Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-194/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Borclu, X1 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tam təmin edilərək, Borclu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, xxxx yaşayış massivi, M.Xiyabani küçəsi, ev 5 ünvanında yerləşən 160 saylı mənzildən çıxarılaraq mənzilin boşaldılması, qarşılıqlı iddia isə qismən təmin edilərək, Həqiqət Ağalıyevadan maddi ziyan olaraq 8467 manat tutularaq, Borclu xeyirinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu, ərizə verərək, icra sənədinə icrasına 12 ay müddətində möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, mübahisəli mənzili aldığı “xxxx” MTK-nın rəhbərliyinin həyata keçirdiyi qanunsuz əməllərdən maddi, mənəvi ziyan çəkmişdir və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı gedən cinayət işi üzrə çoxsaylı zərərçəkmişlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi daha çox hazırki iş üzrə tələbkar-borclu Həqiqət Ağalıyevanın xeyirinə olsa da, bu baş verənlərlə bağlı əsl həqiqəti dəyişmir. Əsl həqiqət isə ondan ibarətdir ki, hazırki iş üzrə tələbkar-borclu sözügedən mənzili hansı formada almışdırsa, o da həmin formada mənzilə sahiblənmişdir. Mənzili zəbt etməmiş, yaxud zorakı yolla mənzilə girməmişdir. Qanuna müvafiq qaydada, dövlətin qanunlarına arxalanıb “xxxx” MTK ilə müqavilə bağlayaraq, mənzilin razılaşdırılmış haqqını ödəyərək, həmin mənzilə sahib olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, hesab edir ki, bir tərəfin qanuni haqqının tanınması digər tərəfin hüquqlarının pozulmasına səbəb ola bilməz. Bu mənada, onun mənzillə təminatı öz həllini tapmamış, azyaşlı və xəstədən ibarət olan ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması ədalətli yanaşma sayıla bilməz və bu hal baş verəcəyi təqdirdə bu, onun hüquqlarının növbəti dəfə pozulması ilə nəticələnəcəkdir. Xüsusi olaraq onu da qeyd edir ki, hazırda Bakı şəhərində Ağ Şəhər adlanan ərazidə onun da daxil olduğu zərərçəkmiş şəxslərin mənzillə təminatını nəzərdə tutan bina tikintisi işləri getməkdədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin təmin edilməsini xahiş etmiş və şikayətini ərizəsi ilə eyni mənzmunda əsaslandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, 08 aprel 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən borclu, şikaytətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Tələbkarın nümayənəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissə-hissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Kollegiya, vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə isə Borclu istinad etdiyi hallar tələbkarın etirazı da nəzərə alınmaqla icra sənədinin icrasına möhlət verilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma, məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bildirmişdir ki, «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. Mülki Prosessual Məcəllənin 15.2-ci və 15.3-cü maddələrinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, birinci instansiya məhkəməsinin ərizənin rədd olunması barədə gəldiyi qənaəti əsaslı sayır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-177/2021 nömrəli, 11 mart 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-194/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-194/2021
05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver