Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-196/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatın təmin edilməməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 8(003)-46/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru Aqil Nəcəfov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 18.04.2019-cu il tarixli 2(003)-1085/2019 nömrəli icra sənədinə əsasən Borclu 14100 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Borclu icra sənədini icra etməkdən boyun qaçırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 8(003)-46/2021 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, iş materiallarında Borclu icra sənədini üzrlü səbəb olmadan icra etməməsi barədə heç bir sübut yoxdur. Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu icra sənədini ümumiyyətlə icra etməmiş və buna görə iki dəfə inzibati qaydada həbs olunmuşdur. Birinci instansiya məhkəməsi əsassız olaraq təqdimatı təmin etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 8(003)-46/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021ci il tarixli 8(003)-46/2021 saylı qərardadı ləğv edilməli, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 18.04.2019-cu il tarixli 2(003)-1085/2019 nömrəli icra sənədini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə, həmin məhkəmənin 23 sentyabr 2020-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yuxarıda qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarları Borclu icra sənədini üzrlü səbəb olmadan icra etmədiyini birbaşa təsdiq edir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 8(003)-46/2021 saylı qərardadı ləğv edilsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatı təmin edilsin. xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-196/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-196/2021
04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver