Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-192/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Tələbkarın nümayəndəsi X2, Borclu, Borclunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2(008)-7595/2017 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(010)-62/2021 tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Elxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən Borclu 40730 manat tutularaq X4 verilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılaraq bu barədə qərar və bildiriş borclunun ünvanına göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddət verilmişdir. Verilmiş könüllü icra müddəti ərzində borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İcra sənədi könüllü müddət ərzində icra olunmadığına görə Borclu barəsində müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında icra sənədi üzrə tələbin yönələ biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. Tələbkar X6 26.01.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, Borclu icra sənədi üzrə heç bir ödəniş etmədiyini bildirmiş və icra sənədi üzrə borc bitənədək borclunun ölkəni tərk etməsinin qarşısının alınması məqsədilə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. İcra sənədi üzrə tələb Borclu tərəfindən qərəzli şəkildə ödənilmədiyindən 26.01.2021-ci il tarixə olan borc məbləği 40730 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(010)-62/2021 tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixli, 2(008)-7595/2017 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Qeyd olunan qərardaddan narazı qalan borclu şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ümumiyyətlə ölkədən getmək hüququnun icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə iclasının olması barədə məlumat verilməmiş, ona nə məhkəmənin bildirişi daxil olmuş, nə də ki icra məmuru bu barədə məlumat vermişdir. Onun məlumatı olmadan gizli məhkəmə keçirilmişdir. Halbuki mülamadi olaraq o, icra məmuru ilə görüşüb, qismən ödəmə barədə məlumat vermişdir. Təqdimatda göstərilən dəlilərin hamısı yalan və düzgün olmayan qərəzli məlumatlardır. Tərəfindən hissəvi ödənişlər edilmiş, bu barədə qəbzlərin surəti icra məmuruna verilmişdir. 12.11.2020-ci il tarixdə 100 manat, 05.01.2021ci il tarixdə 100 manat, 22.01.2021-ci il tarixdə 100 manat, 09.03.2021-ci il tarixdə 100 manat ödənilmişdir. İcra məmurunda qəbzlər olduğu halda bu barədə təqdimatda qeyd etmişdir ki qərəzli olaraq pul ödəmir. Məhkəməyə də yalan məlumat vermişdir. Tərəfindən borcun hissə-hissə ödənilməsi barədə də məhkəməyə ərizə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 8(010)-62/2021 tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu və borclunun vəkili X5 şikayəti müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi X7 şikayətin dəlillərini qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Sabunçu rayon İcra və Probasiya şöbəsinə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə Sabunçu rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2(008)-7595/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, həmin icra sənədinə əsasən Borclu 40730 manat tutularaq X4 verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2(008)- 7595/2017 nömrəli icra sənədinə əsasən icra məmuru tərəfindən 10.08.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu ünvanına bildiriş göndərilmişdir. Borcluya könüllü icra üçün verilmiş vaxt ərzində və ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Mülki işin materiallarında olan icra məmurunun təqdimatından görünür ki, icra sənədi icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borcluya təqdim edilmiş, borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Borclu icra sənədinin icrasından yayınmışdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, borclunun rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı olmadığından borclu tərəfindən hissı-hissə pul vəsaitinin ödənilməsi icra sənədinin qanuni şəkildə icra edilməsinə və buna görə də təqdimatın rədd edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaların tələbi baxımından borclunun ölkədən getmə hüququnu məhdudlaşdırmaqla haqlı olmuşdur və şikayətin dəlilləri qərardadın ləğv olunması üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(010)-62/2021 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-192/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-192/2021
04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver