Məhkəmə qərarları › İş №8(103)-191/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-191/2025

13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-191/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar alimentin indeksasiya olunması barədə ərizəsinə dair icraat üzrə (açar sözlər: alimentin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-303/2025 nömrəli qərardadından Borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2751/2022 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli 2(010)-5147/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 17 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutulması qət edilmişdir. AZ-İİ seriyalı, 353818 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Borclu ilə X4 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borcluəkbər Əli oğlu xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, 3022 nömrəli arayışdan görünür ki, Borclu xx.xx.2022-ci il tarixdən bu günə qədər "xxxx" MMC-nin “X9 Otel Bakı” filialında çalışır və hal-hazırda restoran nəzarətçisi vəzifəsində işləyir. İşçinin brutto aylıq əmək haqqının miqdarı 1.000 manat və xalis əmək haqqının aylıq miqdarı 889 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2017-ci il tarixdə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin artırılaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 mislində (400x0.70=280 manat) vəsaitin sabit pul məbləğində müəyyən edilərək ərizəçi Tələbkar xeyrinə tutulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-5147/2018 saylı qətnaməsi ilə Borclu ilə aralarında olan nikah pozulmuş və xx.xx.2017-ci il tarixdə anadan olmuş oğlu X12 məhkəmənin qətnaməsinə əsasən onun yanında saxlanılaraq oğlunun saxlanılması üçün 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Sonradan iddiaçı olaraq o, Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)- 5147/2018 saylı qətnaməsi ilə qət edilmiş 154 manat sabit pul məbləğində alimentin artırılaraq 200 manat sabit pul məbləğində alimentin olmasını xahiş etmişdir. İddia tələbi xx.xx.2022-ci il tarixli 2(010)- 2751/2022 saylı qətnamə ilə təmin edilərək maraqlı şəxs Borclu yanında qalan yetkinlik yaşına çatmayan oğlunun saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. Hal-hazırda oğlunun maddi tələbatını ödəmək məqsədi ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2751/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 200 manat oğlunun heç bir tələbatının ödənilməsinə yetərli deyil. Oğlu orta məktəbdə təhsil aldığı üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşağa 246 manat müəyyən edilmişdir. Həmçinin, oğlunun təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-303/2025 saylı nömrəli qərardadına əsasən, ərizə təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində alimentin tutulması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarında qeyd etdiyi düstura əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2751/2022 saylı, xx.xx.2022-ci il qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay 200 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 (200:300=0.65) misli həddində müəyyən olunmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)- 303/2025 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, ərizəçi Tələbkar ona qarşı birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin məbləği artırılaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 mislində (400X0.70=280 manat) vəsaitin sabit pul məbləğində müəyyən edilərək, xeyrinə qərardad qəbul edilməsini xahiş etmişdir. O, ərizəçinin məhkəməyə verdiyi ərizəni oxuyandan sonra, məcburiyyət qarşısında qalıb, onun iddia tələbinə öz etirazını bildirməli olmuşdur. Etirazını onunla əsaslandırmışdır ki, özü hal-hazırda ailəlidir, ikinci nikahından dörd azyaşlı övladı vardır. Hal-hazırda həyat yoldaşı, X7 9+1 həftəlik hamilədir. Eyni zamanda təqaüd yaşında olan valideyləri onunla bir evdə yaşayır. Atası Nümayəndə1 2-ci qrup əlildir. Onun bütün davadərman xərclərini o ödəyir. Özü "xxxx" MMC-nin “X9 Otel Bakı” filialında çalışır. Aylıq əmək haqqının miqdarı 889 (səkkiz yüz səksən doqquz) manat təşkil edir. Həmin əmək haqqı ilə yuxarıda göstərdiyi, dörd azyaşlı övladını, hamilə yoldaşına və valideynlərinə köməklik edərək, çox çətinliklə dolanır. Lakin, ərizəçi Tələbkar isə məhkəməyə ərizə ilə müraciət edərək, minimum əmək haqqının məbləğinin 0.70 mislində (400X0.70=280 manat) vəsaitin sabit pul məbləğində müəyyən edilməsini tələb etmişdir. Həmçinin etiraz ərizəsində o, işlədiyinə görə Ailə Məcəlləsinin 76.1.1-ci maddəsini nəzərə alıb, bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, yəni 889:4=221 (iki yüz iyirmi bir) manat və ya ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 2025-ci ildə hər uşağa 246 manat müəyyən edildiyinə görə, indeksasiya nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli (400X0.615=246) nəzərə alınmaqla tutulmasını, alimentin miqdarı müəyyən olunduğu zaman maddi vəziyyətin araşdırılması zamanı, gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməsini nəzərə alıb, məhkəmədən ərizəçi Tələbkar iddia tələbini qismən təmin edib, onun maddi vəziyyətinin nəzərə alınıb, alimentin miqdarının iddia tələbində olduğu kimi deyil, maddi imkanının çatacağı qədər, yəni məhkəmədən aliment pulunun tutmalarının əmək haqqına müvafiq hesablanmasının (yəni bir uşaq üçün əmək haqqının ¼ hissəsi) və ya sabit pul məbləğində 220 (iki yüz) manat ödənilməsinin təmin edilməsini, qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə onun etirazını nəzərə almadan, etibarnamə üzrə nümayəndəsi olan valideynlərinin məhkəmə prosesi zaman danışıqlarına əhəmiyyət verməyərək, alimentin indeksasiya edilməsi barədə qərardad qəbul etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-303/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün məndən Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddinə aliment tutulması qərara alınmışdır. Məhkəmə minimum əmək haqqının neçə misli həddində tutulmasını düzgün hesablamamışdır. Belə ki, 2025-ci ilə ölkə üzrə minimum əmək haqqı 400 (dörd yüz) manat, 2025-ci ilə minimum sabit aliment pulu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Hesabata əsasən 246:400=0.615 misli həddində hesablanmalıdır. Göründüyü kimi məhkəmə ondan 0.66-0.615=0.045 misli həddində artıq aliment tutulması hesabatı apararaq, qərardad qəbul etmişdir. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-303/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadından narazı olduğu üçün verilən müddətdən istifadə edib, şikayət vermək məcburiyyətindədir. Bir daha bildirir ki, o, məhkəmədən Ərizəçi Tələbkar iddia tələbini qismən təmin edib, onun maddi vəziyyətinin nəzərə alınıb, alimentin miqdarının iddia tələbində olduğu kimi deyil, maddi imkanının çatacağı qədər, yəni məhkəmədən aliment pulunun tutqularını əmək haqqıma müvafiq hesablanmasının (yəni bir uşaq üçün əmək haqqının ¼ hissəsi) və ya sabit pul məbləğində 220 (iki yüz) manat ödənilməsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-303/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadı düzgün qəbul edilmədiyindən ləğv edilməlidir. Ona görə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-303/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadının ləğv edilib, ölkə üzrə müəyyən olunmuş alimentin indeksasiyasını minimum əmək haqqının 0.615 misli həddində alimentin tutmalarının aparılmasına dair qərar qəbul edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-303/2025 nömrəli qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-303/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bənd 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-303/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, şikayətin dəlilləri borclunun tərəflərin birgə nikahlarından olan yaganə uşağın yaşayış minimumu həddində aliment ödəməklə saxlamaq vəzifəsindən azad edilməsi üçün əsas olmadığından, borclunun təkrar nikaha daxil olması, bu nikahdan 4 uşağının olması, növbəti 5-ci uşağın dünyaya gələcəyi kimi hallar onun maddi cəhətdən kifayət qədər təminatlı olması qənaətinə gəlinməsi üçün əsas olduğundan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ölkə üzrə minumum əmək haqqının məbləği 300 manat təşkil etdiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqelərə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olduğundan, qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalı olduğundan birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, borclu tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)- 303/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar