Məhkəmə qərarları › İş №8(103)-197/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-197/2024

05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-197/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 8(006)-99/2024 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı icra vərəqəsi üzrə icra üsulunun və qaydasının dəyişdirilərək, icra predmeti olan ümumi paylı mülkiyyətdəki ünvan 1 ünvanındakı evin 47 saylı mənzilinin hazırkı real bazar qiyməti müəyyən edildikdən sonra onun hərracdan satılması və sonrakı əməliyyatların həyata keçirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-99/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda borclu həmin qərardaddan şikayət vermiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, borclu tərəfindən qətnamənin icrası üsulu və qaydasının dəyişdirilməsi xahiş edilsə də, ərizənin mahiyyətindən görünür ki, ərizədə məhkəmə aktının icra üsulu və qaydasının dəyişdirilməsi deyil, həmin aktla müəyyən edilmiş halların yenidən qiymətləndirilməsi (yenidən ekspetizanın təyin edilərək əmlakın qiymətləndirilməsi və s.) tələb edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsi ilə Tələbkar və X4 məxsus Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsinin iddiaçı Tələbkar, 1/2 hissəsinin isə cavabdeh X4 ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmiş, əmlak hazırda satılmamışdır. Hazırda borclu məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin qəbul etmiş olduğu qətnaməsinin icrası üsulu və qaydasının dəyişdirilərək, sözügedən əmlakın real bazar qiymətinin müəyyən edildikdən sonra hərracdan satılmasını xahiş edir. Kollegiya nəzərə alır ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq vaxt keçmişdir və bu müddət ərzində daşınmaz əmlak bazarında qiymət dəyişiminin olması realdır. Bu baxımdan yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əmlakın qiymətinin preyudisiallığına istinad etməklə ərizənin rədd edilməsinin hüquqi əsası yoxdur. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 8(006)-99/2024 saylı qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 8(006)-99/2024 saylı qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar