Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-193/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1442/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 20.347 manat məbləğində pul “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulmalı, tutma **-KJ-*** dövlət nömrə nişanlı, "SUBARU LEGASY" markalı avtomobilə yönəldilməklə, avtomobil açıq hərracdan satılmalı, avtomobilin satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilməli, satışdan artıq qalan məbləğ borcluya ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun icra vərəqəsi tam icra olunanadək məhdudlaşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(001)-1442/2013 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi tam icra olunanadək, Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ondan iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 20.347 manat məbləğində pul tutulması, tutmanın ipoteka predmeti olan **-KJ-*** dövlət nömrə nişanlı, "SUBARU LEGASY" markalı avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 21.200 ABŞ dolları müəyyən edilməklə onun açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi və iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru Bəhruz Bayramov təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 1442/13 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixində ona rəsmi təqdim olunmuşdur. Hesab edir ki, bu qərardad əsassızdır və aşağıda göstərilən səbəblərdən ləğv olunmalıdır. Belə ki, qeyd edilən qətnamə ilə tutmanın yönəldilməli olduğu **-KJ-*** dövlət nömrə nişanlı, "SUBARU LEGASY" markalı avtomobilin onda olmadığı, X4 olduğu qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5111/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3427/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tam şəkildə müəyyən edilmişdir. Yəni, icra sənədinin verilməsinə əsas olmuş qətnamənin icrası ondan aslı olmayan səbəbdən mümkün deyildir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)- 3427/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, **-KJ- *** dövlət nömrə nişanlı, "SUBARU LEGASY" markalı avtomobilin cavabdeh X3 alınaraq ona təhvil verilməsi qət edilmişdir. Lakin qeyd edilən qətnamə bu günə kimi icra olunmamış və avtomobil ona təhvil verilməmişdir. Göründüyü kimi, o, həmin qətnamənin icra olunması üçün mümkün olan bütün hüquqi hərəkətləri etmişdir. Belə olan halda, həmin qətnamənin icra olunmasının ondan aslı olmayan səbəbdən mümkün olmadığı halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tamamilə əsassızdır. Onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına uyğun olaraq nəzərdən keçirən zaman ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi və bu tədbirin tətbiq edilməsinin icra sənədinin icrasına hansı əsasla xidmət edəcəyi və onun tətbiq edilməməsinin gələcəkdə məhkəmə qətnaməsinin icrasına çətinlik yarada biləcəyi əsaslandırılmamış, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ona münasibətdə cəzalandırma vasitəsi kimi çıxış etmişdir. Qeyd edilənlərə əsasən, hesab edir ki, qərardadı ilə onun ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulması əsaslı hesab edilməməli və onun şikayəti təmin edilməklə qərardad ləğv edilməli və təqdimat təmin edilməməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-1442/2013 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından qeyd etməyi zəruri hesab edir ki, həmin icra sənədi üzrə ümumilikdə 20.347 manat məbləğində borc mövcuddur və ötən 10 ildən artıq müddət ərzində borclu borcun ödənilməsini təmin etməmişdir. Həmin icra sənədinin icrasının təmin edilməsi üzrə həyata keçirilmiş icra tədbirləri çərçivəsində onun ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. İcra sənədi üzrə tutmanın avtomobilə yönəldilməsi və onun açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməli olması bu təqdimatın təmin edilməməsi üçün əsas yaratmır. Hər bir halda, ölkə adından çıxarılmış məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədində göstərilən məbləğin ödənilməsi məhz borclu tərəfindən təmin edilməli və avtomobilin onda olmaması, habelə hərracdan satılması üçün təqdim edilməməsi onu həmin borcu ödəmək öhdəliyindən azad etmir. Bununla belə, borclu qeyd edilən icra sənədini bu günədək üzrsüz səbəbdən icra etməmiş və hüquqi nəticə etibarı ilə onun icrasından yayınır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış və mülkiyyətində hər hansı əmlakının, o cümlədən pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Bunun nəticəsi olaraq icra məmuru “İcra Haqqında” Qanunun tələblərinə uyğun olaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi də haqlı olaraq təqdimatı təmin etmişdir. Hazırda da borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş halların və əsasların aradan qalxmadığı müəyyən edilir. Əks halda, bu məsələ borclunun ərizəsi olmadan belə, “İcra Haqqında” Qanunun tələblərinə uyğun olaraq, icra məmuru tərəfindən qəbul edilmiş və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar əsasında öz həllini tapmış olardı. Beləliklə, məhkəmə kollegiyası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1132/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin bugünədək tam icra olunmadığını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmiş və Borclu ölkədən getmək hüququnu icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1442/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-193/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-193/2024
07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver