Məhkəmə qərarları › İş №8(103)-196/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-196/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-196/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(005)-237/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 may 2024-cü il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ilə Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı tarixədək Nərimanov Rayon Məhkəməsinin 2(005)-1388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildən çıxarılmalıdır. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli icraata başlama haqqında qərar qəbul edilərək, borcludan icra sənədinin 10 gün ərzində könüllü icrasının təmin edilməsi tələb edilmişdir. Lakin hazırki mərhələdə icra icraatı dayandırılmalıdır. Belə ki, tələbkar X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ASC və "xxxx" MMC arasında bağlanmış və yuxarıda qeyd edilən mənzilə dair hərracın yekunlarına dair tərtib edilmiş “01/01 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün hərracın yekunları barədə protokolun” etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilmişdir. İcra sənədinin icrası həmin qətnamə qanuni qüvvəsini alanadək dayandırılmalıdır. Borclu, bununla bağlı Nərimanov Rayon İcra Şöbəsinə müraciət etsə də, icra qurumunun xx.xx.2024-cü il tarixli cavab məktubu ilə icra icraatının dayandırılmasının mümkün olmaması bildirilmişdir. Ona görə də, hazırki ərizə ilə Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hərrac nəticələri etibarsız hesab olunmuş və dolayısı ilə də hazırki tələbkarın çıxarışı ləğv edilmişdir. Ağayeva (Məmmədova) Səbinə Məhəmməd qızı hazırki borclunun qardaşı qızı olmaqla formal olaraq müqavilə onun adına bağlanmışdır. Yaxın qohumuq münasibətindədirlər. Eyni zamanda prosessual olaraq iddianın onun tərəfindən qaldırılmalı olması əsası ilə həmin iş üzrə iddiaçı da məhz Səbinə Ağayeva (Məmmədova) olmuşdur. Hər bir halda mənzilin yeni mülkiyyətçisinin çıxarışı iddianın hazırki mərhələdə qanuni qüvvəsini alması halında ləğv ediləcəkdir. Bu isə işin mahiyyətinə birbaşa təsir göstərəcək haldır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi şikayəti əsassız olaraq təmin etməmişdir. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1388/2023 nömrəli iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu və digər şəxslər əşyaları ilə birlikdə Tələbkar mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 24-də yerləşən 32 saylı mənzildən çıxarılmalıdırlar. Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İcra məmuru tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında bildirişdən” görünür ki, icra sənədinin icrasının könüllü təmin edilməsi borcludan xahiş olunmuşdur. İşdə olan materiallarından müəyyən olunur ki, iddiaçı X5 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ASC və "xxxx" MMC arasında bağlanmış mübahisəli mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-606-2024 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin iddianın tələbinin təmin edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış, ondan apellyasiya şikayəti verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (maddə 2.). İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (maddə 8.1.). Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir (maddə 26.). İcra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (maddə 17.1.4.). İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (maddə 17.1.7.). Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır (maddə 21.1.). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra işlər üzrə qəbul etdiyi qərarlarında qeyd etmişdir ki. məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 6-cı maddəsinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hazırkı işin hallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1388/2023 saylı icra vərəqəsi üzrə icraatın dayandırılması üçün hər hansı hüquqi əsas və zərurətin olub-olmaması Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun qərarı ilə müəyyən olunmalıdır. Çünki “İcra haqqında” Qanunun tələblərinə görə, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır (maddə 21.1.). bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir (maddə 21.2.). Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır (maddə 21.3.). İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər (maddə 21.4.). cra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (maddə 21.5.). Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər (maddə 21.6.). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir (maddə 21.7.). Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir (maddə 21.8.). Borclu tərəfindən Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış müraciət edilərək icra sənədi üzrə icraatın dayandırılması xahiş olunmuş, İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3052 saylı məktubu ilə borcluya icraatın dayandırılmasının mümkün olmadığı izah olunmuşdur. Borclu, Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək icra hərəkətlərinin dayandırılmasını tələb edir. Halbuki “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsi icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə aktından apelyasiya şikayəti verildiyi halda icraatın dayandırılmalı olduğunu qeyd edilir. Əsasında icra vərəqəsinin verildiyi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1388/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi qətnaməni dəyişdirmədən saxlamışdır. Yəni mülki işə hər üç instansiya məhkəməsi tərəfindən baxılmış və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1388/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Belə olan halda “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsində əksini tapan hal hazırki işdə mövcud deyil. Bundan başqa, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda icraatın dayandırılması olduğunu qeyd edir. Borclu tərəfindən istinad olunan Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2024 nömrəli mülki iş üzrə isə iddiaçı borclu deyil, mənzilin keçmiş mülkiyyətçisidir. Qanunda iddianın məhz borclu tərəfindən qaldırılması halı qeyd edildiyindən bu normanın da hazırki işə tətbiq edilməsi mümkün deyil. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi icra sənədi üzrə icraatın dayandırılması barədə borclunun şikayətini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 may 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar