Məhkəmə qərarları › İş №8(103)-198/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-198/2024

10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-198/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2242/2023 saylı, xx.xx.2023-cq il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan tələbkarın nümayəndəsi X4 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu vaxtaşırı xarici ölkələrə gedib-gəlir. İstisna olunmur ki, borclu istənilən vaxt Respublikanın hüdudlarını tərk edə bilər və belə olan halda icra sənədinin icrası qeyri-mümkün olacaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli qərarı ilə "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” təsdiq edilmişdir. Həmin təlimatın 2.2-ci bəndində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl görülən tədbirlər sadalanmışdır. Təlimatın 2.2.1-ci bəndi könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edən hal kimi müəyyən edilmişdir. Təlimatın 2.2.2-ci bəndi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Təlimatın 2.2.2-ci bəndi borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin təqdimat və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, icra məmuru “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da tələb olunan göstərişləri tam olaraq yerinə yetirməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş sadəcə Borclu tərəfindən imza edilməklə əldə edilmişdir. Həmçinin, icra məmuru yalnız Borclu ilə bağlı məlumatlar barədə elektron sistemdən çıxarışla kifayətlənərək birbaşa borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Həmçinin, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas ola biləcək sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6902 nömrəli, İD 459175064, terminal K0100230 saylı mədaxil qəbzinə əsasən Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə borclu Əkbərov X2 Rayon İcra Şöbəsinin hesabına 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən bir sira icra tədbirləri həyata keçirilsə də, borclunun mülkiyyətində daşınmaz əmlakın olub-olmaması müəyyən edilmədən, habelə borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlanılmadan icra məmuru məhkəməyə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət etmişdir. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, icra məmuru “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da tələb olunan göstərişləri tam olaraq yerinə yetirmədən məhkəməyə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət etdiyindən təqdimat təmin edilə bilməz Kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. X5 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarına əsasən Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. İş materiallarından görünür ki, icra məmuru öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları təqdimata əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatını təmin etməməkdə düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar