Məhkəmə qərarları › İş №8(103)-202/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-202/2022

20.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-202/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-115/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərardadından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xitam qərarı əsassızdır. Ona görə ki, qanuna əsasən icra işi o halda xitam olunur ki, tam icra olunsun. İcra şöbəsi tərəfindən heç bir sübuta əsaslanmadan bu qərar qəbul olunub. Qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi, icra işinin davam etdirilməsi üçün qərar qəbul edib və icra işinin icraya qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-115/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı şikayət verərək, onun ləğv edilməsini, şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini icra məmurunun qərarından verdiyi şikayətin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, borclu X1 Rayon Məhkəməsinin 2(003)- 3123/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 550 manat borcu qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-115/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 115/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməklə iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Əvvəla, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməz. İkincisi, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin mübahisələndirilən qərar ümumiyyətlə hər hansı bir formada əsaslandırılmamış, qərarda əsaslandırma kimi yalnız icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur göstərilmişdir. Ancaq birinci instansiya məhkəməsi icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməməsinə əhəmiyyət verməmişdir. Üçüncüsü, şikayətdə icra sənədi üzrə borcun tam ödənilməməsinə dair kifayət qədər dəlillər açıq-aşkar göstərilsə də, eləcə də borclu X2 Rayon Məhkəməsinin 2(003)- 3123/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 550 manat borcu qalması barədə dəlilləri araşdırmaq üçün birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin ona verdiyi prosessual imkanlarından istifadə etmək əvəzinə, əksinə özünün 8(003)-115/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28(003)-115/2022 saylı, 02 iyun 2022-ci il iltarixli qərardadı ləğv olunsun və Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar