Məhkəmə qərarları › İş №8(103)-200/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-200/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-200/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: qətnamənin hissə-hissə icra olunması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, X2 borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2025 nömrəli, 13 mart 2025-ci il tarixli şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi - X4 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7726/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi və 2(001)- 138/2024 saylı, 29 aprel 2024-cü il tarixli icra sənədi ilə icraya yönəldilmiş icra işi ilə əlaqədar aliment üzrə 30 noyabr 2022-ci il tarixdən başlayaraq hesablanmış 13000 manat aliment borcunun hissə-hissə, yəni hər ay 100-150 manat həddində ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)-7726/2022 saylı, 27 dekabr 2022-ci il qətnaməsinə əsasən X9 ilə onun arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, MŞB/11-01296 saylı barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişininə əsasən o, 08 dekabr 2022-ci il tarixdən başlayaraq valideyni 04 fevral 1959-cu il təvəllüdlü X1 uçün hər ay 3000 manat sabit pul məbləğində alimenti nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 sayl, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə onunla Maraqlı şəxs2 arasında 17 aprel 2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 06 avqust 2016-cı il təvəllüdlü X11 iddiaçı Maraqlı şəxs2 yanında saxlanılması, 30 noyabr 2022-ci il tarixdən başlayaraq (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-158/2023 saylı, 19 may 2023-cü il tarixli qərardadı ilə 08 may 2023-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək tutulan məbləğ nəzərə alınmaqla) ondan 06 avqust 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Maraqlı şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. O, BP EKSPLOREYŞN KASPİAN Sİ LTD şirkətində işləyir. Rəsmi əmək haqqından tutulmalar çıxıldıqdan sonra təxminən 6800 manat əmək haqqı alır. Həmin əmək haqqından 3000 manat anası X9 üçün aliment, təxminən 1600 manat da 06 avqust 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulur. Beləliklə ona əmək haqqından 1800 manat məbləğində pul vəsaiti qalır. Hər dəfə də o, övladı ilə görüşəndə bir ata kimi ona hədiyyə və gündəlik xırda alış-veriş də edir ki, bu da ona qalan maaşından xərclənir. Həmçinin o, xəstədir, hər il müalicə almalıdır. Bundan başqa o, yeni ailə həyatı qurub və bu yeni ailənin də qayğısına tutulmalar və alimentlər çıxdıqdan sonra qalan 1800 manat əmək haqqının hesabına ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 sayl, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra 30 noyabr 2022-ci il tarixdən başlayaraq aliment hesablandığından (yəni qətnamədən 17 ay əvvəldən) onun həm köhnə aliment borcu, təxminən 13000 manat və uşağın saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, yəni 1600 manat məbləğində aliment tutulur. Rəsmi əmək haqqından tutulmalar vaxtı-vaxtında olsa da əvvəldən hesablanmış 13000 manat alimenti ödəmək ona indiki vaxtında həddindən artıq çətinlik yaradır. Bu səbəbdən də qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Qərardadın əsaslarına görə, məhkəmə, borc məbləğini nəzərə alaraq qətnamənin borclunun xahiş etdiyi qaydada hissə-hissə icra edilməsi halında məhkəmə qərarının çox uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyini, bu halın isə tələbkarın mənafeyinə zidd olduğundan, eləcə də icra sənədi ağlabatan müddətdə icra edilməli olduğundan icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsini mümkün hesab etmir. Həmçinin tələbkar “qətnamənin hissə-hissə icra edilməsinə etiraz etdiyindən, ərizə təmin edilə bilməz.

5. X4 şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadının qeyrı-qanuni və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda qeyd edir ki, qətnamənin hissə-hissə icrasına baxılarkən tək borclunun deyil, həm də tələbkarın mənafeyi nəzərə alınmalıdır. Ancaq məhkəmə nəzərə almır ki, bu iş üzrə tələbkar Maraqlı şəxs2 olsa da, mən bu alimenti onun saxlanılması üçün yox, qızımın saxlanılması üçün ödəyirəm və qızımın mənafeyihazırda 13000 manatın birdəfəlik ödənilməsini tələb etmir. Bu halı tələbkar Maraqlı şəxs2 da heç bir sübutla əsaslandırmamışdır. Eyni zamanda məhkəmə də qətnamənin hissə-hissə icrasınınn tələbkarın hansı mənafeyinə və necə uyğun gəldiyini əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, 100-150 manat ödəməklə qalıq aliment borcunun ödəniləsi 7-10 il müddətinə başa çatacaq ki, bu da uşağın mənafeyinə uyğun deyil. Ancaq məhkəmə uşağın mənafeyinin onsuz da hazırda ödədiyim alimentlə tam təmin olunduğunu nəzərə almamışdır və ödəniləcək 13000 manat aliment borcu ilə uşağın hansı ehtiyacının qarşılanacağını nə tələbkar tərəf, nə də məhkəmə qeyd etməmiş, əsaslandırmamışdır. Belə görünür ki, bu qalıq borcun ödənilməsi ancaq tələbkarın mənafeyi üçündür. Bu pul heç bir halda qızım üçün tələb olunmur, Maraqlı şəxs2 özü üçün tələb olunur. Bundan əlavə, məhkəmə qətnamənin hissə-hissə icrası üçün 100-150 manat məbləğində aylıq ödənişxahişimi qəbul etməsə də, ərizəni qismən təmin edərək başqa məbləğdə qətnamənin hissə-hissə icrasına qərar verə bilərdi. Ancaq məhkəmə işə olduqca formal yanaşmış, heç bir əsaslandırma etmədən, tələbkarın və qızının hansı mənafelərini qoruduğunu göstərmədən ərizənin təmin edilməməsinə qərar vermişdir. Digər yandan, məhkəmə qərardadda qeyd edir ki, o anası ödədiyi alimentin azaldılması üçün müraciət etməmişdir lakin qızına aliment borcunun hissə-hissə icrasını tələb edir. Eləcə də qeyd edilir ki, mənim anama ödədiyim vəsaitlə bağlı heç bir borcunun olmadığı müəyyən edilmişdir. Hansı sübutlar əsasında mənim anasına alimentlə bağlı borcumun olmadığını müəyyən etmişdir, bunlar da qeyri-müəyyəndir. Bununla bağlı qeyd edir ki, onun anasına ödədiyi alimentlə bağlıda 6 aylıq dövr (2022-ci ilin dekabr ayından 2023-cü ilin iyun ayına qədər) üçün 18000 manat borcum yaranmışdır və anam tərəfindən bu barədə Binəqədi Rayon İcra şöbəsinə müraciət olunmuşdur. Yuxarıda da qeyd etdiyi kimi anasına olan aliment borcuna görə də aylıq 150 manat ödəniş edir. Məhkəmə mənixəstəliyim və müalicəmlə bağlı təqdim etdiyim sənədlərə də münasibət bildirməmiş, qərar qəbul edərkən bu sübutlarıda nəzərə almamışdır. Halbuki mən xəstəliyimlə bağlıda mütəmadi olaraq xaricə səfər edib müalicə olunmalı oluram ki, bunlar da havayı başa gəlmir və xeyli xərc tələb edir. Məhkəmə qərardadda qeyd edir ki, o anasına ödədiyim alimentin azaldılması üçün müracit etməmişdir, lakin qızıma aliment borcunun hissə-hissə icrasını tələb edirəm. Eləcə də qeyd edilir ki, onun anasına ödədiyi vəsaitlə bağlı heç bir borcumun olmadığı müəyyən edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır; Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(006)-3724/2022 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verilmiş, icra işi üzrə icraata başlanılmışdır.

11. Borclu hazırkı ərizəsini məhkəmə tərəfindən qət edilən aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmaması və bunun üçün maddi imkanının olmaması, yalnız hissə-hissə olmaqla ödənişləri vaxtlı-vaxtında icra edə biləcəyi ilə əsaslandırır.

12. Məhkəmə kollegiyası, borclunun bu mövqeyi və şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldiməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bu baxımdan, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, borclunun qətnaməni hissə-hissə icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Əgər qətnamənin icrası üçün borclunun tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı və gəliri yoxdursa, onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlər nəticə verməmişdirsə, borclunun əmlak vəziyyəti nəzərə alınaraq qətnamə hissə-hissə icra oluna bilməz. Bundan əlavə, qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, müddət müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır.

13. Qətnamənin hissə-hissə icrası haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti ilə yanaşı nəzərə alınmalı olan digər hallar dedikdə, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar (mənzildən çıxarılma zamanı borclunun və ya onun ailə üzvlərinin xəstəliyi, həyat şəraitinin dəyişməsi, alınması qət olunmuş əmlakın borclunun özündə və ya natura şəklində mövcud olmaması, borclunun yaşayış yerini dəyişməsi və s.), tələbkarın üzrlü səbəblərdən qətnamə ilə müəyyən edilmiş icranı borcludan qəbul edə bilməməsi və tələbkarın qanunla qorunan mənafeyi başa düşülməlidir.

14. Qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq qaydada nəzərə alınmalı, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləği və ya miqdarı, hissələrin dövriliyi müəyyən edilərkən ağlabatanlılıq və ədalətlilik meyarları rəhbər tutulmalı, qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin arasındakı vaxt intervalına və həmin hissələrin icra müddətinin həddən artıq çox olmamasına diqqət yetirilməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir.”

16. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

17. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Qərarı).”

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrə tövsiyə etmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

19. Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

20. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının ərizəsində göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının 100 manatdan ödəniləcəyi təqdirdə təqribən 130 ay (10 il 10 ay), 150 manatdan ödəniləcəyi təqdirdə təxminən 87 ay, yəni 7 ildən yuxarı bir müddətə təxirə salınması anlamına gəlir, bu da uşağın mənafeyinə zidd olacaqdır. Halbuki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur.

21. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2025 nömrəli, 13 mart 2025ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2025 nömrəli, 13 mart 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar