Məhkəmə qərarları › İş №8(103)-202/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-202/2021

16.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-202/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Tələbkar, Borclu X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-208/2021 nömrəli iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclu X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.09.2015-ci il tarixli, 2(001)- 8821/2015 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.09.2015-ci il tarixli, 2(001)-8821/2015 saylı qətnaməsi ilə ondan Tələbkar xeyrinə 18.500 manat məbləğində əsas borc və 17 oktyabr 2014-cü ildən 09 sentyabr 2015-ci ilədək olan müddət ərzində 18.500 manat məbləğin üzərindən illik 5% hesablanmaqla 829.92 manat məbləğində faiz borcu, cəmi 19.329.92 manat pulun tutulması qət edilmiş, bu vaxta kimi borcundan Tələbkar 6.700 manat onun tərəfindən ödənilmiş, 12.629 manat ödənilməmiş borcu qalmış, hər ay borc məbləğindən tələbkarın hesabına ödəniş edir, ayda 130 manat təqaüd alır, himayəsində 2-ci qrup anadangəlmə əlil qızı vardır, həyat yoldaşı 2-ci qrup əlil olmaqla hər ay 366 manat təqaüd alır, fərdi iş fəaliyyəti ilə məşğul olaraq, əlavə qazandığı pulun və təqaüdü hesabına, zəruri olduqda həyat yoldaşının maliyyə dəstəyi ilə hər ay tələbkara 300-350 manat ödəyə bilər, ona görə də məhkəmə qətnaməsinin hər ay 355 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qırardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-208/2021 nömrəli iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-208/2021 nömrəli qərardadından şikayət vərərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-208/2021 saylı 07 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu X3 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayətə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından da görünür ki, icra vərəqəsinin verildiyi tarixdən artıq 6 ilə yaxın müddət keçsə də, borclu həmin müddət ərzində borcunu ödəyib qurtarmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclu şəxs tərəfindən verilmiş şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Borclu X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-208/2021 nömrəli iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar