənədinin icrasına maneçilik törədən hərəkətlər kimi qiymətləndirməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində uşağın valideyinlərindən kimin yanında qalmaq istəməsi barədə fikir bildirməsinin nədən qaynaqlanması, yanında yaşadığı valideynin uşağı digər valideynə qarşı təşviq etməsi halları, uşaqların analarına bağlılıqlarının olmaması səbəbinin isə onların son bir ilə yaxın müddətdə analarından ayrı yaşamaları, eləcə də onlarda anaya qarşı ikrah hissinin yaradılması ilə bağlı olduğu müəyyən edilmişdir.
29. Məlum haldır ki, ana uşaqlarla birlikdə yaşamağa başladıqdan sonra bağlılıq bərpa olunacaq. Bu, uşaqlara xas xüsusiyyətdir: uşaq kiminlə birlikdə yaşayırsa ona qarşı bağlılıq yaranır, kimdən ayrı yaşayırsa ona qarşı bağlılıq ya zəif olur, ya da olmur. O cümlədən əksər insanların adaptasiya olunduğu (uyğunlaşdığı) mühitdən ayrılması onların emosinal-iradi sferasına neqativ təsir göstərir, bu, adi haldır.
30. Hazırkı halda da xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 azyaşlı olduqları, anaları ilə sıx əlaqələrinin olmadığından aralarındakı bağlılığın zəiflədiyi, münasibətlərin soyuduğu valideynlərinin arasında yaranmış gərgin münasibətlərinin nəticəsidir. Müəyyən olunan bu hallar məhkəmə iclasında dindirilmiş psixoloq tərəfindən də təsdiq edilmişdir.
31. Qeyd edilən bu hallar da icrası məcburi olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-321/2023 nömrəli icra sənədinin icrasının mümkün olmaması əsası ilə məhkəməyə qaytarılması üçün əsas deyildir. Tövsiyə olunur ki, icra hərəkətləri həyata keçirilərkən uşaqların psixoloji vəziyyətinə mənfi təsir edə biləcək amillərin aradan qaldırılması məqsədilə psixoloqun iştirakı təmin olunsun. Belə ki, İcra sənədinin psixoloqun iştirakı ilə icra edilməsi uşaqlarda yarana biləcək psixoloji gərginliyin azalmasına xidmət edəcəkdir.
32. Göründüyü kimi Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-321/2023 saylı icra sənədinin qaytarılması barədə Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının əsassız olması halı öz təsdiqini tapır.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(011)-99/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev