Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-193/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3199/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3199/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunmuşdur. Borclu həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun izahatını nəzərə almadan maddi vəziyyətini ağırlaşdıran qərardad qəbul etmişdir. Məhkəmə indeksasiyanın həddini müəyyənləşdirərkən obyektiv araşdırma aparmamışdır. Müəyyən edilmiş 1,2 əmsalı 2020-ci ildə boşanma zamanı oğlunun anası ilə razılaşaraq müəyyən etdikləri 300 manat aliment məbləğinə əsaslanırdı. Belə ki, həmin dövrdə onun əmək haqqı 250 manat təşkil edirdi və ödədiyi 300 manat 250 manatın 1,2 misli idi. İndeksasiya qərardadını ədalətsiz hesab edir, çünki boşanma zamanı qanunvericiliyə əsasən 250 manat aliment ödəməli olduğu halda (1000 manat maaşının 25%-i), xoş niyyət göstərərək 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Bu gün isə həmin xoş niyyəti özünə qarşı suiistifadə olunaraq, maddi baxımdan əlavə çətinliklə üzləşməyinə səbəb olmuşdur. Hazırda aylıq maaşı 1.676 manat təşkil edir. Mövcud qanunvericiliyə əsasən aliment ümumi gəlirin 25%-i səviyyəsində müəyyən edilməlidir ki, bu da 419 manata bərabərdir. Lakin minimum əmək haqqına bağlanmış indeksasiya səbəbindən 480 manat aliment ödəməyə məcbur olur. Bu məbləğ isə minimal əmək haqqı ilə birlikdə daha da artacaqdır. Minimal əmək haqqının artımı və məbləğini isə proqnozlaşdırmaq qeyri-mümkündür. Növbəti illərdə kəskin artım olarsa, ona çox böyük maliyə yükü düşəcək. Çünki həmin məbləği 1.2-ə vurub aliment kimi ödəməli olacaq. Oğlu 2023-cü ildə anasının Türkiyədə magistr təhsili alması bəhanəsi ilə bu ölkəyə köçübdür. Sonradan məlum olmuşdur ki, həmin gediş həm də ailə qurmaq məqsədi daşıyırmış və hazırda anası türk vətəndaşı ilə nikahdadır. Qeyd etmək istəyir ki, boşanma zamanı övladının anasının himayəsində qalmasına razı olmuş, qanunda nəzərdə tutulandan artıq məbləğdə aliment ödəməyi könüllü olaraq öhdəsinə götürmüş və oğlunun xaricə köçməsinə də etiraz etməmişdir. Bütün bu addımları sırf övladının rifahını və sabitliyini qorumaq məqsədi ilə atmışdır. Lakin indi həmin xoş niyyətin mənfi şəkildə özünə qarşı istifadə edildiyini müşahidə edir. Aliment məbləğinin artırılması nəticəsində gələcəkdə öz şəxsi həyatını və ailəsini qurmaq imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Bu isə artıq onun hüquqlarının pozulması və ədalət prinsipinə zidd bir vəziyyət yaradır. O, aliment ödənişlərini indiyədək vaxtında, gecikmədən yerinə yetirmiş və övladının xərclərindən yayınmaq niyyətində deyil. Məbləğin artırılmasına da etiraz etmir. Sadəcə aliment məbləğinin ədalətli, yəni onun real gəlir imkanlarına uyğun (maaşının 25%-i həddində) müəyyən edilməsini xahiş edir. Hazırki işdə indeksasiya həddinin ölkə üzrə minimum əmək haqqının 1,2 misli həddində alimentin müəyyən edilməsi aliment ödəyən başqa vətəndaşlarla müqayisədə onun vəziyyətini ağırlaşdırır. Həmin məbləğdə alimenti qarşı tərəfə ödəməyi nə dərəcədə ədalətli və qanunidir?! Hesab edir ki, Ali Məhkəmənin Plenum Qərarında bu məsələdə müəyyən qədər səthiliyə yol verilib, əvvəki illər üzrə minimum əmək haqqının və əvvəlki illər üzrə təyin olunmuş aliment məbləğlərinin dinamikasının müqayisəsi aparılmamışdır. Məhkəmədə verdiyi izahat nəzərə alınmamışdır. Məhkəmə açıq şəkildə ona qarşı qərəzli mövqe tutaraq minimum əmək haqqının 1,2 misli məbləğdə aliment məbləği olaraq təyin etmişdir. Hesab edir ki, bu absurd yanaşma olmaqla, onun sosial təminat hüququ, digər vətəndaşlarla müqayisədə ona münasibətdə qanun və məhkəmə qarşısında bərabər olmaq prinsipi pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir; 3-cü maddəsinə əsasən aliment indeksləşdirmənin obyektlərindən biridir; 4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3199/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu iddiaçı X4 xeyrinə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. 2020-ci ilin iyul ayında iddiaçının (tələbkarın) xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 250 manat olmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1.2 (300:250) mislini təşkil etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazırki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı müəyyən edilən zaman həmin il üzrə (2020-ci il) müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir. Qeyd edilənlər də həmin qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiya edilməsini şərtləndirir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir. Həmçinin, alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-193/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-193/2025
16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver