Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-191/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qzının katibliyi ilə, Sabunçu rayon Məhkəməsinin 8(008)-615/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan ünvan 1, 8 saylı mənzilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-615/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Sabunçu rayon Məhkəməsinin 2(008)-3220 saylı, 13.06.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Qərardaddan narazı qalan Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı qərardaddan 22 fevral 2020-ci il tarixdə Ucar rayon məhkəməsində tələbkar məhkəmə zalında həmin mənzilin bu yaxın günlərdə hərracdan alacağını bildirdikdən sonra xəbər tutmuşdur. Onun 71 yaşı var, təqaüdçüdür. Mənzilini 2013-cü ildə 25 000 ABŞ dolları ilə danışaraq, tələbkarla razılaşaraq satmaq istəmişdir. Tələbkar ona pulun yarısını yəni 10 000 manat ödədi və bildirdi ki, 6 ay müddətinə qalan yarı məbləği ödədikdən sora evi tələbkarın adına rəsmiləşdirəcək. Ancaq tələbkar 2 il keçməsinə baxmayaraq həmin pulu ödəmirdi. O, da ondan həmin pulu istədikdə o yaxın müddətdə ödəyəcəyini bildirirdi. 2015-ci ildə manat dollara nisbətən ucuzlaşdığını görən tələbkar 12.500 ABŞ dollarını ödəməkdən imtina etdi. Ona ödədiyi məbləği dollarla geri ödəməyini tələb etdi. O, isə bildirmişdir ki, onunla öz aralarında razılaşmışlar. Tələbkar məhkəməyə müraciət edərək ona ödədiyi pulu dollarla ödəməyi barədə qətnamə çıxartdırdı və bu günə qədərdə həmin evi boşaltamışdır. O, yaşlı adam həyat yoldaşı ilə öz mülkiyyətindən tələbkar və icra məmuru tərəfindən məhrum edilmişdir. Sabunçu rayon icra və probasiya şöbəsinin məmuru Amil Əmirov heç bir araşdırma aparmadan onun yeganə mənzilinin üzərinə həbs qoyulması barədə təqdimat vermişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Bununla yanaşı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (maddə 45.1, 45.2). İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Göründüyü kimi, tələbin borclunun əmlakına yönəldilməsi icra məmuru tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməli olan məcburi icra tədbiridir. Qanunvericilik bununla bağlı icra məmurunun üzərinə tələbin yönəldilməli olduğu əmlakların xüsusi ardıcıllığına riayət etmək vəzifəsi qoyur, həmçinin tələbin yönəldilməsinə yol verilməyən əmlakların dairəsini müəyyən edir. Əgər tələbin borclunun əmlakına yönəldilməsi barədə qanuni əsaslar varsa icra məmuru bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi təqdimatın hərtərəfli araşdırılması üçün icra işini tələb etmədən və icra məmurunun müvafiq təqdimatı məhkəməyə təqdim edənədək qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edib-etmədiyini yoxlamadan, yalnız əlavə olunmuş sənədlər əsasında təqdimatın təmin edilməsi barədə qənaətə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməklə, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi bütün tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verməli, icra işi ilə bağlı zəruri araşdırma apararaq, təqdimat üzrə müvafiq qərar qəbul etməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Sabunçu rayon Məhkəməsinin 8(008)-615/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-191/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-191/2021
29.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver