Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-192/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2944/2025 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borc məbləğinin indeksasiyası barədə X1nun ərizəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-4/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadından borclular Nümayəndə2 və Cavabdeh2 X10 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X1 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2944/2024 saylı 12 iyun 2019-cu il tarixli qərarı ilə Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilmiş 322.087.00 (üç yüz iyinni iki min səksən yeddi) ABŞ dolları məbləğində pul vəsaitinin 2019-2024-cü illər ərzində inflyasiya göstəricilərinə uyğun olaraq indeksasiya edilməsi və yenidən hesablanması, indeksasiya nəticəsində yaranmış fərqin cavabdehdən tutulması və ərizəçiyə ödənilməsi və cavabdehlər Nümayəndə2 və “İrşad'’ X10 tərəfdən məhkəmə xərclərinin və digər əlaqəli xərclərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən 322.087 (üç yüz iyirmi iki min səksən yeddi) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı məzənnəsi ilə cavabdehlər Cavabdeh2 X10 və Nümayəndə2 tutularaq X9 ödənilməsi barədə 2(102)-2944/2024 saylı 12 iyun 2019-cu il tarixli qərar qəbul edilmişdir. Lakin, cavabdeh bu məbləği vaxtında ödəməmiş və nəticədə qətnamə qüvvəyə mindiyi gündən 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində inflyasiya səbəbindən bu məbləğ dəyər itirmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, məhkəmə qərarlarının vaxtında icra edilməməsi və ödənilməmiş məbləğin dəyər itirməsi səbəbindən həmin məbləğin inflyasiya göstəricilərinə uyğun olaraq indeksasiya edilməsi tələb olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-4/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2944/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə X1na cavabdehlər Nümayəndə2 və Cavabdeh2 X10 tərəfindən ödənilməli olan 322.087,00ABŞ dollarının həmin dörvrə aid manat məzənnəsini təşkil edən 547.547,90 manat məbləğin 2019-2024-cü illər üzrə indeksasiya edilmiş məbləğinin 769.304,80 manat olması müəyyən edilməsi, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul vəsaiti cavabdehlər Nümayəndə2 və Cavabdeh2 X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə cavabdehə təqdim edildikdən sonra onun hazırki iş barədə və qəbul edilmiş qərardad haqqında məlumatı olmuşdur. Beləliklə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmamışdırlar. Cavabdehlərin iştirakı olmadan işə baxılması nəticəsində onların prosessual hüquqları pozulmuşdur. Məhkəmənin qərardadı ilə məbləğin 2019-2024-cü illər üzrə indeksasiya edilmiş məbləğinin 769.304,80 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə tərəfindən yenidən icra sənədi verilməlidir. Yeni icra sənədinin verilməsi isə qətnaməyə əsasən mümkündür. Beləliklə, məhkəmə qətnamə ilə həll edilməli məsələni qərardadı ilə, özü də icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) verilən şikayətə baxılması qaydasında həll etmişdir. Halbuki, ərizənin məzmunundan görünür ki, iddiaçı (tələbkar) icra məmurunun hər hansı hərəkətini (hərəkətsizliyini) mübahisələndirməmişdir. İddiaçının ərizəsinə əsasən, cavabdeh “X12 Mərkəzi” MMC-nin mülkiyyətində olan yeganə qeyri-yaşayış binasına məhkəmənin qərardadı ilə həbs qoyulmuşdur. Bu səbəbdən uzun illər ərzində cavabdeh həmin əmlakı satıb iddiaçıya pulu ödəmək imkanından məhrum olmuşdur. İş üzrə hərrac keçirilmişdir və hərrac uğursuz olduqdan sonra həmin əmlak iddiaçıya təklif edilmişdir. İddiaçı həmin əmlakı götürməmişdir. Bundan sonra məhkəmə qərarı ilə hərracın nəticələri ləğv olunmuşdur və yeni hərraca başlanılmışdır. Həmçinin cavabdeh icra məmuruna ərizə ilə müraciət edərək, pulun ödənilməsi üçün ona bank hesabının rekvizitlərinin təqdim edilməsini xahiş etmişdir. Lakin, icra məmurundan ərizəsinə cavab almamışdır. Bütün bunlar sübut edir ki, cavabdeh məhkəmə qətnaməsinin icra edilməsindən yayınmayıb və qətnamənin icra edilməməsində iddiaçının da təqsiri vardır. Məhkəmə bu dəlillərə irəli sürülməsinə, onların araşdırılmasına şərait yaratmamışdır və əsassız qərardad qəbuletmişdir. Məhkəmənin 08 aprel 2025-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2944/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, cavabdehlər Nümayəndə2 və Cavabdeh2 X6 kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12348/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 29280 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin əsas borc məbləğinə dair hissədə dəyişdirilmədən saxlanılması, cəmi 322.087,00 (üç yüz iyirmi iki min səksən yeddi) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı məzənnəsi ilə cavabdehlər "İrşad” X4 və Nümayəndə2 alınaraq iddiaçılar X9 və X13 ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2024-cü il tarixli 9/10337 nömrəli rəyindən görünür ki, 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar üzrə 547.547,90 manat pul vəsaitinin hesablanmış cari dəyərinin (ekvivalenti) 769.304,80 manat olması müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Tələbkarın indeksləşdirmə tələbi məhkəmə qərarının icrasında baş verən gecikmələrlə qaynaqlanır. Məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması yaxud da icranın üzürsüz səbəblərdən gecikdirilməsi borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlıdır. Lakin icra sənədinə əsasən tələb olunan pul məbləğinin indeksasiyası o zaman baş verə bilər ki, borclu icra sənədini qəsdən icra etməsin, yaxud da onun icrasını öz hərəkətləri ilə süni şəkildə uzatsın. Hazırki işə əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1686/2022 saylı qətnaməsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2944/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, icra məmuru tərəfindən tutma Cavabdeh2 X6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yönəldilmiş və bir neçə dəfə hərrac keçirilmiş, lakin hərraclar baş tutmamışdır. Həmin iş üzrə mübahisəyə səbəb isə qeyri-yaşayış sahəsinə qoyulmuş satış qiyməti ilə bağlı olmuşdur. Eyni zamanda müəyyən olunur ki, X11 xx.xx.2024-cü il tarixdə məhkəmədə cavabdehlər "xxxx" MMC, Nümayəndə2 və Cavabdeh2 X3rşı əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin ləğv edilməsi barədə iddia qaldırmışdır. Göründüyü kimi, hazırki tələb üzrə tutma elə 2019-cu ildə Cavabdeh2 X6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yönəldilmiş, lakin bu və ya digər səbəblərdən icra proseslərini başa çatdırmaq mümkün olmamışdır. Həmçinin o da müəyyən olunur ki, üzərinə tutma yönəldilmiş qeyri-yaşayış sahəsi otel binası olmaqla kifayət qədər yüksək dəyərə malikdir. Kollegiya icra sənədinin hazırki vaxtadək icra olunmamasını borcluların qanunsuz hərəkətləri ilə əlaqələndirmir, çünki tutmanın borclunun əmlakına yönəldilməsi məcburi icra hərəkəti hesab olunur. İcra prosesində icra hərəkətlərini qanun müstəvisində mübahisələndirmək isə qanunsuz hərəkət hesab oluna bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi göstərilən xüsusatları nəzərə almamış, sadəcə zamanın keçməsi əsası ilə borc məbləğini indeksasiya etmişdir. Odur ki, ərizəyə yenidən baxılarkən göstərilən xüsusatları nəzərə alıb, iş üzrə qanuni və obyektiv qərar qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-4/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-192/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-192/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver