Məhkəmə qərarları › İş №8(103)-203/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-203/2021

05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-203/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-107/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadından X10 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 “icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyinə dair” şikayətlə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16.02.2021-ci il tarixli 2(010)- 1720/2021 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu X8 Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolun tərtib edilməsinə və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə öhdəlik qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı rayon məhkəməsinin 16.02.2021-ci il tarixli 2(010)-1720/2021 saylı qərardadı ilə onun iddianın təmin tədbirinə dair ərizəsi təmin edilmiş, tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaqları 05.03.2015-ci il təvəllüdlü X14 və 16.08.2016-cı il təvəllüdlü X12 anası X10 ilə ünsiyyətinə maneələr yaratması cavabdeh X11 qadağan edilmişdir. O, icra sənədinin tələblərinin yerinə yetirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun hərəkətsizliyini qanunsuz hesab edir. O, bunu belə əsaslandırır ki, 23.02.2021-ci il tarixdə axşam saat 18:30-da borclu şəxs Suraxanı rayon İcra Hakimiyyətinin qarşısında olan parka uşaqları gətirmişdir. Axşam olduğunu və havanın soyuq olduğunu nəzərə alaraq tələbkar tərəfindən hər hansı restoranda uşaqlarla ünsiyyətin təmin edilməsi təklif olunmuşdur. Lakin, borclu buna etiraz edərək bildirmişdir ki, görüş parkda olacaq və 15 dəqiqədən sonra onlar evə getməlidir. Nəticə etibarı ilə icra şöbəsi tərəfindən borcluya uşaqlarının iradəsinə zidd olaraq onların borclu tərəfindən tələbkardan ayrılmasına, o cümlədən uşaqlarla normal ünsiyyətinin pozulmasına şərait yaradıldı. 24.02.2021-ci il tarixdən bugünə kimi sutka ərzində borclu tələbkarın çoxsaylı zənglərinə cavab vermir, cavab verildiyi halda da onunla uşaqlarının ünsiyyətinə maneə yaratmaq məqsədi ilə müxtəlif bəhanələr gətirir. O, uşaqlarının üzünə və səsinə həsrət qalmışdır. Bu barədə dəfələrlə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudova məlumat verilmişdir. Məhkəmənin qərardadı çıxarılandan sonra bir dəfə tələbkar uşaqlarını görmüşdür. O düşünür ki, uşaqları ona qərəzli şəkildə göstərmirlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-107/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı ilə X1 “icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyinə dair” şikayəti təmin edilməməmişdir. Həmin qərardaddan tələbkarın verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış icra sənədi üzrə digər tərəflər məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov tərəfindən 16.02.2021-ci il tarixli 2(010)-1720/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan iltizamdan müəyyən olunur ki, borclu X4 rayon İcra Şöbəsində iltizam yazaraq söz vermişdir ki, o, Suraxanı rayon məhkəməsinin 16.02.2021ci il tarixli 2(010)-1720/2021 saylı qərardadı əsasında verilmiş icra sənədi üzrə azyaşlı uşaqları - 05.03.2015-ci il təvəllüdlü X14 və 16.08.2016-cı il təvəllüdlü X16 anaları X10 ilə ünsiyyətinə maneə yaratmayacaqdır. Maneə yaratdığı təqdirdə əvvəlcə inzibati qaydada, daha sonra məhkəmə qərarını icra etmədiyinə görə Azərbycan Respublikası CM-nin 306cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Suraxanı rayon İcra şöbəsi tərəfindən 23.02.2021-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Suraxanı rayon məhkəməsinin 16.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar X17 azyaşlı uşaqları ilə Suraxanı qəsəbəsində yerləşən parkda iş üzrə tələbkarla görüşmüş və tələbkara uşaqları ilə ünsiyyətdə olmasına maneə yaratmamışdır. Aktda qeyd edilir ki, görüş başa çatdıqda azyaşlıların hər kisi anası ilə birlikdə evə getmək istədiklərini, atası ilə getmək istədiklərini bildirərək ağlamışlar. İş materiallarında olan “Güven” klinikasının arayışından müəyyən olunur ki, X20 24.02.2021-ci il tarixdə pediatrın müayinəsində olmuşdur. İş materiallarında olan “Güven” klinikasının 25.02.2021-ci il tarixli arayışından müəyyən olunur ki, X3 həkim müayinəsindən keçmiş və ona kəskin respirator xəstəlik diaqnozu qoyulmaqla müalicə təyin olunmuşdur. İş materiallarında olan borclunun axtarışı barədə 02.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Suraxanı rayon məhkəməsinin 01.03.2021-ci il tarixli 2(010)- 1720/2021 saylı icra sənədi üzrə borclu X8 yerinin müəyyən olmaması barədə məsələyə baxılaraq onun barəsində axtarış elan edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Suraxanı rayon məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadı ilə tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaqları 05.03.2015-ci il təvəllüdlü X14 və 16.08.2016-cı il təvəllüdlü X12 anası X10 ilə ünsiyyətinə maneələr yaratması cavabdeh X11 qadağan edilmişdir. İcra sənədi 22.02.2021-ci il tarixində icraata qəbul edilmişdir. 23.02.2021-ci il tarixində borclu X5 rayon İcra Şöbəsinin icra məmuru tərəfindən şöbəyə dəvət olunaraq ondan iltizam alınmış və borclu E.Cabbarov azyaşlı uşaqlarına tələbkarla görüşməsinə mane olmayacağını bildirmişdir. 23.02.2021-ci il tarixdə icra məmuru tərəfindən akt tərtib edilərək azyaşlı uşaqları ilə tələbkarın görüşməsi həyata keçirilmişdir. Növbəti dəfə tələbkarın azyaşlılarla görüşməsini təmin etmək üçün borclu ilə əlaqə saxlanıldıqda borclu telefon zənglərinə cavab verməmiş və zəngə cavab verdikdə azyaşlı uşaqlarının xəstə olduğunu bildirmişdir. Borclu uşağının xəstəliyi ilə bağlı İcra şöbəsinə 24.02.2021 və 25.02.2021-ci il tarixli arayış təqdim etmişdir. Suraxanı rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(010)-1720/2021 saylı icra sənədinə əsasən İcra məmuru tərəfindən borclu barəsində 02.03.2021-ci tarixində axtarış elan edilmişdir. Borclu telefon vasitəsilə əlaqə saxlayaraq azyaşlı uşaqları ilə Oğuz rayonunda yaşadığını icra məmuruna bildirmişdir. Göründüyü kimi icra məmuru icra sənədi üzrə lazımi icra hərəktlərini yerinə yetirmiş və tələbkarın şikayətində irəli sürdüyü mülahizələr əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Kollegiya həmçinin nəzərə alır ki, Suraxanı rayon məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadı ilə tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaqları 05.03.2015-ci il təvəllüdlü X14 və 16.08.2016-cı il təvəllüdlü X12 anası X10 ilə ünsiyyətinə maneələr yaratmasının cavabdeh X11 qadağan edilməsi barədə qərardad qəbul etdikdən sonra, həmin qərardada aydınlıq gətirib məhkəmənin 01 mart 2021-ci il tarixli qərardad ilə tərəflərin birgə nikahlarından anadan olmuş azyaşlı uşaqları 05.03.2015-ci il təvəllüdlü X9 və 16.08.2016-cı il təvəllüdlü X12 X7 həftənin 3 günü (cümə günü saat 09:00-dan baza günü 18:00-dək) iddiaçı Cabbarova Xumar qızının yaşadığı ünvanda qalmasına edilən maneələrin cavabdeh cavabdeh X11 və başqa şəxslərə qadağan edilməsi qərara alınmış və həmin qərardad icraya yönəldilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151,153,363-264,267, 268, 308 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-107/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar