Məhkəmə qərarları › İş №8(103)-201/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-201/2025

19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-201/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “aliment borcunun silinməsi” barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: aliment borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İdan ibarət tərkibdə, Borclu “aliment borcunun silinməsi” barədə ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-5/2025 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-179/2020 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldıqdan sonra Borclu aylıq qazancının ¼ hissəsi və həmin uşağın müalicəsi üçün 100 manat əlavə xərc Köçəriyeva (Aşırova) Qızılgül Famil qızına ödənilməlidir.

2. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-594/2023 nömrəli icra sənədinə əsasən Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-179/2020 nömrəli qətnaməsi ilə cavabdeh Borclu tutulan alimentin tutulması qaydası dəyişdirilmiş və cavabdeh Borclu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir.

3. Tələbkar Nəsimi Rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, 2021-ci il yanvar ayından sentyabr ayına kimi yığılan 2.200 manat aliment borcunun ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Borclu ərizə ilə məhkəməyə müraciət edərək aliment borcunun silinməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-179/2020 saylı icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir. Mülki iş üzrə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aliment xx.xx.2013-cü ildə anadan olmuş X2 yetinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvə aldaqdan sonra Borclu aylıq qazancının ¼ hissəsi həmin uşağın müalicəsi üçün 100 manat əlavə xərc olaraq ödənilməsi qət edilmişdir. Bir ildən artıq olar ki, məhkəmə 280 manat sabit aliment müəyyən edib, o da məhkəmənin qətnaməsinə riayət edərək kəsilən alimenti vaxtı vaxtında ödəyir. Buna qane olmayan Tələbkar ona şər və böhtan olaraq 2021-ci il yanvar ayından sentyabr ayına kimi (9 ay) onun aliment ödəmədiyini iddia edir və 2.200 borcunun olduğunu bildirir. Həmin vaxt o, səhhəti ilə əlaqədar işləmədiyi üçün icraçı ona 170 manat aliment kəsmişdir. Həmin vaxt ödənişlər etmədiyi üçün 630 manat borc yaranmışdır. Daha sonra işə düzəlmiş, 600 manat maaş aldıqdan sonra ona 250 manat aliment müəyyən olunmuş və bildirmişlər ki, 50 manat da artıq ödəsin ki, 630 manat borcu qurtarsın. İcraçının xəbərdarlığından sonra ödədiyi alimentlərin qəbzlərini icra məmuruna göndərmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 312/2024nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10491 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan qəbzlərin tam təqdim edilmədiyi və iş materiallarında olan bank hesabından çıxarışda aparılmış ödənişlərin hansının Borclu tərəfindən ödənilmiş aliment məbləği olubolmamasını müəyyən etmək mümkün olmadığından hazırkı tədqiqat zamanı borcun müəyyən olunması mümkün olmamışdır.

8. Məhkəmə iclasında Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, tələbkarın dediyinə əsasən Borclu 2.200 manat borcu vardır. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-5/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-594/2023 nömrəli icra sənədi üzrə borcludan tələb olunan 2.200 manat borcun tələb edilməsi əsassız hesab edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Tələbkar öz hesablamasına əsasən müəyyən etdiyi məbləğ üzrə yığıldığı hesab etdiyi 2.200 manat borcun borcludan tələb edilməsi tələbkar tərəfindən əsaslandırılmamış, əksinə icra işinin materiallarında olan Nəsimi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda Borclu 650 manat borcunun olması müəyyən edilmiş, eyni zamanda tələbkarın Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı ərizəsində də borclunun 650 manat borcunun olması göstərilmişdir.

11. Göründüyü kimi, tələbkarın tələb etdiyi borc məbləği 2021-ci ilin yanvarsentyabr aylarını əhatə edir. Əgər həmin dövr üzrə borclunun 2.200 manat borcunun olduğu müəyyən edilmişdirsə, nəyə görə tələbkarın həmin dövrdə icra qurumuna müraciətində borc məbləğinin 2.200 manat deyil, 650 manat olmasının göstərilməsi səbəbi məlum deyildir. Bu da həmin məbləğin hazırda borcludan tələb edilməsinin əsassız olması qənaətinə gəlməyə əsas verir.

12. Odur ki, tələbkarın hazırda borcludan tələb etdiyi 2.200 manat yığılmış aliment borcunu tələb etməsi əsaslandırılmadığından, habelə iş materialları ilə aliment borcunun həmin dövr üzrə 650 manat olması müəyyən edildiyindən (həmin borcun olması borclu tərəfindən mübahisələndirilmir və hər ay əlavə 50 manat ödəniş edilməklə həmin borcdan silinmələr aparılır) hazırda borcludan tələb olunan 2.200 manat borcun silinməsini məhkəmə məqsədəmüvafiq hesab edir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

13. Tələbkar həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və tələbkarın ərizəsinin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, onun İcra Şöbəsinə yazdığı ərizədə borclunun 2.200 manat borcu olduğu bildirilmiş və tutularaq ona ödənilməsi xahiş edilmişdir. O, tələbkar kimi icra qurumuna müraciətində borc məbləğinin 2200 manat deyil, 650 manat olmasını göstərən heç bir ərizə yazmamışdır. Əgər belə bir məzmunlu ərizə varsa, həmin ərizədəki imzanın kim tərəfindən imzalandığını müəyyən etmək zərurətinin yaranmasını məhkəmə nəzərə almamış, onu xəbərdar etmədən keçirdiyi iclasında birtərəfli işə baxaraq borclunun əsassız sifarişini yerinə yetirməklə, ödənilməmiş 2.200 manat borcun mövcud olduğunu nəzərə almamaqla həmin borcun silinməsi barədə qərardad qəbul etməklə, ədalətli məhkəmə araşdırması aparmamaqla onun və aliment ödənilən 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud əlil övladının hüquqlarını pozmuşdur. Hesab edir ki, məhkəmənin qərardad çıxarmasına əsas tutaraq istinad etdiyi “borc məbləğinin 2.200 manat deyil, 650 manat olmasını göstərən” ərizənin kim tərəfindən yazıldığını və imzaladığını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi zəruridir. Lakin məhkəmə işə baxarkən qeyd olunan ərizəni və ərizədəki imzanın kim tərəfindən icra edildiyini xüsusi bilik tələb edən ekspert rəyi ilə müəyyən etmədən, borclunun deməsinə görə əsassız və ədalətsiz qərardad qəbul etməklə mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, Borclu ona ödəməli olduğu aliment borcunu tam ödədiyini heç bir sübutla təsdiq edə bilməmişdir. Məhkəmə tələbkarı xəbərdar etmədən məhkəmə iclası keçirərək qərardad qəbul etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəninin tələblərini pozmuşdur.

15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

17. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş, tələbkarın ərizəsinə yenidən baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi vacib hesab edir ki, ailə qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən borclar alimentin məhkəmənin qətnaməsi ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

23. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən icra məmuru bildirmişdir ki, tələbkarın dediyinə əsasən Borclu 2.200 manat borcu vardır.

24. Göründüyü kimi, məhkəmənin qətnaməsi üzrə tutulmalı olan borcun müəyyən edilməsi icra məmurunun vəzifəsi olsa da, icra məmuru yalnız tələbkarın ona bildirdiyinə əsaslanmış, özü icra sənədi üzrə borcun olub-olmadığını müəyyən etməmişdir.

25. Qanunvericiliyin tələbinə əsasən icra məmuru tərəfindən aliment üzrə borc müəyyən edildikdən sonra bununla razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

26. Bundan başqa, birinci instansiya məhkəməsi öz qərardadında tələbkarın Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı 650 manat aliment borcunun olması ilə bağlı ərizəsinə istinad etsə də, iş materiallarında belə ərizə mövcud deyil. Tələbkar da hazırki şikayətində belə ərizə yazmadığını bildirir. İşdə olan tələbkarın icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə 2021-ci il yanvar ayından sentyabr ayına kimi yığılan 2.200 manat aliment borcunun ödənilməsində köməklik göstərilməsi xahiş edilmişdir.

27. Nəhayət, tələbkar və borclu aliment borcunun 2021-ci ilin yanvar ayından sentyabr ayına kimi yarandığını bildirsələr də, birinci instansiya məhkəməsi öz qərardadı ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcludan tələb olunan 2.200 manat borcun tələb edilməsini əsassız hesab etmişdir. Halbuki, 2023-cü ilin icra sənədi üzrə borc həmin ildən sonra yarana bilər, 2021-ci ildə yarana bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-5/2025 nömrəli qərardadı ləğv edilsin. Borclu “aliment borcunun silinməsi” barədə ərizəsinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar