Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-196/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin «Qismən icra olunan icra sənədinin qaytarılması barədə» qərarından verilmiş şikayət üzrə qəbul olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-379/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1628/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 120.263,24 manat məbləğində əsas borc və 1.046,76 manat cərimə olmaqla, cəmi 121310 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 29,49 hissəsi iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin «Qismən icra olunan icra sənədinin qaytarılması barədə» xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün tələbkar tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizə və qərardan şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, icra məmuru qərarın icrası üçün icraata başlanıldığı vaxtdan könüllü ödənilməsi üçün ən çoxu on gün müddət təyin edir. Həmin müddət başa çatdıqdan sonra icra məmuru göstərilən tələbləri məcburi qaydada icra etməlidir. Lakin Borclu barəsində məcburi icra hərəkətlərinə icra sənədi təqdim edildikdən 02 ay sonra başlanılmış və sadəcə inzibati qaydada cərimə edilməklə kifayətlənmişdir. Hazırkı tarixə qədər məhkəmə qərarının icra edilməməsi kifayət qədər aydın göstərir ki, maddi borcun ödənilməməsinə görə başqa bir maddi cəzanın tətbiq edilməsi nə qədər effektiv qərardır. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən məcburi icra haqqında tədbirlərdən sadəcə birini tətbiq etməklə kifayətlənmiş və görülən tədbirin nəticəsi üçün çox az müddət gözləmiş, icra sənədini Qanunun 23.1.3-cü maddəsini əsas gətirərək, xx.xx.2022-ci il tarixində məhkəməyə qaytarmışdır. İcra məmurunun adı çəkilən maddəyə istinad etməsi üçün kifayət qədər geniş araşdırma aparması, həqiqətən də, borcun icrasının mümkünsüzlüyü barədə yekun nəticəyə gəlməyə imkan verən kifayət qədər əsasları olmalıdır. İcra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun geniş imkanlarından istifadə etməməsi icraatdakı işi tez yekunlaşdırmaqda, xitam verməkdə maraqlı olmasına dəlalət edir. Tələbkar MMC-nin borclu olduğu qərarlarda icra şöbəsinin xüsusi maraqlı olması, borcun ödənilməsi üçün xüsusi səylərinin olmasına baxmayaraq, Tələbkar MMC-nin tələbkar olduğu icra sənədlərinin icrası xüsusi səylə gecikdirilir, xitam edilir, yaxud məhkəməyə qaytarılır. İcra sənədi məhkəməyə geri qaytarıldıqdan sonra yalnız tələbkarın yenidən müraciəti ilə icraya yönəldilə bilər, icra sənədinin belə tez müddətdə geri qaytarılması halında, yəqin ki, icra məmurlarının tələbkardan gözlədikləri borclunu sürəkli izləməkləri, adi halda icra məmurunun etməli olduğu hərəkətləri tələbkarın etməyi və borclunun əmlakı, yaxud gəlirini aşkar etdikdə müraciət etməkləridir. Halbuki Qanunla bu vəzifələr icra məmurunun üzərinə qoyulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məhkəmə qərarlarının icrası ilə bağlı “İcra haqqında” Qanunun müxtəlif maddələrinin şərhinə dair çıxardığı yekun qərarlarda da, qeyd edilənlər öz əksini tapmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-379/2023 saylı qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin «Qismən icra olunan icra sənədinin qaytarılması barədə» xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1628/2021 saylı icra sənədi üzrə başlanmış icraatın ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-2921/2023 saylı qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə sözügedən maddi normaya ümumiyyətlə məhəl qoymadan, sanki tələbkardan çəkinərək məhkəməyə qanuni şəkildə qaytarılmış icra sənədini yenidən icraya yönəltmişdir, halbuki sözügedən icra sənədini yenidən icraya yönəltmək üçün qanunun yuxarıda qeyd edilən normasına əsasən, mütləqdir ki qaytarmaya əsas olan hallar aradan qalxsın. Nə tələbkar tərəfindən, nə də məhkəmə tərəfindən hansı əsasların aradan qalxdığı bildirilməmişdir, çünki elə bir hal yoxdur, məhkəmə sırf tələbkarın arzusu və ya bilinməyən nədəsənsə çəkinərək icra sənədini yenidən icraya yönəldərək kobud qanun pozuntusuna yol vermişdir. İcra məmurunun icra sənədini icra edərkən məcburi icra tədbirlərini həyata keçirtmək üçün cəmi 2 ay vaxtı vardır, həmin müddət ərzində isə Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən bütün zəruri icra tədbirləri həyata keçirilərək icra sənədi qanuni və əsaslı şəkildə məhkəməyə qaytarılmışdır. Belə olan halda illərlə icra sənədini icraatda saxlayaraq, hərəkətsizlik göstərmək özü qanun pozuntusundan başqa hal ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, inzibati cərimə növündə tənbeh olunmuş şəxs tərəfindən cərimənin inzibati tənbeh tətbiq olunması barədə qərar qüvvəyə minənədək ödənilməsi və həmin qərarın qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməməsi, şəxslərin müvafiq məhrumetmənin təsirindən şüurlarında artıq qanunlara ciddi əməl edilməli olması ilə bağlı tərbiyələnməyə, hüquqa uyğun davranmaqla bağlı vərdişlərinin formalaşmağa başlamasına dəlalət edir. Buradan bu nəticəyə gəlinir ki, icra məmuru tərəfindən tətbiq edilmiş tənbehin tərbiyəvi effekti gözlənilmiş (çünki tərəf cəriməni ödəmişsə artıq islah edilmiş hesab edilir), üç gün sonra icra sənədini məhkəməyə haqlı olaraq qaytarılmışdır. Çünki bütün məcburi icra tədbirləri həyata keçirilmişdir. İcra tədbirlərinin isə həyata keçirilmə müddəti qanunvericiliyə əsasən 2 aydır. İcra sənədini isə hərəkətsizşəkildə (çünki, əlavə icra tədbiri qalmamışdır) saxlamaq özü məsuliyyətsizlik və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına laqeyd yanaşmaq deməkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-2921/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Borclu 120.263,24 manat məbləğində əsas borc və 1.046,76 manat cərimə olmaqla, cəmi 121310 manat məblərində borc və ödənilmiş dövlət rüsumunun 29,49 hissəsi iddiaçı Tələbkar xeyrinə tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1628/2021 saylı qətnaməsi icraya yönəldilmişdir. Borclu xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərildiyi kimi, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. İş materiallarından görünür ki, Borclu yuxarıda qeyd olunan qərar əsasında tətbiq edilmiş cəriməni xx.xx.2022-ci il tarixdə ödəmiş, icra məmuru xx.xx.2022-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədini məhkəməyə qaytarmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tənbehin məqsədi borclu tərəfindən cərimənin ödənilməsi deyil, inzibati məsuliyyətə səbəb olan əməlin dayandırılmaması olduğu halda hazırki işin kontekstində isə borclu cəriməni ödəməklə özünü qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək vəzifəsindən azad etmiş olması təəssürat yaranması kimi qənaəti ilə razılaşır və hesab edir ki, icra məmuru tətbiq edilmiş tənbehin tərbiyəvi effektini gözləmədən, üç gün sonra icra sənədini məhkəməyə qaytarmaqla bir növ işini bitmiş hesab edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq, o, Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan müddət nəzərə alınmadan yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin qanunverici Məcəllənin 9.2-ci maddəsində davam edən inzibati xətaya görə yenidən məsuliyyətə cəlb etmənin mümkünsüzlüyünü aydın göstərsə də, uzanan inzibati xətalardan bəhs etməmişdir. Göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquq tətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. Belə ki, Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Maddənin məzmunundan da göründüyü kimi, əməldə cinayət tərkibi varsa, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati məsuliyyətə səbəb olan məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi əməlini cinayət məsuliyyətinə səbəb olan məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlindən fərqləndirən başlıca əlamət sonuncunun qərəzli olaraq törədilməsidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. ... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər”. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-379/2023 saylı qərardadının ləğvi üçün əsas sayıla bilməz Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədi məhkəməyə geri qaytarıldıqdan sonra yalnız tələbkarın yenidən müraciəti ilə icraya yönəldilə bilər. Şikayətçinin dəlillərinə əsasən İcra sənədini hərəkətsiz şəkildə (çünki, əlavə icra tədbiri qalmamışdır) saxlamaq özü məsuliyyətsizlik və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına laqeyd yanaşmaq deməkdir. Lakin iş materiallarından görünür ki, borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməməklə qətnamənin icrasına laqeyd yanaşmasını açıq göstərir və bu münasibət onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1628/2021 saylı icra sənədi üzrə başlanmış icraatın ümumi qaydada davam etdirilməsinə dair Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)- 379/2023 saylı əsaslı qərardadından verdiyi şikayətdə özünü aydın büruzə verir. Başqa sözlə, «Qismən icra olunan icra sənədinin qaytarılması barədə» xx.xx.2022ci il tarixli qərarın qəbulu ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1628/2021 saylı icra sənədini icra etməməməsi bir növ münbit şərait yaradır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunan maddə ədalətli məhkəmə baxışına təminat verir. Ona görə də mülki hüquq və vəzifələrin nəyi əhatə etməsinin müəyyənləşdirilməsi 6-cı maddənin tətbiqi baxımından əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, şikayətdə ifadə olunan prizmadan yanaşılarsa, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əksəriyyətinin “icrası” iki ay çərzivəsində həyata keçirilmiş və obyektiv olaraq tələbkarın maraqları baxımından hər hansı bir nəticə verməyən icra tədbirlərindən ibarət olub, icra sənədlərinin geri qaytarılması ilə nəticələnmiş olar. İcra məmurunun da səlahiyyətləri və imkanları qanunvericiliyin qoyduğu çərçivələrlə məhdudlaşır, amma ən azı icra işi nəzərdən keçirilərkən tələbkarda və məhkəmədə belə bir əminlik yaranmalıdır ki, icra məmuru qanunvericiliyin ona verdiyi bütün imkanlardan formal olaraq deyil, obyektiv və vicdanlı şəkildə istifadə etmişdir. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-379/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-196/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-196/2023
19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver